Ermənistan Xarici İşlər Nazirliyində gərgin vəziyyət hökm sürür. “Hraparak” nəşri Ermənistan XİN-də azad düşünən diplomatların uzaqlaşdırılması prosesinin davam etdirildiyini yazır. Nəşr bildirir ki, bu qəbildən olan diplomatların “Facebook” hesabı hökumət tərəfindən diqqətlə araşdırılır. Əgər partiya əleyhinə yazılan postda şərh və ya layk görülsə, diplomatlar yalnız xaricdə işləmək hüququndan deyil, karyera perspektivindən də məhrum olurlar. Nəşrin iddiasına görə, XİN öz əməkdaşlarına səbr etməyi və yeni nazirin təyinatını gözləməyi məsləhət görürlər. “Hraparak” nazirlik daxilində qalmaqalın olacağını da yazıb.
Vurğulanıb ki, iyulun birinə qədər xaricdə yeni iş yerlərinə getməli olan onlarla erməni diplomatın bu ölkələrə göndərilməsi təxirə salınıb. Buna səbəb həmin diplomatların Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan tərəfindən təyin olunmasıdır. Xatırladaq ki, mayın 27-də xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan Nikol Paşinyanın Azərbaycanla təmas xəttində vəziyyətin deskalasiyası barədə planını açıqlayandan sonra istefa verib. Bundan sonra erməni mətbuatı XİN-də gözlənilən kütləvi istefalardan yazmağa başlayıb. Daha sonra xarici işlər nazirinin dörd müavini də istefa ərizəsi yazıb. Hazırda Ermənistan hakimiyyət dairələrində xarici işlər naziri və onun müavinləri vəzifəsinə namizədlərin fəal axtarışı gedir. Seçim baş nazirin müavininin səlahiyyətlərini icra edən Mger Qriqoryanın üzərindədir.
Qeyd olunur ki, Qriqoryanın namizədliyi Rusiya tərəfindən qəbulediləndir. Görünən odur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil. Bundan bir müddət öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə ittiham edib. O bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb: “Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya, minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu”. Qriqoryanın sözlərinə görə, Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini əngəlləyib. O hesab edir ki, sabiq nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və o, yalnız Paşinyanın siyasi komandası üçün problemlər yaratmaq məqsədi güdüb.
Ermənistan XİN-də baş verənləri “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, erməni cəmiyyətində narahatlıq doğuran amillərdən biri də Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra vədlərinə əməl etməməsi ilə bağlıdır. Analitik deyib ki, Paşinyan hökumət başçısı olarkən Konstitusiya Məhkəməsini və ölkənin məhkəmə hakimiyyətini linç etmək və siyasi qərarların piyon halına gətirilməsi üçün əlindən gələni etdi. Ardınca isə müxalif şəxslərə qarşı çox ciddi total təzyiqlərə başladı. Siyasi məhbusların sayı çoxaldı. Bütün bunlardan sonra Paşinyan ona qarşı tənqidçi mövqedə dayanan hər kəsi sıradan çıxarmağa çalışdı:
“İlk addımlarını hərbi komandanlıq və generalitet müstəvisində atdı. Ordunun içində anti-Paşinyan koalisiyasına daxil olan müxalif fikirli hərbçiləri “zərərsizləşdirdi”. Daha sonra isə ölkənin diplomatik korpusuna qarşı hücuma keçdi. Əslində sabiq nazir Ara Ayvazyan və onunla birlikdə təyin olunan diplomatlar xaricdəki erməni lobbisinin göstərişi ilə Paşinyan tərəfindən təyin olunmuşdular.
Ancaq Nikol Paşinyan o qədər avtoritar və diktator düşüncəli adamdır ki, istənilən tənqidə qarşı dərhal dözümsüzlük nümayiş etdirə bilir. Bu baxımdan Ermənistanda XİN nümayəndələrinin, səfir və konsulların təqibinə start verilib. Hazırda Ermənistanda təkcə hərbi sahədə deyil, diplomatiya sahəsində də ciddi kadr çatışmazlığı var”.
T.İsmayılov vurğulayıb ki, ölkənin biabırçı məğlubiyyət kapitulyasiyasından sonra bir çox erməni diplomat və siyasətçi Paşinyan komandasında işləməkdən imtina edib:
“Paşinyan məcbur qaldığı üçün güvənmədiyi adamları konsul təyin etməyə başlayıb. Amma o adamların gələcəkdə Paşinyana qarşı hansı addımları atacağı ilə bağlı bəri başdan proqnoz vermək mümkün deyil.
Düşünürəm ki, Ermənistanda xarici siyasət və ordu sahəsində hərcmərclik uzun müddət davam edəcək. Bir çox ölkələrdə Ermənistan səfirliklərinin boş qaldığını xeyli vaxt müşahidə edəcəyik”.