""Şuşa Bəyannaməsi" erməniləri əməlli-başlı qorxuya salıb. Ermənistanın Xarici İşlər Nazirliyi bəyannamənin imzalanmasının ardınca Qarabağdakı separatçılarla birgə açıqlama yayıb. Həmin açıqlamada isə olduqca gülünc və həqiqəti əks etdirməyən məqamlar var”.
Bunu azadmedia.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, ermənilər Türkiyənin Qarabağa gəlişinin qarşısını ala bilmədiklərini etiraf edir və Rusiyadan kömək istəyirlər:
"Kreml sahibi isə bu saat Baydenlə görüşün detalları üzərində fikirləşir. Əks təqdirdə, Moskva nə Ərdoğanın Şuşaya gəlməsinə, nə də imzalanan Şuşa bəyannaməsinə heç nə olmamış kimi səssiz qalmazdı. Yəni, Kreml prosesə qeyri-adi bir müdaxilə etməsə də, ən azından sözdə də olsa narahat olduğunu bildirə bilərdi. Ərdoğanın Baydendən tələbləri, Kremlin diqqətini Cənubi Qafqazdan hələ çox yayındıracaq.
Putindən öncə artıq Ərdoğan NATO üzvü ölkələrinin dövlət və hökumət başçılarının Brüsseldəki Zirvə toplantısı zamanı Baydenlə söhbət edib. Bu söhbətdən sonra Ərdoğan əminliklə, hətta gülə-gülə Şuşaya səfər etdi”.
Politoloq qeyd edib ki, Bayden və Ərdoğan cəmi 40 dəqiqə davam edən görüşdə bir çox məsələdə ortaq məxrəcə gələ bilməsə də bir məsələdə bu ikilinin razılaşdığı aydındır:
"Əfqanıstandan ordusunu çıxaran ABŞ Türkiyənin onun yerinə bölgədə olmasını istəyir. Vaşinqtonun Əfqanıstandan çıxması və terrorçu elan etdiyi Talibanla görüşmələr keçirməsi bu ölkədə - Çinin sərhədləri dibində yeni ekstremizm ocağının yaradılacağı gözləntisini ortaya çıxarsa da Vaşinqton Talibanın nəzarətdən çıxmaması üçün Türkiyənin bu ölkədə olmasını istəyir. Türkiyə də Vaşinqtonun bu istəyini yaxşı bilir və bunu Qarabağ məsələsi üçün istifadə edir. Çox güman ki, həmin görüş zamanı Ərdoğan ABŞ-ın ardınca Türkiyənin Əfqanıstanda olması üçün güclü bir bazaya ehtiyacı olduğunu, bunun üçün də Qarabağ məsələsində dəstəyini istəyib. Ərdoğan türk qoşunlarının Azərbaycanda olmasının vacibliyini Baydenə, həm də Əfqanıstana nəzarət etmək kimi təqdim edib”.
T.Rzayev həmçinin vurğulayıb ki, ermənilərin Rusiyadan gözəntiləri yersizdir: "Çünki faktiki olaraq Ərdoğan Kremlin başını qatacaq bir Baydeni gerisində qoyaraq Şuşaya gəlib. Hər halda Ərdoğan-Bayden görüşünün təfərrüatları Bayden-Putin görüşündə bəlli olacaq. Bu görüş də həm də Ərdoğanın Şuşa şəhərinə səfəri və imzalanan Şuşa bəyannaməsi haqda bəzi gizli məqamların da gün üzünə çıxaracağını düşünürəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.