NASA-da işləyən azərbaycanlı: “Vətən Bakıdır” - FOTO
Allen Tərlan oğlu Mirqədirov 12 yaşda olarkən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Amma Vətən sevgisini ömür boyu qoruyub. İşinin çox vaxt aparmasına baxmayaraq (Allen 10 ildən çoxdur NASA-da çalışır), vaxtaşırı Bakıya gəlir, sonuncu dəfə üç il əvvəl gəlib. “Report”a müsahibəsində o, nə işlə məşğul olduğundan, arzularından və Vətən anlayışının onun üçün hansı mənanı kəsb etməsindən danışıb.
- Allen, NASA-da işə düzəlmək çətindir? Bunu necə bacardınız?
- NASA-ya girmək asan deyil, çox güclü rəqabətə tab gətirməli oldum. Ancaq bu məqsədə doğru şüurlu şəkildə irəliləyirdim, çünki Milli Aeronavtika və Kosmos Administrasiyasına daxil olmaq istəyinin arxasında daha da vacib vəzifə - astronavt olmaq dururdu və indi də durur. Əvvəlcə Hərbi Hava Qüvvələri Akademiyasını bitirdim, Hərbi Kosmik Qüvvələrdə xidmət etdim və San Dieqoda aerokosmik mühəndisi ixtisası üzrə magistr dərəcəsi aldım. Magistraturanı bitirdikdən sonra bir il ərzində NASA-ya müraciətlər ünvanladım, nəhayət, məni dəvət etdilər və artıq 10 ildən çoxdur ki, aerokosmik mühəndis kimi NASA-da çalışıram. Əlbəttə, astronavt olmaq üçün seçimlər daha çətin keçir. Seçimlər hər üç-dörd ildən bir keçirilir və seçim turu açılan kimi orada iştirak edirəm.
- Marsa və Aya iki beynəlxalq “ekspedisiya”dakı iştirak etmisiz. Zəhmət olmasa, oraya necə “getməyiniz” barədə bizə məlumat verərdiniz.
- Bu layihələrin mənim birbaşa işimlə heç bir əlaqəsi yoxdur. Onlara könüllü kimi qatıldım ki, yoxlayım astronavt ola bilətəm, yoxsa yox. Ancaq tapşırıq təbii olaraq daha geniş idi. NASA ekipajlarının qapalı məkanda uzun müddət birgə qalmasını tələb edəcək Marsa və Aya uçuş üzrə konkret planları olduğundan bu cür təcrübələrə də ehtiyac var. Uçuş iştirakçılarının cinsi tərkib baxımından, çoxmillətli olub-olmaması, iştirakçıların psixo-fizioloji vəziyyətinin necə olması və s. məsələləri aydınlaşdırmaq lazım idi. Əlbəttə, heç bir simulyasiya mütləq dəqiq məlumatlar verə bilməz, lakin bunları əldə etmək üçün eksperimentlər aparırdıq. Mənim üçün ən vacib məsələ təkcə iştirak etmək deyildi, həm də insan təfəkküründə kosmos, gələcək uçuşlar barədə şəxsi töhfəmi vermək fürsəti idi.
Marsdakı şərtlərin imitasiyası üçün uzaq planetin mənzərəsinə oxşar yer tapıldı - Havay adalarındakı sönmüş Mauna Loa vulkanının yamacı. Bu ərazidə altı nəfərdən ibarət komandamızın (beş amerikalı və bir Kanada nümayəndəsi) səkkiz ay xarici dünyadan tam təcrid olunduğu xüsusi kompleks inşa edildi. Nəticələri bir çox təşkilatı maraqlandıran bir çox elmi təcrübələr aparıldı. Gəmi ekipajının uzaq kosmosa uzun səyahətə çıxarkən hansı psixoloji və tibbi problemlərlə qarşılaşa biləcəyini öyrənmək lazım idi. Bunun üçün olduğumuz komplekslərə videokameralar, üzərimizdə isə ötürücülər quraşdırılmışdı. Çölə yalnız skafandrlarda çıxırdıq.
“Mars-8”dən sonra Aya “ekspedisiya” - SIRIUS-19 oldu. Tapşırıqlar eyni idi, çünki bildiyiniz kimi, uzaq məsafəli kosmik uçuşlar bir aya yekunlaşmır və ekspedisiyanın uğurlu olması üçün ekipajın necə olmasını anlamaq çox vacibdir. Altı nəfərlik ekipajın Aya uçuşunun imitasiyası üzrə SIRIUS-19 eksperimenti Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun Moskvadakı yerüstü eksperimental kompleksi əsasında həyata keçirildi. Ay ekspedisiyası Marsa “uçuş”dan iki dəfə az vaxt apardı. Ancaq hər iki təcrübə təkcə elm üçün deyil, həm də kosmik məkanın öyrənilməsi üzrə planların həyata keçirilməsi üçün çox vacib idi. Bu təcrübələrin nəticələri hələ də təhlil edilir. Artıq ideal ekipajın necə olması, neçə nəfərdən ibarət olması, içərisində neçə kişi, neçə qadın olması və s. müəyyənləşdirə biliblər.
- Pandemiya təcridetmənin bir çox insanlar üçün ağır sınaq olduğunu göstərdi. İnsanların bu qədər uzun müddət qapalı məkanda olması zamanı hansı çətinliklər yaranır? Marsa və Aya “uçuşlar” zamanı bunun öhdəsindən necə gəlirdiz?
- Şəxsən mən bu ekspedisiyalar sayəsində özüm və digər insanlar haqqında çox şey öyrəndim, bu sınaqlardan normal keçdiyimi deyə bilərəm. Təcridolunma, səkkiz və dörd ay ərzində kiçik kollektivlə bir yerdə qalmaq mənim üçün problem yaratmadı. Ancaq bu iki ekipaj üzvlərinin heç də hamısı “uçuş”u belə yaşamadı. Bəzən insanları ayırmaq və sakitləşdirmək lazım gəlirdi, sonra hər şey düzəlirdi. Düzdür, iştirak etdiyim hər iki ekspedisiyada fövqəladə bir şey olmadı. Hərçənd belə təcrübələrin bəzilərində onların vaxtından əvvəl yekunlaşdırılmasına gətirib çıxaran olaylar da olub. Ancaq bu da bir təcrübədir.
- Kosmosa marağınız nəcə formalaşıb? Astronavt olmaq istəyiniz nədən yaranıb?
- İki səbəb var. Biri şəxsidir, digəri isə bir qədər genişdir. Şəxsi səbəb özümün kosmosa çıxmaq, bu hissləri yaşamaq istəyimdir. İkincisi, bir qədər pafoslu səslənsə də, özümü yalnız Allen Mirqədirov kimi yox, Yerdən kənara çıxan insanlığın bir hissəsi kimi hiss etmək arzusudur. Kosmik sfera ilə bağlı olan gələcəyi yaxınlaşdırmaq fürsətinə sahib olmaqdır.
- Astronavtlar sırasına daxil olanların hansı real layihələrdə iştirak edəcəyi məlumdur?
- Əsas odur ki, həmin sıraya düşəsən, hara uçacağın, məncə, o qədər də vacib deyil. Bu, Yerətrafı orbitə uçuş da ola bilər, Beynəlxalq Kosmik Stansiyaya uçuş da ola bilər, NASA-nın 2024-cü ilə planlaşdırdığı və hazırda intensiv hazırlıqların getdiyi Aya uçuş da.
- Hazırda hansı yeni layihələrdə iştirak edirsiniz? Yoxsa gündəlik işlərlə məşğulsunuz?
- Yeni eksperimentlər nəzərdə tutursunuzsa, xeyr, hazırda yoxdur. Gündəlik işimlə, peyklər və yerüstü stansiyalar – yalnız ABŞ-da deyil, bir sıra digər ölkələrdə də quraşdırılmış antenalar arasında telekomunikasiya əlaqəsinin tətbiqi ilə məşğulam.
- Bakıdan uşaq olarkən ayrılmısınız. İndi sizi Azərbaycanla bağlayan nəsə varmı və sizin üçün vətən anlayışının arxasında nə dayanır?
- İngilis dilində vətən anlayışı yoxdur. Bizim üçün isə vətən yalnız bir anlayış deyil, çox əziz və yaxın bir şeydir. Köklərimizin olduğu, böyüdüyünüz, ilk dostlar qazandığımız yerdir, 8-ci kilometrdəki bir ailə kimi olan kiçik həyətdir. 145 saylı məktəbdə oxumuşam. 12 yaşında Bakını tərk etsəm də, xatirələrim daima mənimlədir. Bir də neçə yaşın olursa olsun, insanların bir-birinə münasibətləri çox önəmlidir. Hansı millətdən olmağın vacib deyildi, yalnız bir şey vacib idi - necə insansan. Sırf insani keyfiyyətlərinə görə dost, yoldaş olduğum uşaqlar var idi. Bu, çox dəyərlidir. Evdə iki Azərbaycan telekanalı qoşuludur, onlara Azərbaycan dilini, Azərbaycanca danışığı eşitmək üçün baxıram. İmkan olanda Bakıya gəlirəm, burada əzizlərim, məktəb yoldaşlarım, dostlarım var.
- Ailəniz barədə məlumat verərdiz.
- Valideynlərim, nənəm, iki qardaşım və bir bacım ABŞ-da və Avropada yaşayır. Ancaq Bakıda qohumlar və dediyim kimi, tanışlar və dostlar var. Üç övladım - səkkiz, altı və bir yaşında uşaqlarım var. Böyüklərə artıq ulu nənəsi Səriyyə xanımın, babası Tərlanın yaşadığı, atalarının məktəbdə oxuduğu Xəzərin sahilindəki gözəl şəhərdən, adət-ənənələrimizdən, mədəniyyətimizdən və vətənimi sevdiyim bir çox şeylərindən danışıram.