AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bizi unutma Pəvin, bizə dua et!..

  • + A
  • - A
  • 5-06-2021, 10:00


    Şəhid...Bu ad qarşısında danışdığın qədər də susmaq istəyirsən. Bəlkə də bu adın, addakı enerjinin öz hökmü belədir. Nə bilim...Niyəsə hər zaman bütün şəhidlər mənə Fridrix Nitşenin bir cümləsini xatırladır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır.”

    ...Hələ bir vaxtlar Cəbrayıl rayon 6 saylı tam orta məktəbi bizim evin yanına köçəndə mən 5-ci sinifdə oxuyurdum. Nənəm “bala o məktəb də bizim kimi köşkündü, bizim halımızı da ancaq elə o anlayar” deyib, məni şəhər məktəbindən çıxartdırıb adımı ora yazdırdı...və beləcə sakinlərindən birinə çevrildim həmin məktəbin.

    Zamanla nənəmin nə qədər haqlı olduğunu dərk edirdim. Oradakı təlim-tərbiyyə ruhu da, mental dəyərlərin mühafizəkarlığı da eynilə bizim evdəki kimi idi. Ona görə də adam özünü o ünvanda qəti yad hiss etmirdi...Beləliklə 11-ci sinifə qədər bu doğma ocağımızda təhsil aldım. Ancaq tale elə gətirdi ki, bir müddət sonra o ocağın hənirtisinə daha da yaxın oldum. Belə ki, övladlarım da həmin məktəbin işığında üzü gələcəyə yol aldı, oxumağa başladı. Neçə atasıza ata, anasıza ana, vətənsizə Vətən oldu bu məktəb, bu məktəbdəkilər...

    ...44 günlük ikinci Qarabağ savaşında öndə gedənlər sırasında məktəbimizin igidləri də var idi. Çünki onlar bütövlük ruhunda tərbiyələnmiş, bölünməzliyin, vahidliyin mənəvi qatına bələd olmuşdular.

    ...Biz nəinki ailəsi, hətta uşaqlığı, məktəbi köçkün olan fidanlar idik. Ağrı-acıları daşımaqda ata-anamıza, nənə-babamıza kömək edən fidanlar!

    O gün...Məktəbimizin drektoru Şəhrəbanu müəllimənin zəngini görəndə elə sevinmişdim ki...Ancaq o titrək səslə “şəhidimiz var” deyib susdu.
    Övlad itirmiş ananın yanğısı,göynərtisi vardı o səsdə. Sonra özünü toparlayıb davam etdi:
    -Şəhid vermişik, oğul itirmişik. Bir olmaq günümüzdür.

    ...Məktəbə çatanda girişdə şəhidin adına tikilmiş bulağı, ucaldılmış büstü gördüm:
    “Babayev Pərvin. 2008-ci il”
    Şəkil sanki gözləri ilə dil açıb danışırdı. Pərvinin içindəki sevgini də, igidliyi, qəhrəmanlığı da...o gözlərdən oxumaq mümkün idi.
    Dərsə gələn uşaqlar birinci bulağa yaxınlaşır, şəkili öpür, önünə gül qoyub sonra məktəbə daxil olurdular. Eləcə seyr edirəm...Birdən əlindəki konfeti bulağa qoyub gedən uşaq lap diqqətimi çəkdi. Nə qəribə təsvir idi, Tanrım!..Pıçıldadım: Şəhidlər ölmür.

    Məktəbimizdə bu gün şəhidin anım gününə eləcə də həmin bulağının və büstünün açılışına həsr olunmuş mərasimi düzənlənmişdi. Mən dəvət alanlar sırasında idim deyə buyurmuşdum.
    ...Öncə nəzərimə çarpan Pərvinin ilk daxil olduğu sinfə adının verilməsi idi. Qapısına yazılmışdı: “Pərvin Babayev adına 0b sinfi”. O sinifdə uşaqları qarşılayan da, dərs deyən də elə Pərvinin ibtidai sinif müəlliməsi Nəcibə müəllimə idi.

    Dəqiqələr ötüşdü...Bir müddət sonra məktəbin həyətində uşaqların hazırladığı tədbir açıq elan olundu. Əvvəlcə 44 günlük zəfər müharibəsindən, daha sonra şəhidlikdən və Pərvindən bəhs edildi.
    Çıxış üçün söz məktəbin direktoru Şəhrəbanu müəlliməyə verildi. O Pərvin haqqında xatirələrini danışdıqca içindəki onu didib-parçalayan analıq hissi müəllimlik hissini üstələyirdi. Hətta o hissə qalib gəlirdi desəm, yanılmaram. Hər zaman hadisələrə soyuqqanlı, məntiqlə yanaşan bu xanımın indi danışarkən səsi titrəyir, gözləri dolur, dodağı səyriyirdi...
    Birdən gözlərim Pərvinin atasına dəydi. Eləcə ilk düşündüyüm bu oldu: Niyə bütün şəhid ataları eyni cür ağrıyır, eyni cür bükülür? Niyə bütün şəhid ataları eyni cür ah çəkir, eyni cür yaş tökür?…Yoxmu bu sualın bir cavabı, görəsən? Özüm öz içimdə var-gəl edə-edə pıçıldayıram.
    Bu anda Pərvinin anasını görürəm. Eynən dostum şəhid İzzət Həmidovun anası Vəfa Həmidovaya bənzəyirdi. Saçları eyni cür ağarmışdı. Hətta hıçqırıqlarına qədər oxşar idilər.
    Məni bu təlatümlü fikirlərdən Pərvinin sinif müəlliməsi Çiçək müəllimənin kövrəlməsi ayıltdı. O Pərvin haqqında içindən keçirtdiklərini danışa bilmir, xatirələrinin ifadəsinə sanki söz axtarırdı.Kədərə güc gələcək söz!.. Ardınca məktəbin digər müəllimləri və Pərvinin sinif yoldaşları, valideyinləri söz aldı...Bütün çıxışlardan yağan qəhər sanki yaddaşımı atəşə tutmuşdu...
    Bircə anasının “Oğlumu unutmayın, nolar” deməsi yadımdadır.

    Azərbaycan himni ilə başlayan tədbir Azərbaycan himni ilə də bitdi. Bir də gördüm ki, Şəhrəbanu müəllimə taksi axtarır, səbəbini soruşdum, “şəhidlər xiyabanına gedib bu günki günlə bağlı Pərvinə danışmaq istəyirəm” dedi. Mən şəhidlər xiyabanına çatanda bir daha anladım ki, müəllimlik peşədir, onu hər kəs oxuyub sahib ola bilər. Ancaq analıq, atalıq, insanlıq, adamlıq...heçnə ilə qazanılmır, əldə edilmir. Anladım ki, bizim bu köçkün məktəbimiz əslində bizə həm də bunları təbliğ etdiyi üçün doğmaymış, əzizmiş...
    Pərvin Babayev də məhz bunun bariz nümunələrindən biridir.

    Səni unutmayacağıq, bizə dua et, dostum!..Axı, bu yer üzünün də, bu insanların da xilas olması üçün sənin duana ehtiyacı var.
    Bizi unutma Pəvin, bizə dua et!..

    Çinarə Ömray
    AYB-nin üzvü,
    Prezident təqaüdçüsü




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR