2035-ci ilə qədər neftə tələbat azalmayacaq.
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu ve “Petkim Petrokimya Holdinq”in Baş direktoru Anar Məmmədov deyib:
“Bu məsələdə fərqli şirkətlərin və agentliklərin müxtəlif proqnozları var. Biz belə düşünürük ki, 2035-ci ilə qədər neftə tələbat azalmayacaq. 2035-ci ildə stabilləşəcək və bir neçə il bu tələbat stabil şəkildə davam edəcək.
Bundan sonra isə proqnoz vermək çətindi və buna təsir edən bir çox amil var. Sadəcə elektrik mühərriki ilə işləyən maşınlar deyil, həm də enerji mənbələri, dünya nüfuzunun artması və s. kimi səbəblər var. Ona görə də, neft nöqteyi-nəzərindən biz 2035-in sonrasına planlarımızı qurmuruq”.
Pandemiya ilə əlaqədar STAR Neft Emalı Zavodunda istehsalın azalmadığını, sadəcə məhsul istehsalında dəyişiklik həyata keçirildiyini bildirən direktor əlavə edib ki, bunun əsas səbəbi aviasiya uçuşlarının sayının ciddi şəkildə azalmasıdır:
“Türkiyədə bu hardasa sıfıra düşməyə başladı. Bizim istehsal etdiyimiz aviasiya yanacağına həm Türkiyədə, həm də Türkiyədən kənarda tələbat ciddi şəkildə azalıb. STAR NEZ-in əsas xüsusiyyəti isə onun əməliyyat elastikliyinin olmasıdır. Biz məhsullar arasında transfer edə bilirik. Biz istehsal həcmini azaltmadan aviasiya yanacağının yerinə eyni həcmdə dizel istehsal etməyə başladıq. Dizel isə Türkiyədə ən çox tələb edilən məhsuldur. Pandemiya dövründə də biz bu bazarda yeddi faizədək azalma gördük. Lakin bazar o qədər böyükdür ki, bu fərq hiss edilmədi”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.