“Analiz aparmadan, heç bir əsaslandırma etmədən sərt karantin rejimini uzatmaq məntiqsizlikdir”
Məhəmməd Əsədullazadə: “Sərt karantin tədbirlərini yumşaltmaq lazımdır”
Natiq Cəfərli: “Bu il ərzində Azərbaycan iqtisadiyyatının böyük şoklar yaşayacağı ilə bağlı fikirlər söyləmək mümkündür”
Radioloq həkim Aydın Əliyev: “Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb, aidiyyatlı qurumlar bu pulu hara və nəyə xərcləyir?”
“COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində bildirib ki, xüsusi karantin rejiminin uzadılması müzakirə mövzusudur. Onun sözlərinə görə, təkliflər var ki, 5 iyuldan sonra karantin rejimi iki həftəlik uzadılsın: “Bu barədə ictimaiyyətə məlumat veriləcək. Nəzərə alaq ki, biz bu riskdən xilas olmamışıq. Xüsusi karantin rejiminin tətbiqi ilə yanaşı, evdə müalicə ilə bağlı xüsusi paketlər hazırlanır. Hər bir məsələdə olduğu kimi burada da xalq və dövlət birliyi ən ümdə prinsiplərdən olmalıdır. Vətəndaşlar dövlət tərəfindən verilən tövsiyələrə riayət edilməlidir. Dövlətin siyasətinin kökündə vətəndaşların sağlamlığının qorunması dayanır. Müəyyən istisnalar var ki, bizi yorur, ürək açmayan tendensiyalara səbəb olur. Dünyanın hər yerində koronavirus təhlükəsi aradan qalxmayınca biz bundan tam sığortalandığımızı deyə bilməyəcəyik. Dövlətlər tərəfindən müəyyən karantin tədbirləri görülür, sonra açılmalar olur və açılmalardan sonra artım müşahidə edilir. Sonradan yenidən karantin rejimləri tətbiq olunur. Bu tendensiyanı bu gün biz Avropa ölkələrində də görə bilərik”.
Prezidentin köməkçisi əlavə edib ki, koronavirus müharibəsi hər bir vətəndaş qarşısında böyük məsuliyyət qoyur: “Dövlətin gördüyü tədbirlərdə, qəbul olunan qərarlarda əsas məqsəd vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır. Sevindirici hal ondan ibarətdir ki, bu gün Azərbaycanda ölüm miqyası bir o qədər də çox deyil. Lakin biz bu riskdən heç də tam şəkildə sığortalanmamışıq. Bu təhlükə hələ də davam etməkdədir. Dünyada koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyəti təşkilatlar tərəfindən verilən məlumatlara əsasən, dünya miqyasında koronavirusa yoluxan insanların sayı 10 milyonu ötüb. Ölənlərin sayı isə artıq 500 mindən çoxdur. Son onilliklər ərzində dünyada bu qəbildən pandemiya olmayıb. Ən böyük çətinlik də ondan ibarətdir ki, qarşıda bütün dünya dövlətlərini qeyri-müəyyənlik gözləyir. Koronavirus yalnız səhiyyə, sağlamlıq problemi kimi qəbul edilməməlidir. Koronavirus dünyada çox böyük sosial, iqtisadi, humanitar fəsadlara yol açır”.
“Xalqın hər gün aşağıladığı və hörmət etmədiyi şəxsləri efirə çıxarıb koronadan danışdıranda, əlbəttə vətəndaş inanmayacaq və alay edəcək”
Qeyd edək ki, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bunun əksinə hesab edir ki, ölkədə koronavirus epidemiyasına qarşı mübarizədə sərt karantin tədbirlərini yumşaltmaq lazımdır: “Vətəndaşlar artıq təhlükənin real olduğunu görüb qaydalara əməl edəcək. Bundan sonra yoluxmalarda azalma olacaq. Vətəndaşın üzərinə getdikcə epidemiyanın oyun olduğunu düşünür və epidemioloji qaydalara əməl etmir. Qapalı yerlərdə ciddi qaydalar tətbiq edilsin. Dövlət üzərinə düşdüyü öhdəlikləri – tibbi maska, apteklərdə dərmanın əl çatan olmasını təmin etməlidir. Hazırda apteklərdə tibbi spirt və maskalar var. Dərmanlarla bağlı problemlərin olduğu qeyd edilir. Bu qədər polis və daxili qoşunun hərbçiləri, həkimlər ayaq üstə. Amma vətəndaş inanmır”. Politoloqun sözlərinə görə, televiziyalarda maarifləndirmə verilişlərinə geniş yer verilməlidir: “Televiziyalarda zövqsüz əyləncə, musiqili şou proqramlarının əvəzinə COVID-19-la bağlı verilişlər hazırlanmalıdır, vətəndaş cəmiyyətinin hörmətli şəxsləri danışmalıdır. Yoxsa, xalqın hər gün aşağıladığı və hörmət etmədiyi şəxsləri efirə çıxardıb koronadan danışdıranda, əlbəttə vətəndaş inanmayacaq və alay edəcək”.
“Bu gün Azərbaycanda kiçik və orta sahibkarlıq can verir”
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə “Hürriyyət”ə açıqlamasında bildirdi ki, hazırda bir sıra mühüm suallar var və müvafiq qurumlar mütləq onları cavablandırmalıdır: “Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə rəy var. Maraqlı olan odur ki, bu, kimin, hansı mütəxəssislərin rəyidir? Hansı modellər üzərində iş aparılıb? Bu modellər qurularkən hansı məsələlər önə çəkilib? İqtisadi və sosial məsələlər haqqında düşünən olubmu? Təəssüf ki, bu sulların cavabı yoxdur. Bu isə insanlar tərəfindən heç də xoş qarşılanmır. Çünki iyun ayının əvvəlində iki həftə ərzində 4 günlük çox sərt karantin tədbirləri tətbiq olundu. Hətta aptekləri və ərzaq dükanlarını da bağladılar. Dünyada bunun analoqu da yoxdur. Bunun nəticəsi hanı? Nəticəsi yoxdur. Halbuki tətbiq olunan 4 günlük sərt karantin rejimi yoluxmalarda kəskin azalmalara səbəb olmalı idi. Bunun da hesabına xəstəxanaların boşaldılması təmin edilməli idi. Lakin tətbiq olunan sərt karantin rejimi effekt vermədi. Bunun analizi, araşdırması isə yoxdur”.
Karantin rejiminin tətbiq olunmasına baxmayaraq, hələ də koronavirusa yoluxmada azalmanın olmadığını, əksinə artımın müşahidə olunduğunu deyən Natiq Cəfərlinin sözlərinə görə, demək, bunun effekti yoxdur, ya da bu addımların tətbiqində problemlər var: “Ona görə də belə bir modelləşmə, analiz aparmadan, heç bir əsaslandırma etmədən sərt karantin rejimini uzatmaq məntiqsizlikdir. Yəni bunun elmi araşdırması olmalıdır. Onu da qeyd edim ki, hazırda vətəndaşların və biznesin vəziyyəti çox ağırdır. Bildiyiniz kimi, cəmi 600 min insana 190 manat ödəniş edildi, sonra iyun ayında artırıldı. Lakin bu dəfə bu, ancaq sərt karantin rejimi tətbiq olunan bölgələrə şamil edildi. Halbuki hamıya şamil edilsə, daha məntiqli olardı. Odur ki, burda qənaət etməyin yeri yox idi. Bu gün Azərbaycanda kiçik və orta sahibkarlıq can verir. Gün ərzində bəlkə də 50-60 məktub, zənglər alıram. Onların vəziyyətləri çox ağırdır. Belə ki, onların icarə, kredit problemləri həll olunmadı. Özlərinin və ailələrinin dolanışığı çox aşağı düşüb. Əməkdaşlarını işdən çıxarmaq məcburiyyətində qalıblar, maaşları, hətta kommunal xərcləri ödəyə bilmirlər. Məgər, hökumət bu problemləri görmür? Mayın sonunda bizneslə bağlı paket, tətbiq olunan cüzi güzəştlər sona çatıb. Lakin bununla bağlı heç bir addım atılmır, bu məsələlərin müzakirəsi belə, yoxdur. Deyəsən, Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın nə qədər vacib amil olduğunu anlamır. Kiçik və orta sahibkarlıq ölkədə yüz minlərlə iş yeri yaradan, orta sinfin formalaşmasında xidməti olan sahədir. Bunlar sıradan çıxdıqdan sonra iqtisadiyyatın çarxları yenidən necə dönəcək? Bu qədər işsizlərlə bağlı hansı addımlar atılacaq? Təəssüf ki, bütün bu sualların cavabı yoxdur”.
“Cəzaların sərtləşdirilməsi mənasız addımdır, çünki tək cəzaları sərtləşdirməklə problemin həlli mümkün deyil”
İqtisadçı ekspert hesab edir ki, sabah bütün sahələrin çalışmasına icazə verilsə belə, artıq onlar əvvəlki qaydada işləyə bilməyəcəklər: “Çünki insanların prioritetləri, davranış qaydaları dəyişib, maddi vəziyyətləri ağırlaşıb, xərcləmək üçün əlavə vəsaitləri azalıb. Çünki hazırda hamı ərzaq və dərmana pul xərcləyir. Odur ki, sabah bütün sahələrin fəaliyyətinə icazə verilsə belə, vətəndaşın pulu olmadığı halda kiçik və orta sahibkarlıq bu vəziyyətdən necə çıxacaq?! Bu və bunabənzər çoxsaylı suallar var və hökumət mütləq bunları cavablandırmalı, kiçik və orta sahibkarlarla görüşlər keçirməli idi. Lakin belə bir modelləşmə, münasibət yoxdur. Bu isə Azərbaycan iqtisadiyyatında çox dərin yaralar açır, ciddi problemlər yaradır. Buna görə də çox təəssüf ki, bu il ərzində Azərbaycan iqtisadiyyatının böyük şoklar yaşayacağı ilə bağlı fikirlər söyləmək mümkündür”.
Milli Məclis tərəfindən tibbi maska taxmamağa görə cərimələrin iki dəfə artırılması məsələsinə toxunan REAL-ın icra katibi bu qənaətdədir ki, cəzaların sərtləşdirilməsi mənasız addımdır: “Əgər yalnız cəzaların sərtləşdirilməsi, böyük cərimələrlə məsələlər həll olunsaydı, onda dünyada cinayətkarlıq olmazdı, yer yer güllü gülüstanlıq olardı. Yəni tək cəzaları sərtləşdirməklə problemin həlli mümkün deyil. Bunun üçün insanlarla kommunikasiya qurmaq, vətəndaşları tibbi maska taxmağa inandırmaq lazımdır. Bunun üçün müəyyən təşviq proqramlarına, təbliğat roliklərinə ehtiyac var. Televiziyalarda gecə-gündüz şou göstərməkdənsə normal, insanların inandığı mütəxəssislərin çıxışlarını təşkil etmək lazımdır, daim təbliğat aparmaq lazımdır. Bu arada, məsələnin maraqlı tərəfi ondadır ki, Çindən gələn maska 10 qəpik idi, lakin indi Sumqayıtda istehsal olunan maska 30 qəpikdir. Bu da böyük biabırçılıqdır. Ümumiyyətlə, vətəndaş maskadan ancaq cərimə verməmək üçün istifadə etməməlidir. Normal təbliğat aparılmalı və vətəndaşa izah olunmalıdır ki, maska məhz onun virusa yoxulmamasına xidmət edir. Bu qədər bəsit məsələləri bizim “qalstuklu müəllimlər” (deputatları nəzərdə tutur-red.) nədən anlamırlar?! Əgər tibbi maska taxmamağa görə cərimə varsa, onda dövlət tərəfindən vətəndaşların maskayla təmin olunmasına zəmanət olmalıdır. Məsələn, İspaniyada bu cərimələr tətbiq olunarkən ictimai nəqliyyatda pulsuz maska payladılar. Türkiyədə bunu tətbiq edərkən, bələdiyyələr tərəfindən pulsuz maskalar paylanıldı. Yanaşma belə olmalıdır. Yəni həm təşviq, həm təbliğat, həm də bunun təminatı ilə bağlı müəyyən addımlar atılmalıdır və bundan sonra nəsə tələb etməlisən. Bizdə isə bu, baş vermədiyindən alınan qərarların məntiqi vətəndaşlar tərəfindən çox aqressiv qarşılanır”.
“Əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz, bunu başa düşmək bu qədər çətindir?”
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev isə özünün “facebook” səhifəsində qeyd edib ki, ölkədə tətbiq olunan karantinlərin heç bir effekti olmayacaq: “Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə, onda bizdəki kimi vəziyyət alınır. Əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz də. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa qoy bacaranlar bu işlə məşğul olsunlar! Niyə eqoistlik edirsiniz? Bu bumeranq effekti verəcək, axırda sizin özünüzü vuracaq. Neçə ki, gec deyil, sağlam düşüncə ilə düzgün qərarlar verilməlidir”.
Radioloqun fikrincə, COVID-19 problemini həll etmək üçün polad iradə lazımdır: “O isə sizdə yoxdur! İmkan verin biz bunu həll edək və milləti bu bəladan qurtaraq! Təklifləri veririk, amma sizdə bu polad iradə, xalqına, millətinə sonsuz sədaqət, sevgi olmadığına görə siz bu problemi həll edə bilməyəcəksiniz! Xalqı, milləti məhv etməyin! Dövlət başçısı pandemiya ilə mübarizə üçün 5 milyon manata qədər pul ayırıb. Aidiyyatlı qurumlar bu pulu hara və nəyə xərcləyir? Bəlli deyil! Dövlət başçısının ölkəni əhatə edən minlərlə problemi var! O bizim əvəzimizdən bu problemi həll edəsi deyil ki… Sağolsun pulu ayırıb və artıq qalan işlər bizə düşür. COVID-19 xəstəliyinin müalicəsində çox effektiv preparat olan “Favipiravir” dərmanı ölkədə çatışmır. Niyə? Hanı bizim kimyagərlər? Hanı bizim əczaçılar? Nədi bu dərmanı istehsal etmək bu qədərmi çətindir? Dilənçi kimi başqa dövlətlərdən istəyirik bu dərmanı və xəstələrimizi, eləcə də həkimlərimizi buna görə itiririk. Allah şairə rəhmət eləsin! Deyirdi ki, Bizdən qabaqdadır avropalılar. Çünki, işi işbilənə tapşırır onlar”.
“Bütün digər karantin rejimləri ləğv edilməli, insanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir!”
Bununla yanaşı, o, müəyyən qaydalar hazırlayaraq, bunun 100 faiz effekt verəcəyini bəyan edib: “Birincisi, bütün dövlət xəstəxanalarında COVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstıxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddı imkanı çatacaq qədər olması təmin edilməlidir! 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? İkincisi, bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır! Bizim xalqımız çox dəyərli xalqdır! Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək! Üçüncüsü, bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir! Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edilən insanlar ciddi yoxlanılır, halbuki, tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir! Avtobuslara isə sən keç deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır! Dördüncüsü, bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq şəkildə! İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir! Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq! Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük! Beşincisi, yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər, bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar”.
Hurriyyet.org