“Gürcü arzusu” çin oldu, Saakaşvili qayıdacaqmı? - Siyasi zəngulə...
Seçki gecəsi Gürcüstanda insidentsiz ötüşüb. Marneulidə baş verən bir neçə saatlıq qarşıdurma nəzərə alınmasa, ölkədə sabitlik olub.
Cahan.info Gürcüstan KİV-nə istinadən xəbər verir ki, səhərə yaxın Laqodexidə atəş səsləri eşidilib. “Rustavi -2” telekanalının xəbərinə görə, müxalifətin yerli qərargahının yaxınlığında odlu silahdan havaya bir neçə dəfə atəş açılıb.
Həmin vaxt qərargahda qələbəlik olub. Az sonra polis həmin şəxsi saxlayıb və fakt üzrə cinayət işi başlanıb.Artıq iqtidar qələbəsini bayram edir. Müxalifət isə növbəti addımların müzakirəsinə başlayıb.
Bu gün saat 18-də Qriqol Vaşadze Tiflis filarmoniyasının binasında tərəfdarları ilə görüşərək seçkinin nəticələrini dəyərləndirəcək. Mitinqlərin başlanması, yoxsa, erkən parlament seçkisinin tələb edilməsi qərarının həmin məclisdə veriləcəyi gözlənilir.
Eks-prezident Mixeil Saakaşvili ötən gündən başlayaraq bir neçə dəfə videomüraciət yayıb. O, seçkinin nəticələrini tanımadığını və təcili ölkəyə gəlməli olduğunu bildirib.
Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində verilən səslərin 100%-ni hesablayıb.
Salome Zurabişvili 59,52% səs toplayaraq ölkə tarixinin ilk qadın prezidenti seçilib. Onun rəqibi Qriqol Vaşadze isə 40,48% səslə ikinci yerdə qərarlaşıb.
Seçicilərin 1,14 milyonu Zurabişviliyə, 778 min nəfəri isə Vaşadzeyə səs verib. Seçici fəallığı 56,23% olub.
Salome Zurabişvili seçicilərə təşəkkür edib: “Bizim seçim - bərabərhüquqlu vətəndaşları olan azad Gürcüstandır.
Mənim seçimim cəmiyyətin mənə səs verməmiş hissəsi ilə dialoqdur. Biz hamımız kiçik bir dövlətin vətəndaşlarıyıq. Birləşməyimiz üçün nə lazımdır onu edəcəyəm”.
Zurabişvili qalibdir. Rəqəmlər bunu təsdiq edir. Saakaşvili ha mitinq çağırsın, ha seçkini tanımasın, ha dünyaya meydan oxusun, fərq etməz. Nəticə budur.
Dünya şöhrətli Labanovski bir zamanlar deyirdi ki, 20-30 ildən sonra bir adam “filan komanda baxımlı oyun oynayırdı, amma uduzdu” – söyləməyəcək. Hamı statistikaya baxacaq: udub, ya uduzub. Saakaşvili də elə. Cəsurluq bir yerə qədər.
Doğru məntiq bütün abstrakt rasionallığı, dağ boyda emosiya və çılğınlığı bir kibrit qutusuna yığacaq qədər böyük gücə sahib. İndi qışqıranlar deyil, səsini qoruyanlar qalib olur.
5 zənguləni lazımsız yerdə vuranlar 1 duzgün-texniki zənguləyə uduzudlar. Tamaşada bütün alqış aktyorlara gəlir. Amma əsl qəhrəman pərdə arxasındakı rejissordur.
Saakaşvili gürcü xalqı üçün misilsiz, həmişəyaşar bir demokratiya yolu açıb. O yola hətta rus xətti belə “xəyanət” edə bilmir.
Hakimi mütləq dəyişir, sistem dəyişmir. Fəqət, paralel xətdə “zəmanənin ahəngi” deyilən bir şey var: Pul var, rəqib var, güc var. Hesablaşmalısan!
Salome Zurabişvili 18 mart 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində dünyaya gəlib. Onun babası 1918-20-ci illərdə mövcud olmuş Gürcüstan Respublikasının birinci hökumətinin tərkibində olub.
Sovet Rusiyasının Gürcüstanı işğal etməsindən sonra Fransaya mühacirət edib. Salome Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib.
İki dəfə ərdə olub. İkinci həyat yoldaşı gürcü filosofu, tarixçi və publisist Anri Caşiya 2012-ci ildə vəfat edib. İran-gürcü mənşəli Nikoloz Ququşvili ilə olan birinci nigahından iki övladı var - oğlu Teymuraz və qızı Ketevan.
Teymuraz Nyu-Yorkda yaşayır və BMT-nin missiyasında çalışır. Ketevan isə Fransa tv-lərində idman verilişlərinin aparıcısıdır.
Zurabişvili 1974-77-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin 3-cü katibi işləyib. 1974-2004-cü illərdə Fransa XİN sistemində çalışıb. 1977-80-ci illərdə Fransanın BMT-dəki nümayəndəsi olub.
1980-84-cü illərdə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib. 1984-88-ci illərdə Fransanın ABŞ-dakı səfirliyinin 3-cü katibi olub. 1988-89-cu illərdə ATƏT-in Avstriyadakı nümayəndəsi kimi çalışıb.
1990-93-cü illərdə Fransanın Çaddakı səfirliyində işləyib, 1993-96-cı ilərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi olub. 1996-2003-cü illərdə Fransa XİN-inin strateji şöbəsində işləyib.
2003-2004-cü illərdə Zurabişvili Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildən 2005-ci ilə qədər prezident Saakaşvilinin təklifi ilə Gürcüstanın xarici işlər naziri postunu tutub. Sonradan fikir ayrılığına görə, vəzifədən gedib.
Rus ordusunun Gürcüstandan çıxarılması prosesinə rəhbərlik edib. 2005-ci ilin noyabrında Zurabişvili müxalifətçi “Gürcüstan yolu” partiyasını yaradıb.
O, 2007-2009-cu illərdə prezident Saakaşviliyə qarşı etiraz aksiyalarında fəal iştirak edib. 2010-cu ilin noyabrında siyasətdən getdiyini bəyan edib.
2010-2015-ci illərdə Salome Zurabişvili BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar məsələləri üzrə komissiyasında çalışıb.
2013-cü ildə Gürcüstandakı prezident seçkilərində namizəd olmaq istəsə də MSK onu ikili vətəndaşlığına görə qeydə almayıb.
2016-ci ilin oktyabrında Zurabişvili gürcü parlamentinin deputatı seçilib. 2018-ci ilin avqustunda o, seçkidə namizəd olmaq istədiyini açıqlayıb.
Bunun üçün Salome Fransa vətəndaşlığından imtina edib. Seçkinin birinci turunda 38, 64 faiz səs toplayaraq ikinci tura keçib.Zurabişvili Fransanın yüksək mükafatı olan “Legion” ordeni ilə təltif olunub.