AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Toy qadağası aradan qalxdı, bəs siyasi toplantılar? - AKTUAL

  • + A
  • - A
  • 29-06-2021, 08:29


    Koronavirus pandemiyası dünyada səhiyyə sistemini, iqtisadiyyatı iflic etməklə yanaşı, siyasi azadlıqların da məhdudlaşdırılmasına gətirib çıxardı. Virusla mübarizə aparan ölkələrdə qapalı və açıq məkanlarda bütün kütləvi toplantılar qadağan edildi. Bura təkcə siyasi partiyaların, vətəndaş cəmiyyətinin aktivliyi deyil, bütün idman, mədəni-kütləvi tədbirlər daxildir. 2020-ci il ərzində davam etmiş sərt karantin rejimləri, eyni zamanda bu ilin yanvarından başlanan kütləvi peyvəndləmə virusun yayılmasını önləyə bildi. Nəticədə inkişaf etmiş ölkələrdə pandemiya qadağaları yumşaldıldı, açıq havada fəaliyyətlər bərpa olundu. Ötən il təxirə salınmış Avropa futbol çempionatı qismən də olsa, tamaşaçı kütləsinin iştirakı ilə keçirilir. Qərb dövlətlərinin siyasi həyatında da canlanma müşahidə edilir, mitinqlər, piketlər, seçki kampaniyaları ənənəvi qaynarlığını bərpa edir.

    Azərbaycan da pandemiyanı ağır keçirən ölkələr sırasındadır. Hökumət may ayından etibarən yumşaldılma qərarları verməyə başlayıb. Sonuncu belə addımlar iyunun 10-da metronun, iri ticarət mərkəzlərinin, iyunun 21-də isə toy, nişan, ad günü mərasimlərinin keçirilməsinə icazə verilməsi ilə bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın toylarla bağlı qoyduğu şərtlər və məhdudiyyətlər narazılıq doğurub. Çünki sahibkar, məclis sahibi və iştirakçılara paradoksal, hətta gülməli qadağalar qoyulub ki, ekspertlər bunun nəzarətedici qurumların korrupsiyasına geniş şərait yaradacağını bildirirlər.

    Başqa narahatlıqlar isə hökumətin kütləvi toplantılara bu qədər həssas, məhdudlaşdırıcı münasibətinin siyasi azadlıqları da uzun müddət buxovlayacağı ilə bağlıdır. Yəni pandemiyadan bəhanə kimi istifadə edib, Konstitusiyada nəzərdə tutulan sərbəst toplaşma azadlığı qadağan ediləcək, yaxud toylar kimi onu keçirənlərə elə ağır şərtlər qoyulacaq ki, hansısa siyasi təşkilat bu niyyətə düşmək istəməyəcək.

    Əlbəttə, pandemiyadan əvvəl də Azərbaycanda sərbəst toplaşma azadlığına ciddi məhdudiyyətlər vardı. 2019-cu ildən etibarən müxalifətin bütün müraciətlərinə əsaslandırılmadan rədd cavabı verilib. Amma bundan sonra hökumətin əlində əsaslandırılmış bəhanə var.

    İndi əsas sual bundan ibarətdir: növbəti yumşalma qərarları verilən zaman sərbəst toplaşma azadlığına qoyulmuş məhdudiyyətlər də götürüləcəkmi? Çünki toylara, açıq havada idman tədbirlərini izləməyə icazə varsa, mitinqlərin, piketlərin keçirilməsinə yasağın saxlanılmasının heç bir qanuni əsası qalmır.

    Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu barədə “Press Klub”un sorğusuna cavab olaraq bildirdi ki, toplaşma azadlığının bərpası ilə hər hansı müzakirənin gedib-getmədiyi barədə məlumatsızdır.

    Hüquqşünas Hafiz Həsənov “Press Klub”a şərhində xatırlatdı ki, artıq 2 ildən çoxdur xüsusi karantin rejimi ilə əlaqədar sərbəst toplaşmaq azadlığına qadağalar davam edir. O qeyd etdi ki, xüsusi karantin rejimi qaydaları xeyli yumşaldılsa da, 10 nəfərdən artıq şəxsin bir yerə toplaşmasına məhdudiyyətlər hələ də aradan qaldırılmayıb:

    “Hazırda qapalı məkanlarda onlarla, hətta yüzlərlə insanın iştirakı ilə tədbirlər, o cümlədən şənliklər keçirilməsinə imkanlar yaradıldığı halda, açıq məkanlarda insanların bir yerə yığışıb, öz fikirlərini ifadə etməsinə imkan verilməməsi hansı məntiqə söykənir? Axı, açıq havada 50 nəfərlik piketlərin keçirilməsində, müəyyən say həddi ilə mitinqlərin keçirməsində problem nədir? Hesab edirəm ki, belə bir halda sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərin aradan qaldırılmaması koronavurus pandemiyasından sui-istifadədir və insanların Konstitusiya ilə təsbit olunmuş toplaşmaq azadlıqlarının və Azərbaycanın insan hüquqlarına dair beynəlxalq öhdəliklərinin pozulmasıdır”. //PRESSKLUB.AZ//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR