Azərbaycan internet televiziyaları arasında ən çox izlənilən kanallardan olan Xural TV-nin canlı yayına başlamasından 2 il ötür.
2015-ci ilin aprel 3-də ilk video yerləşdirilən Xural TV canlı yayıma 2019-cu ilin iyunun 18-də keçib.
Hazırda "Xural TV” adlı "Youtube" kanalının 93 mindən çox izləyicisi var. Kanalın sahibi, tanınmış jurnalist Əvəz Zeynallı özəl gündə AZXEBER.COM-a müsahibə verib.
- Əvəz bəy, ilk olaraq sizi təbrik edirik. "Xural Tv” olaraq 2 ildə nəyə nail oldunuz?
- Təşəkkür edirəm. Biz əslində 2015-ci ildən başlamışıq. Yəni "Xural Tv” 6 ildir fəaliyyət göstərir. Amma biz son iki ildə canlı yayımlara keçdik. Bu canlı yayımlar ölkəyə çox şey verdi, Azərbaycanın müstəqil internet-televiziyalarını iki ildə çox dəyişdirdi. Əvvəl canlı yayımlar yox idi. Heç dövlət kanallarında indi də canlı yayımlar yoxdur. Amma internet-televiziyalarının canlı yayımlara keçməsi Azərbaycanı çox dəyişdi. İndi sahibkarlar, iş adamları, siyasi partiyalar, tələbələr, gənclər – hər kəs canlı yayımlarda iştirak edirlər.
- Qəzet jurnalistikasından internet-televiziyaya inteqrasiya etmək sizə nə dərəcədə çətin oldu?
- Çox çətin oldu, amma yenə də mediadır. Mən yenə də yazılı medianın əziyyətini çəkirəm. Amma bu bizim üçün geri dönüş deyil. Biz televiziya olmaq, peyk televiziyası olmaq yolunda addımlayırıq. Yazılı mətbuatın da öz yeri, hər ikisinin xüsusi özəllikləri və çətinlikləri var.
- Bundan sonrakı planlarınız necədir, nə kimi yeniliklər etməyi düşünürsünüz?
- Biz öz yolumuzla davam edirik, planımız odur ki, televiziya olana qədər davam edəcəyik. Müstəqil tənqidçi media bərqərar olana qədər, çox möhtəşəm müstəqil media yaranana qədər də bizim yolumuz var.
- Azərbaycan mediasının bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Azərbaycan mediasının bugünkü durumunu mən belə izah edərdim: İşğaldan azad etdiyimiz Ağdam şəhərinin hazırki durumu necədirsə, Azərbaycan mediası da hazırda həmin durumdadır. Darmadağın olmuş Ağdamın, Zəngilanın, Şuşanın durumundadır. Amma toparlanmalıyıq, irəliləməliyik. Kanalları genişləndirməliyik, canlı yayımları artırmalıyıq. Medianın möhkəm bazasını qurmalıyıq. Güman edirəm ki, dövlətin yeni islahatları da bu sahədə uğurlu olacaq.
- İslahatlardan söz düşmüşkən. Yeni yaradılmış Media İnkişaf Agentliyindən gözləntiləriniz nədir?
- Biz bir neçə dəfə Media İnkişaf Agentliyinin rəhbərləri ilə görüşmüşük. Güman edirəm ki, müəyyən yeniliklər, lazımi addımlar atıla bilər. Vəziyyət çətin olsa da, düzəltmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.