İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edib. XİN sözçüsü Leyla Abdullayeva bu qərara münasibət bildirib.
Azadmedia.az XİN-in rəsmi mövqeyini təqdim edir:
Azərbaycan Hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır. Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib.
Ermənistanın müraciəti, Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. İHAM qərarı məhz bu hüququ vurğulayır.
Ermənistanın saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı müraciəti, Azərbaycan Hökumətinə qanunun aliliyinə hörmətsizlik çağırışına bərabərdir. Biz sözügedən prinsiplərə sadiq qalırıq və İHAM-in da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq.
Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan - Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq, beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) həbs olunmuş şəxslərlə görüşləri təşkil edilmiş və 27 mayda Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla, sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.