Kontakt Home” yaralı əsgərlərin müalicəsi üçün 150 000 manat yardım etdi
Kontakt Home” yaralı əsgərlərin müalicəsi üçün 150 000 manat yardım etdi“Kontakt Home” mağazalar şəbəkəsi “Orduya dəstək” kampaniyası çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat bağışladı. Bağışlanan məbləğ Qarabağın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə yönləndiriləcək.
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi 10-16 oktyabr tarixlərində satdığı məhsullardan əldə edəcəyi nağd gəlirin hamısını hərbçilərin müalicəsinə xərcləyəcəyini öz sosial şəbəkə hesablarında öncədən elan etmişdi. Bu elan həm müştərilər, həm də sosial media izləyiciləri tərəfindən böyük rəğbət qazanmışdı. “Kontakt Home” öz növbəsində kampaniyaya dəstək olaraq bağışlanmış məbləği daha da yüksəldən müştərilərinə təşəkkür edib.
Xatırladaq ki, “Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə Qarabağın azadlığı uğrunda hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırkı hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox “Kontakt Home” əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edib.