Millət vəkili Etibar Əliyev Artur Şopenhauerin "Tərbiyə haqqında" əsərindən yazıb. Azadmedia.az sözügedən məqaləni təqdim edir:
Bizim intellektin təbii xüsusiyyətlərinə görə, anlayışlar əyani təsəvvürlərdən ayrılma yolu ilə yaranmalı, bununla yanaşı, təsəvvürlər anlayışlardan əvvəl gəlməlidirlər. Şəxsi təcrübəsi həm
müəllim, həm də kitab olan adam çox gözəl başa düşür ki, onun anlayışlarından hər birinə hansı əyani təsəvvür uyğun gəlir və onları əvəz edir: o, onlardan hər ikisini tamamilə aydın şəkildə dərk edir və qarşısında cərəyan edən bütün hadisələrlə bağlı düzgün nəzər nöqtəsinə malik olur. Belə bir yolu təbii tərbiyə adlandırmaq olar. Əksinə, süni tərbiyə zamanı təlqin etmə, öyrətmə və mütaliə yolu ilə əyanilik aləmi ilə geniş tanışlıqdan əvvəl anlayışları başa doldururlar. Təcrübə isə bu anlayışlar üçün əyani təsəvvürləri yalnız sonralar təşkil etməlidir: o vaxta qədər isə anlayışlar heç bir əsas olmadan tətbiq olunurlar; nəsnələr və insanlar haqqında yalançı mülahizə, yalançı baxış, onlarla yalançı rəftar formalaşır. Beləliklə, tərbiyə başları korlayır və bunun nəticəsində gənc yaşlarında biz uzun sürən təlimdən və mütaliədən sonra dünyaya müəyyən qədər sadəlövh, müəyyən qədər karıxmış halda qədəm basırıq və özümüzü qorxaqcasına və təşəxxüslə aparırıq; çünki başlarımız indi tətbiq etmək istədiyimiz və demək olar ki, heç zaman düzgün tətbiq etmədiyimiz anlayışlarla doludur. Bu, sonrakını əvvəlkinin yerində işlətməyin nəticəsidir; bunun sayəsində biz əqli inkişafın təbii gedişatının əksinə olaraq əvvəlcə anlayışları, yalnız sonra əyani
təsəvvürləri əldə edirik; bununla bərabər, tərbiyəçilər oğlan uşağında müstəqil şəkildə dərk etmək, mühakimə yürütmək və düşünmək qabiliyyətini inkişaf etdirmək əvəzinə onun başını yad və hazır fikirlərlə doldurmağa çalışırlar. Sonralar davamlı təcrübə anlayışların əsassız tətbiqi nəticəsində yaranmış bütün bu mülahizələri təshih etməyə məcbur olar. Lakin bunu tamamilə həyata keçirməyə çox nadir hallarda nail olmaq mümkündür. Məhz buna görə, yalnız azsaylı alimlər heç də alim olmayan adamlarda tez-tez təsadüf olunan sağlam insan düşüncəsinə malik olurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.