Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində mütəmadi olaraq seminar-treninqlər təşkil olunur.
Sentyabrın 18-də növbəti maarifləndirmə tədbirləri “Dini fanatizm - cəhalətə aparan yol” mövzusunda 12 və 13 saylı cəzaçəkmə müəssisələrində təşkil edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov, “Şəhidlik” məscidinin imamı Şaiq Əliyev, Pentensiar Xidmətin məsul əməkdaşları, eləcə də cəzaçəkmə müəssisələrinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dini fanatizm cəmiyyətin sağlam inkişafına ciddi maneələr yaradır. Qeyd edilib ki, dinin mahiyyəti sülh, mərhəmət və mənəviyyat üzərində qurulsa da, bəzi hallarda bu dəyərlər yanlış yozumlarla təhrif edilir və nəticədə dini radikalizmə, fanatizmə yol açılır. Vurğulanıb ki, dini savadsızlıq, eləcə də yanlış təbliğat insanları həqiqi dindən uzaqlaşdırır və onların cəhalətə sürüklənməsinə səbəb olur. Eyni zamanda fanatizm gənclərin radikal ideologiyalara alət edilməsinə zəmin yaradır.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.