AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev ideyaları ilə yüksələn Azərbaycanı dünya həm də qalib dövlət kimi tanıyır

  • + A
  • - A
  • Bu gün, 10:11

    Heydər Əliyev ideyaları ilə yüksələn Azərbaycanı dünya həm də qalib dövlət kimi tanıyır

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçilməsinin 32-ci ili tamam olur. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Heydər Əliyevə olan ümummilli etimadın və inamın möhtəşəm təntənəsinə çevrildi. Məhz bu seçkidən sonra respublikamızın taleyində və tarixində tamamilə yeni dövr başladı. Bu gün regionun lideri və qalib dövləti olan Azərbaycanın bütün uğurlarının təməli məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlaması ilə qoyuldu.
    Müstəqilliyimizin ilk illərində respublikada baş verən proseslər xatirimizdədir. Hakimiyyətdə bir-birini əvəz edən siyasi qrupların səbatsızlıqları, məsuliyyətlərini dərk etməmələri dərin siyasi və sosial-iqtisadi böhrana səbəb olmuş, xaosa, anarxiyaya yol açmışdı. Bütün bunların fonunda separatçı meyillərin baş qaldırması, Ermənistanın işğalçılıq planlarını genişləndirməsi Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü il iyun ayının əvvəllərində Gəncə şəhərində baş verən faciəli hadisələr, qardaş qanının axıdılması artıq respublikamızdakı siyasi və hərbi böhranın pik həddə çatması idi.
    Siyasi-hərbi böhran və Azərbaycanın bir dövlət kimi gələcəyinin sual altına düşməsi ondan xəbər verirdi ki, respublikanı bu ağır vəziyyətdən yalnız xalqın inandığı, güclü və qətiyyətli siyasi lider xilas edə bilər. Həmin lider isə o zaman Naxçıvan Ali Məclisinin Sədri olan görkəmli dövlət xadimi Heydər Əliyev idi. Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız tarixi inkişaf yolu keçmiş, o zamanlar ittifaqın ən qabaqcıl üzvləri sırasına yüksəlmişdi. Ulu Öndər Kremldə çalışdığı illərdə də Azərbaycanın uğurları üçün əlindən gələni etmişdi. 90-cı illərin əvvəllərində isə Heydər Əliyev Naxçıvanı işğaldan qorudu. Təbii ki, o zaman Azərbaycan xalqı bütün bunları görür, dəyərləndirir və müstəqilliyini yenicə qazanmış dövlətimizə məhz Ulu Öndərin rəhbərlik etməsini arzulayırdı. Hələ 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunması Heydər Əliyevə olan inamın təcəssümü idi.
    Ağır və mürəkkəb proseslərin cərəyan etdiyi 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli istəyi ilə Bakıya gəlməsi tarixin gərdişini dəyişdi. Dahi şəxsiyyətin gəlişi ilə qardaş qırğınının böyüməsinin, hərbi böhranın qarşısı alındı. Ulu Öndər özünün xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı çıxan bütün antimilli qüvvələrin planlarını iflasa uğratdı. Azərbaycan müstəqilliyini yenidən itirmək, Xalq Cümhuriyyətinin taleyini yaşamaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Buna görə də Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub.
    1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri isə Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, dövlətimizi yüksəlişə aparan siyasi yolun mühüm mərhələsidir. Əvvəlcə onu qeyd edim ki, bu seçki müstəqlliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik seçki və xalqımızın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürü oldu. Bu seçkidə seçicilərin 98.84 faizinin öz səsini Heydər Əliyevə verməsi Ulu Öndərə olan ümummilli etimadın mühüm göstəricisinə çevrildi.
    Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi dövlətimiz qarşısında duran taleyüklü vəzifələrin həyata keçirilməsi üçün tarixi siyasi-iqtisadi şərait formalaşdırdı. Belə ki, məhz bundan sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı və Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
    Ulu Öndərin dövlət və xalq qarşısında tarixi xidmətlərindən biri də ordu quruculuğu oldu. Heydər Əliyevin təcrübəsi əsasında müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, işğalçı Ermənistanın hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu 1993-cü ilin payızından başlayaraq nəinki Ermənistanın genişlənən hücumlarının qarşısını aldı, o cümlədən bir sıra istiqamətlərdə ərazilərimizi işğaldan azad etdi.
    Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə hüquqi dövlət quruculuğu həyata keçirildi, Azərbaycan Konstitusiyası qəbul edildi. Hüquqi islahatların nəticəsi kimi bu sahədə fəaliyyət göstərən dövlət orqanları yenidən formalaşdırıldı, ədalət mühakiməsini həyata keçirən məhkəmələr müasir meyarlar əsasında yenidən təşkil olundu. Heydər Əliyevin sayəsində 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması respublikamızın iqtisadi inkişafının əsas hadisələrindən birinə çevrildi. Ulu Öndərin başlatdığı iqtisadi, sosial və aqrar islahatların effektiv şəkildə həyata keçirilməsi qeyd olunan sahələrdə uğurların əldə olunması, respublikamızın ardıcıl inkişaf yoluna qədəm qoyması və dünya birliyində özünə layiqli yer tutması ilə nəticələndi.
    Beləliklə, müasir Azərbaycan dövlətinin banisinə çevrilən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 10 il tariximizə yüksəliş dövrü kimi yazıldı. Ulu Öndər güclü dövlət yaratdı, müstəqilliyimizin əbədi olmasını təmin etdi.
    Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və inkişaf edir. Möhtərəm Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu siyasət Azərbaycanı regionun lider dövlətinə, qlobal səviyyədə söz sahibinə çevirib. Azərbaycanın dinamik inkişafı, həyata keçirilən layihələr, respublikamızın modernləşməsi, əhalinin sosial rifahının yüksəlməsi Ulu Öndərin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmasının nəticəsidir. Azərbaycan həm də dünyanı düşündürən problemlərin həllində fəal iştirak edən, qlobal enerji müzakirələrində aparıcı mövqeyi olan bir dövlətdir.
    Ulu Öndər Heydər Əliyev hələ sovet illərində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına imkan verməmişdi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Heydər Əliyev özünün siyasi müdrikliyi ilə Qarabağ probleminin məhz respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən siyasi formulun və danışıqlar prosesinin formalaşdırılmasına nail oldu, Ermənistanın maraqlarına xidmət edən bütün təzyiqləri qətiyyətlə dəf etdi.
    Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq artıq torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa olunub. Beləliklə, Heydər Əliyevin qoruduğu və yenidən qurduğu Azərbaycan bu gün dünyada həm də qalib dövlət kimi tanınır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR