AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan GUAM-ın Qarabağa olan mövqeyindən razıdı - Deputat

  • + A
  • - A
  • 8-01-2021, 17:25


    Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri zaman-zaman dövlətimizə qarşı qərəzli yanaşmaların, çıxışların şahidi olub.

    30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinə ikili yanaşma, işğalçının dəstəklənməsi ənənəvi hala çevrilmişdi. Sözdə dünyadakı münaqişə ocaqlarına insani münasibət sərgilədiklərini deyən ATƏT, BMT, AŞPA kimi beynəlxalq təşkilatlar məsələnin həllində lal, kar və kor olurdular.

    2020-ci ilin payızında Azərbaycanın itirilmiş ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı 44 günlük savaş düşmənin məğlubiyyəti və hərbi kapitulyasiyanı imzalaması ilə nəticələndi.

    İndi bir şey maraqlıdır. Sözdə sülh hayqıran beynəlxalq təşkilatlar onların iştirakı olmadan həll edilmiş Qarabağ məsələsinə necə yanaşır?
    Azərbaycanın qələbəsinə necə münasibət bəsləyir?

    Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev Modern.az-a açıqlamasında bildirib ki, qalibə təbii ki, hər yerdə hörmət qoyulur:

    “Bu, tarix boyu belə olub, indi də belədir. Biz hələ Vətən müharibəsinin gedişində bilirdik ki, ordumuzun şücaəti və professionallığı, xalqımızın birliyi dünyada sahib olduğumuz nüfuzu daha da artıracaq. Hesab edirəm ki, bu qənaəti beynəlxalq təşkilatların bizə münasibətinə, bu münasibətdəki dəyişikliyə də şamil etmək olar. Sirr deyil, bir sıra transmilli qurumlarda, yaxud onların ayrı-ayrı üzvlərində bizə qarşı qərəzli münasibət olub. Şübhə etmirəm ki, onlar bu yanaşmalarına, qalib Azərbaycana qarşı mövqelərinə korrektələr edəcəklər. Bildiyiniz kimi, Azərbaycan GUAM PA-da sədrlik edir və bu təşkilatın bütün üzvləri bizim yaxın tərəfdaşlarımız, müttəfiqlərimizdirlər. GUAM-ın Qarabağla bağlı mövqeyi bizim istəklərimiz və maraqlarımızı tam əks etdirir”.

    Elnur Allahverdiyev deyir ki, istər iyul hadisələri, istərsə də Vətən müharibəsi zamanı GUAM ölkələrinin dəstəyini hiss etdik:

    “Altıncı çağırış Milli Məclis fəaliyyətə başladığı gündən indiyədək bizim GUAM PA çərçivəsində 2 tədbirimiz olub. İyul hadisələri ilə bağlı müttəfiqlərimizin diqqətini Ermənistanın təcavüzkar təxribatlarına yönəltmək məqsədilə dərhal GUAM PA-nın növbədənkənar Büro iclasını çağırdıq və tərəfdaşlarımıza baş verənlərlə bağlı təfərrüatlı məlumat verdik. Təbii ki, hər üç dövlətin parlament nümayəndələrindən tam dəstək aldıq. Vətən müharibəsi bitəndən sonra assambleyanın 4 komitəsinin birgə iclasını keçirdik və mərkəzi mövzu bir daha GUAM məkanındakı münaqişələr oldu. Bu münaqişələrin həlli ilə bağlı çıxış etdiyimiz beynəlxalq hüquq normalarını, qəbul edilmiş sənədləri, konvensiyalar və müqavilələri bir daha incələdik. Həmin iclasda həm Ukraynanın, həm də Gürcüstan və Moldovanın tam dəstəyini gördük, təbriklərini eşitdik”.


    Azərbaycan nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, Baltik Assambleyası üzvləri GUAM ölkələrindən fərqli olaraq, Qarabağ məsələsinə nədənsə ehtiyatla yanaşır:


    “Ümumiləşdirsək, GUAM üzvlərinin mövqeyi bundan ibarət idi ki, siz öz probleminizi həll etdiniz, növbə bizdədir. Məsələn, Moldovanın nümayəndə heyətinin rəhbəri dedi ki, Azərbaycan “dondurulmuş münaqişə” anlayışının mövcud olmadığını sübuta yetirdi. Bu baxımdan qeyd etmək istəyirəm ki, GUAM daxilində Azərbaycanın haqqlı mövqeyi heç kimdə şübhə doğurmur. Eyni zamanda, biz bu quruma Avropanın nüfuzlu təşkilatları ilə inteqrasiya istiqamətində bir tramplin kimi də baxırıq. Məsələn, götürək Baltik Assambleyasını. Azərbaycan bu qurumla əməkdaşlığa maraqlıdır, ancaq onun üzvləri Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim haqlı mövqeyimizi qəbul etməlidirlər. Biz indiyədək hiss etmişik ki, Baltik Assambleyasının üzvlərindən bəziləri problemə münasibətdə belə demək mümkündürsə, həddindən ziyadə “ehtiyatlılıq” nümayiş etdirirlər. Biz istəyirik ki, Baltik Assambleyası GUAM ərazisindəki bütün münaqişələrə eyni gözlə baxsın. Yaxud çalışırıq ki, qurum Xocalı soyqırımını qəbul etsin. İndiyədək Baltik ölkələrinin bir sıra parlamentariləri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz şəkildə səfərlər ediblər. Təbii ki, biz belə neqativ halların olmamasını istəməklə paralel, GUAM vasitəsilə Baltik Assambleyası ilə əlaqələrimizi genişləndirmək arzusundayıq. Baltik Assambleyası Avropanın Şimal Şurası, Benilüks Parlamenti, Vışeqrad qrupu kimi qurumlarına açılan qapıdır. Bizim bu təşkilatlarla münasibətlərimiz möhkəmlənməli, mövqelərimiz, maraqlarımız təmin olunmalıdır. Xatırlayırsınızsa, Vətən müharibəsi ərzində bu qurumlarda təmsil olunan bəzi dövlətlərin parlamentlərində bizə qarşı arzuolunmaz çıxışlar, aksiyalar həyata keçirildi. Odur ki, bizim bu istiqamətdə fəal işləməyimizə ciddi ehtiyac var. Şübhə etmirəm ki, ölkəmizin parlaq hərbi qələbəsi bu münasibətlərin intensivləşməsinə təkan verəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR