Prezident İlham Əliyevin yeni Fərmanı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı da təsdiqlənib.
Sənədə əsasən, həmin mərkəzlərdə xidmətlər göstərəcək qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti daxildir.
Vahid əlaqələndirmə mərkəzlərində qeyd olunan qurumlar üzrə aşağıdakı xidmətlər göstəriləcək:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi;
tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat;
məşğulluq sahəsində göstərilən xidmətlər;
əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu;
Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu;
sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat.
Müdafiə Nazirliyi üzrə:
şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə);
müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.
Səhiyyə Nazirliyi üzrə:
tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:
hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi;
hərbi qeydiyyatda olma barədə arayış verilməsi.
Yerli icra hakimiyyəti orqanları üzrə:
yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu;
yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi;
şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:
Tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
immunoprofilaktikaya dair məlumat verilməsi;
tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:
şəhid statusu verilmiş şəxsin vərəsələrinə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
Qeyd edək ki, Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan dövlət orqanların göstərilən xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.