Gələcək kitabdan səhifələr
Qızılağaclı “kiçik lələ”nin böyük ürəyi
Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabını nəşrə hazırlayır. Kitaba 51-i Masallıda və 11 -i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. Bu günə kimi müəllifin Vətən Müharibəsi Qəhrəmanı polкovniк-leytenant Ramiz Cəfərov (Ağakişibəyli), əsgər Əsəd Əsədli (Çayqıraq), əsgər Şahin Ağayev (Öncəqala), əsgər Ruslan Abbasov (Xırmandalı), əsgər Şaiq Kəlbiyev (İsgəndərli), Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərli (Viləş) və əsgər Əbdülrza Rəfibəyli (Boradigah) haqqında bədii-publisistik yazılarını oxuculara təqdim edib. Növbəti yazı qızılağaclı şəhid Əlisa Əliyevin döyüş yoluna həsr olunub. Əlisa Arif oğlu Əliyev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində dünyaya göz açmışdır. 2006-2017-ci illərdə Qızılağac kənd 2 saylı tam orta məktəbində təhsil almışdır. İdmanın güləş növünə maraq göstərmiş, yarışlarda Fəxri Fərmanla təltif olunmuşdur. 2018-ci ilin yanvarında həqiqi hərbi xidmətə çağırılmış, 2019 -cu ilin yayında “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur. Masallıda yerləşən "Dostluq" MMC-də çalışmışdır. Arzusu avtomobil texnikası üzrə elektrik olmaq idi. 2020-ci il sentyabrın 29-da Ermənistan işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü getmişdir. Bir çox hərbi əməliyyatlarda iştirak etmiş, Füzuli, Cəbrayıl, Hadrud, Xocəvənd və Şuşa uğrunda döyüşlərdə vuruşmuşdur. 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmənin mərmisinin yaxınlığında partlaması nəticəsində şəhid olmuşdur. Əlisa Əliyev Qızılağac kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Subay idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Generalın həyatını xilas edən əsgər
Qızılağaclı Əlisa kişi sağlığında dünyaya gələn oğul nəvəsinə öz adını qoymuşdu. Düz 14 il ailədə və qonum -qonşuda adaş baba ilə nəvəni çağıranlar onlara “böyük” və “kiçik lələ” deyə müraciət etmişdilər. Nəvə Əlisa orta məktəbdə yaxşı oxusa da babası kimi uşaqlıq çağlarından əllərini zəhmətə alışdırmışdı. Qardaşı Amidlə birlikdə təmirə etiyacı olan minik avtomobillərini və kənd təsərrüfatı
texnikalarını sazlamaqda usta idi. Novruz bayramından sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərov və Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Abbasovla birlikdə kəndin tanınmış ziyalıları Zakir Abuşov, Fərhad Abbasov və başqaları ilə görüşəndə hər biri bizə Əlisanın çox mehriban, gülərüz gənc olduğunu, texnika işlərini yaxşı bacardığına görə hamının işinə yaradığını söylədilər. Əlisanın atası Arif kişi dedi ki, yolda kiminsə maşınının nasaz olduğunu görəndə Əlisa onun yanından heç vaxt laqeyd ötüb-keçməzdi, dayanıb təmənnasız yardım edərdi.
...Vətən müharibəsi başlayandan iki gün sonra cəbhəyə könüllü yola düşən Əlisanın Cəbrayıldan başlanan döyüş yolu, Füzulidən, Hadrutdan, Xocavəndən keçmişdi. Silah yoldaşıaı bu zarafatcıl və şən oğlanı “Əlisoy”, bəzən də özünün ən çox işlətdiyi ifadə ilə “Bərəkət haqqı” deyə çağırardılar. Əllərinin “sehrinə” bələd olan və onu müharibəyə qədər tanıyan həmyerliləri isə Əlisaya “lələ” deyərdilər. Bir dəfə Şuşa istiqamətində qanı-qadalı döyüşlər zamanı Xüsusi Təyinatlı Qüvvələrin generalı bir neçə yerindən ağır yaralanır. Onu hospitala apararkən düşməndən qənimət götürülmüş maşın yolda xarab olur. Hamı əlimyandıda “lələ”ni axtarır. Vaxt itkisi isə yaralı generalın ölümünə bərabər idi. Çox keçmir ki, Əlisa köhnə VAZ -2107 markalı maşını işlək vəziyyətə gətirir . Bu döyüş bölgəsində onun təmir elədiyi ilk avtomobil deyildi...
Şuşanın 70 addımlığında...
...Sevdiyi mahnıları zümzümə edən Əlisa bəzən çoşub ucadan qıy vururdu: “Bərəkət haqqı, biz gəlirik...” Səsi-sədası dağlarda əks-sadə verən Əlisanın bu gün Buzovnada yaşayan, əslən Masallının Xırmandalı kəndindən olan manqa komandiri, kiçik çavuş Əlisurət Rzayev deyir ki, “Bərəkət haqqı” kəlməsi ilə ad-san çıxaran Əlisa ilə Ağcəbədidə taqımlara bölünəndə tanış olmuşduq. “İlk gündən qardaş kimi doğmalaşmışdıq. Sanki Əlisa öz yaşından çox yaşamışdı, məndən 6 yaş kiçik az olsa da çox böyük ürəyi vardı. 44 günlük Vətən müharibəsinin demək olar ki, 42 gününü səngərdən-səngərə birgə addımlamışdıq. Şuşanın yaxınlığında Topxana meşəsində quru bir dərədə onunla mənim aramda iri gövdəli ağac vardı. Bir tərəfimiz Xankəndi, bir tərəfimizdə Şuşa idi. Gecənin qaranlıq örtüyünü səhərin üstümüzdən götürəcəyi anı gözləyirdik. Sübh çağına yaxın bizi düşmən yuxarıdan fasiləsiz atəşə tutdu. Mərmilərdən biri həmin ağacın yaxınlığında partaladı... Güclü partlayışından sonra hər tərəf tüstü – duman içində idi, göz – gözü görmürdü. Mən kontuziya olmuşdum, özümə gələndə...”
...26 yaşlı Əlisurət kövrəlir. Fikirləri pərən-pərən olur... Sübh çağı ətrafdan qatı duman çəkiləndə artıq çiskin yağış yağmağa başlamışdı Sanki o gün uca dağların hüsnünə seyrək dumandan tül pərdə çəkmiş doğma təbiət də Şuşa şəhəri uğrunda şəhid olan Azərbaycan əsgərlərinə yas saxlayırdı... Cıdır düzünün 70 addımlığında 30 nəfərlik tağımından cəmi 4 nəfər sağ qalmışdı... Tağım komandiri baş leytenant Namiq Şirinov təəssüf və qəhər dolu duyğular içində şəhid əsgərlərini bir-bir bağrına basıb göz yaşlarını içinə axıdırdı. Kiçik çavuş Əlisurət Rzayev isə qospitala getməkdən imtina edib düşməndən şəhid silahdaşlarının itiqmını almaq üçün yenidən döyüşə atılmışdı...
Qırmızı telefon və yadigar bilərzik
Son döyüşdən əvvəl Əlisa qardaşı Amidə, bacıları Əfsanə və Bəstiqıza, yeznələri Ruslana və Raufa qırmızı rəngli telefonla zəng edib: “İnşallah biz tezliklə qələbə qazancağıq!..” demişdi. Onun minatan kimi daxil olduğu bölüyün sanitar həkimi Şamxal Quliyev deyir ki, adətdən əsgərlər özlərinə məxsus müxtəlif əşyaları bir-birlərinə hədiyyə edirdilər: “Hadrutdan Şuşa istiqmətinə yollananada mənim taxdığım bilərzikdən Əlisanın xoşu gəldi. Dedi ki, doktor, qoy bu bilərzik səndən də mənə yadigar qalsın...” Şamxalın yadigar kimi verdiyi həmin bilərziyi Əlisa dörd gün biləyində gəzdirdi. Həmişə deyib-gülən, şən zarafatlar edən Əlisa Şuşa uğrunda döyüşlər ərəfəsində sığındığı o iri gövdəli ağacın altında əsgər yoldaşlarından birinə pıçıltı ilə: “Sübh çağı bəlkə də mən həyatda olmayacağam.” deyib. Ürəyinə daman fikir, başına gəlib... Sübh çağı onun tanınmaz hala düşmüş nəşini Şamxalın yadigar kimi bağışladığı bilərzikdən, bir də ailə üzvlərinə son dəfə zəng elədiyi qırmızı rəngli cib telofonundan tanıyıblar.
Şaqraq gülüşləri Daşaltı dərəsinə sığmayan, “Bərəkət haqqı” sədası dağalarda-daşlarda əks-səda verən qızılağaclı “lələ” artıq həyatda yox idi...
...Aradan heç bir saat keçmir ki, Əlisa ilə bərabər şəhid olan igid Azərbaycan oğullarının intiqamı alan əsgərlərimiz Daşaltı dərəsindən qalxıb Cıdır düzündə zəfər bayrağını dalğalandırırlar. Erməni faşistlərinə məxsus bayrağı Əlisurət Asif adlı əsgər yoldaşı ilə ayaq altına atıb tapdalayırlar. O gün düşməni darmdağın edən silahdaşları şəhid Əlisa Əliyevlə vidalaşaraq onun Azərbaycanın üçrəngli bayrağına bürünmüş tabutunu Masallıya yola saldılar...
Bəy otağı kimi bəzədilmiş şəhid güşəsi...
...Şəhid atası Arif kişinin evinin ikinci mərtəbəsininin günçıxan tərəfindəki otaqlarından biri Əlisanın bəy otağı olacaqdı. İndi həmin otaq şəhidə məxsus bütün əşyaların saxlandığı kiçik muzeyi xatırladır. Güşədə igid Azərbaycan əsgərinin hərbi geyiminin yaxasından asılmış bir medal diqqətimizi cəlb edir. Arif kişi deyir ki, Qızılağac kənd məktəbində Əlisanın idman müəllimi vaxtilə özünün yarışlarda təltif olunduğu medallardan birini gətirib şəhid şagirdinin hərbi geyiminin yaxasına taxıb... Bu, adı ömürlük yaddaşlara yazılan Əlisanın orta təhsil aldığı məktəbin bütün müəllimlərinin şəhid şagirdlərinə olan böyük ehtiramının nişanəsidir.
...Şəhid əsgərimizə əyalətdə yaşayan şairlər şeir və meyxanalar da həsr ediblər. Arif kişi onları Əlisadan yadigar qalan telefonun yaddaşına köçürüb. Bu poetik nümunələrin hər biri Əlisanın böyük ürək sahibi olduğunu, qalibanə və şən təbəssümlərini, sevdiyi peşəyə canla-başla yanaşdığını göz önündə canlandırır. Amma bizim yadaşımızda əbədi qalan və milyonlarla insanın qəlbini fəth etmiş şəhidlərin ölməz olduğunu bəyan edən Vətən müharibəsinin qızılağaclı şəhidlərinə - Əlisa Əliyevlə Cavad Babayevə xitabən məzarları önündə deyilən mərsiyənin bu misraları oldu:
Ey Vətən qurbanları, bizdən salam olsun sizə,
Cəbhənin aslanları, bizdən salam olsun sizə!..
Nurəddin ƏDİLOĞLU,
Bakı-Masallı-Bakı
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR