AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-İran müharibəsi supertankerlərə tələbi rekord həddə çatdırıb

  • + A
  • - A
  • Bu gün, 20:42

    ABŞ-İran müharibəsi supertankerlərə tələbi rekord həddə çatdırıb


    ABŞ və İran arasında müharibə qlobal neft daşımalarının marşrutlarını dəyişdirib. Bu isə iri neft tankerlərinə – supertankerlərə tələbin kəskin artmasına səbəb olub.
    “Reuters”in məlumatına görə, gəmi sahibləri 2026-cı ilin əvvəlindən indiyədək 217 VLCC – yəni çox böyük xam neft daşıyan tanker sifariş ediblər. Bu rəqəm ötən il ərzində verilmiş 93 sifarişdən iki dəfədən çoxdur.

    Digər tərəfdən, “Allied Shipbroking” şirkəti bu il 164 belə tanker üçün sifariş qeydə alıb. Ümumilikdə sifarişlərin dəyəri 20 milyard dolları ötüb. Bu, ən azı son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

    Bir VLCC tankeri təxminən 2 milyon barrel neft daşıya bilir.
    Analitiklər bildirirlər ki, tanker sifarişlərinin artması neftin daha uzun məsafələrə daşınacağı ilə bağlı gözləntilərlə əlaqəlidir. Xüsusilə Avropa və Asiya ölkələri Yaxın Şərq neftindən asılılığı azaltmaq və tədarük mənbələrini şaxələndirmək istəyirlər.
    Bu prosesdə Hörmüz boğazındakı vəziyyət xüsusi rol oynayır. Müharibədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu marşrutdan keçirdi. Boğazdan keçidin faktiki dayanması isə Avropa və Asiyadakı neft emalı zavodlarını alternativ xammal mənbələri axtarmağa məcbur edib.

    ABŞ-ın neft ixracı da rekord həddə çatıb. Atlantik hövzəsində yerləşən digər neft istehsalçıları da tədarükü artırırlar.
    “Vortexa” analitik şirkətinin hesablamalarına görə, Braziliya, Qayana və Argentina 2030-cu ilədək ümumi neft hasilatını sutkada təxminən 2,5 milyon barrel artıra bilər. Bu neftin əhəmiyyətli hissəsinin Avropa və Asiya bazarlarına yönəldilməsi gözlənilir.

    Tankerlərə tələbi artıran digər amil isə Fars körfəzindən çıxarılan neftin Oman körfəzində daha iri gəmilərə yüklənməsidir. Gəmi sahibləri İran tərəfindən hücum təhlükəsi səbəbindən tankerləri Hörmüz boğazından keçirməyə ehtiyat edirlər.

    Nəticədə Yaxın Şərqdəki bəzi neft istehsalçıları öz tanker donanmalarını formalaşdırmağa başlayıblar.
    Beləliklə, ABŞ-İran müharibəsi yalnız enerji bazarlarında deyil, qlobal neft daşımaları sektorunda da yeni vəziyyət yaradıb. Neft marşrutlarının uzanması və alternativ tədarük mənbələrinə yönəlmənin artması iri tanker donanmasına ehtiyacı daha da gücləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR