AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Qafqazın inkişafında yeni mərhələ başlayır

  • + A
  • - A
  • 14-01-2021, 11:04


    İqbal MƏMMƏDOV,
    Milli Məclisin deputatı


    Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da 30 il ərzində aparılan danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu ərazidə yeni erməni dövlətinin yaradılması planları alt-üst oldu.
    Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi.

    Birgə bəyanatda daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması qərara alındı.

    Bir daha xatırladaq ki, imzalanan birgə bəyanat çərçivəsində Naxçıvan da blokadadan azad olunur. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi qurulur. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da Ermənistanın bütün mənalarda müstəqil olmamasını təsdiqləyir. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin edəcəyi halda, Ermənistan öz ərazisində belə nəyə isə təminat verməkdə gücsüzdür.
    Xatırladım ki, bu il yanvarın ­
    11-də Moskvada Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş naziri arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir və ötən il noyabr ayının 9-da hər üç dövlət rəhbərliyi tərəfindən imzalan birgə sənədin icrası istiqamətində atılan önəmli addımdır.
    Dövlətimizin başçısı İlham Əliyev yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşündəki çıxışında bəyanatın mühüm əhəmiyyəti barədə deyib: “Bu bəyanat bizim regionda tamamilə yeni vəziyyət yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib. Bizim üçün bu, böyük əhəmiyyət kəsb edir, çünki beləliklə, 30 ildən artıq müddətdən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcək. Yəni, bu Bəyanat çox böyük perspektivlər açır və əminəm ki, bizim bu gün yaratdığımız İşçi qrupu səmərəli işləyəcək, layihələrin reallaşdırılması barədə bizə vaxtaşırı məruzə edəcəkdir. Orada bir deyil, bir neçə layihə var. Əminəm ki, onlar hamısı reallaşacaq”.

    Bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir. Belə ki, sənədə əsasən hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və həmin Qrupa bu il martın 1-nə kimi avtomobil, dəmiryolu xətlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bununla da noyabrın 10-da imzalanan bəyanatın 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyənləşdirilir.
    Beləliklə, 30 il ərzində blokada şəraitində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır. Şübhəsiz ki, bu, muxtar respublikanın sosial-iqtisadi inkişafı, Azərbaycanla gediş-gəlişin asanlaşdılrılması, nəqliyyat xərclərinin kifayət qədər azaldılması və bütövlükdə ölkəmizin ayrılmaz tərkib hissəsi olan adı çəkilən anklav bölgə ilə qovuşması anlamına gəlir.

    Burada digər bir məqama da toxunmaq istərdim. Belə ki, Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranmasını şərtləndirir. Belə bir vəziyyət isə son nəticədə qardaş ölkənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışını gerçəkləşdirir.
    Yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanatda diqqət çəkən bir cəhət də odur ki, Azərbaycan üçün İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz reallaşır. Belə bir dəhlizin yaranması isə yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyulması deməkdir. Eyni zamanda, bu dəhlizə sahib olan Azərbaycan daha qısa yol əldə edir və təbii ki, nəqliyyat xərclərinin azalması ilə iqtisadi səmərəliliyə nail olur. Bütün bunlar isə son nəticədə Azərbaycanın sosial-iqtisadi inkişafına, xarici ticarət dövriyyəsinin artmasına, beynəlxalq bazarda rəqabət qabiliyyətinin güclənməsinə əlverişli şərait yaradır. Eyni zamanda, Dağlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir, bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır və beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR