AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Adil Əliyev: “Ordumuz düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur edib”

  • + A
  • - A
  • 25-11-2020, 20:00


    “Müharibədə məğlub olan Ermənistan uzun illər ödəməli olacağı borca düçar olmaqla yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, düşmən əvvəlcə, Ağdam şəhərini və rayonun işğalda olan kəndlərini qeyd-şərtsiz azad etdi”.

    Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

    Millət vəkili qeyd edib ki, növbəti mərhələdə yəni bu gündən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçib:

    “Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə əlaqədar Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Bir məqamı vurğulamaq lazımdır ki, Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, habelə Kəlbəcər rayonunu düşmən döyüşsüz təhvil verməyə məcbur oldu. Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz bu əraziləri bir mərmi belə atmadan geri qaytardıq.

    Təbii ki, bu gün Ermənistanın Ağdam və Kəlbəcər rayonlarını geri qaytarması düşmənin öz istəyi ilə baş vermədi. Belə ki, Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcuddur. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altında olan ərazilərimizi qeyd-şərtsiz olaraq boşaltmalı idi. Lakin Ermənistan bütün tələblərə zidd olaraq heç bir öhdəliyi icra etmədi. Əksinə, Ermənistanın baş naziri özünü “fövqəl-güc” hesab edərək, Azərbaycana qarşı yeddi şərt irəli sürməkdən çəkinmədi.

    A.Əliyev bildirib ki, Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi:

    “Təxribatların qarşısını almaq, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sonsuz sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlub etdi. Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi heç bir nəticə vermədi.

    Siyasi basqılara tabe olmayan qüdrətli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik mövqeyi nəticəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi. Düşmənin imzaladığı kapitulyasiya Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızı şərtləndirdi. Bu gün yalnız əbədi və əzəli torpaqlarımızın alınmasından söhbət getmir.

    Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 nömrəli qətnaməsinin icrası idi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Lakin, Ermənistan həmin qətnaməni də Dağlıq Qarabağla bağlı qəbul edilmiş digər üç qətnamə kimi icra etməkdən imtina etdi.

    Beləliklə, bizim dədə-baba torpaqlarımızda erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi. Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə sanki bunu görməzdən gəlirdi. Nəticədə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və bununla yanaşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ərazimizə ayrı-ayrı ölkələrin vətəndaşlarını, o cümlədən muzdlu döyüşçüləri yerləşdirir.

    Lakin, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün Ermənistana yardım göstərən və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa başda olmaqla digər ölkələr də bu təcavüzün qarşısının alınması, işğalçılıq siyasətinə son qoyulması üçün heç bir səy göstərmədilər. Bu da öz növbəsində münaqişənin həllinin uzadılmasına gətirdi. Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Bunu ən yüksək, mükəmməl səviyyədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bacardı. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan, Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi.

    Demək ki, vaxtında kifayət qədər təzyiqlər olsaydı, Ermənistan bu ərazini illər öncə tərk edərdi. Bu gün artıq məğlub olmuş düşmən anladı ki, Azərbaycan Respublikasının Prezidenti həm də dünyanın ən öndə olan liderlərindən biridir. Dövlət başçımız istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsini qarşısına əsas hədəf olaraq qoyub və hazırda bunu çox böyük məharətlə reallaşdırır.

    Eşq olsun Müzəffər Ali Baş Komandana, yaşasın Azərbaycan Ordusu!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR