Məşhur Məmmədov
Milli Məclisin VI çağırış deputatıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak edir.
“ŞƏT plus” formatında keçirilən görüşlər, Azərbaycan üçün yeni diplomatik əlaqələr qurmaq və mövcud əlaqələri daha da gücləndirmək üçün platforma yaradır. Bu, beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirə bilər.
Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub.
Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür.
Heydər Əliyev Fondu da Azərbaycan və Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir. 2023-cü ilin aprel ayında Pekində Fondun vitse-prezidenti Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayırsan” poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib. Bu nəşr, Çin və Azərbaycan arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsidir.
“Şanxay Əməkdaşlıq Təşkilatı plus” formatında keçirilən görüşlər Azərbaycan üçün bir sıra perspektivlər və imkanlar yarada bilər.
Qloballaşan dünyada gedən proseslərdə təkcə Cinlə deyil, ŞƏT ölkələri ilə iqtisadi əlaqələrin inkişafı, ticarət həcminin artması və birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivləri yaranır. Bu, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və yeni bazarlara çıxışı üçün imkanlar açır.
Yerləşdiyi məkan və qonşu dövlətlərdəki vəziyyət Azərbaycana bir sıra üstünlüklər verir. Strateji mövqeyi sayəsində ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mühüm rol oynayır. ŞƏT ölkələri ilə əməkdaşlıq bu dəhlizlərin effektivliyini artırmaq və yeni nəqliyyat marşrutları yaratmaq üçün əlverişli şərait yaradır.
Bunlarla yanaşı Azərbaycan, enerji resurslarına sahib bir ölkə olaraq, ŞƏT ölkələri ilə enerji sahəsində əməkdaşlıq edə bilər. Bu, həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Sabitliyi olan dövlətlər sərmayə qoyuluşu üçün hər zaman cəlbedici olub. ŞƏT-in əsas məqsədlərindən biri üzv ölkələr arasında təhlükəsizlik və sabitliyi təmin etməkdir. Bu formatda əməkdaşlıq, Azərbaycan üçün regional təhlükəsizlik məsələlərində daha güclü bir mövqeyə sahib olmaq və beynəlxalq terrorizm, ekstremizm və narkotik ticarəti ilə mübarizə aparmaq üçün imkanlar yaradır.
ŞƏT ölkələri ilə mədəni və humanitar sahədə əməkdaşlıq, xalqlar arasında dostluq əlaqələrini gücləndirə və mədəniyyətlərarası dialoqu təşviq edə bilər. Bu, turizm və təhsil sahələrində də əməkdaşlığı artırmaq üçün yaxşı bir imkan yaradır.
İnanıram ki, “ŞƏT plus” formatında keçirilən görüşlər, Azərbaycanın regional və beynəlxalq səviyyədə öz maraqlarını qorumaq və inkişaf etdirmək üçün mühüm bir vasitə olacaq.