“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ixtisarlara başlayıb, bu da ciddi qınaqla qarşılanıb. Qurum öz açıqlamasında ekoloji məsuliyyət, rəqəmsallaşma və “optimallaşdırma” adı altında kassaların bağlanmasını əsaslandırmağa çalışır. Amma nəticə odur ki, qurumun qərarı ilə 24 nəfər işsiz qalıb.
ADY-nin rəsmi bəyanatına görə, kağızdan istifadənin azaldılması və onlayn xidmətlərin genişləndirilməsi ekoloji və texnoloji tərəqqinin göstəricisidir. Hətta rəqəmlərlə fəxr edilir: 2023-cü ildə bilet satışının 48 faizi, 2024-cü ildə 65 faizi, bu ilin ilk 8 ayında isə artıq 71 faizi onlayn həyata keçirilib. Qurum həmçinin “ADY Mobile” tətbiqinin 300 mindən çox istifadəçisinin olduğunu vurğulayır.
Ancaq bu rəqəmsallaşma dalğası arxasında sadə işçilərin taleyi unudulub. Bakı və Gəncə kassalarının bağlanması nəticəsində bəzi əməkdaşlara başqa iş təklif edilib, amma bir çoxu ya uyğun vəzifə tapa bilməyib, ya da verilən təklifləri qəbul etməyib. Beləliklə, ümumilikdə 24 nəfərin ştatı ixtisara salınıb.
Qurum bunu ümumi əməkdaş sayının cəmi 0,16 faizi kimi göstərərək məsələni kiçiltməyə çalışır. Amma həmin 24 nəfər üçün bu, sadəcə “statistika” deyil, dolanışıq mənbəyinin itirilməsidir. Üstəlik, ADY-nin açıqlamasında işçilərin sosial təminatı, kompensasiyası və ya yeni işlə təmin olunması barədə konkret məlumat verilmir.
Digər tərəfdən, ADY öz açıqlamasında yaşlı insanlar və texnologiyadan istifadə etməkdə çətinlik çəkən sərnişinlər üçün “stansiya əməkdaşlarının köməyi” və “1822 çağrı mərkəzi”ni alternativ kimi təqdim edir. Amma əslində kassaların bağlanması məhz həmin sərnişinləri çətin vəziyyətdə qoyur.
ADY-nin ekoloji məsuliyyət və “kağızsız texnologiya” ilə pərdələdiyi bu qərar bir daha göstərir ki, ölkədə rəqəmsallaşma çox vaxt sosial məsuliyyətin hesabına həyata keçirilir. Kağız qənaətindən danışan qurum, insan talelərinə vurulan ziyana qənaət etməyi unudur.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.