Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Asetryan Gevorq Norairoviç ifadə verib.
O bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiriblər:
“Laçında səhərin açılmağını gözlədik. Səhər açıldı, qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadan, yola saldılar. “Ural”larla 40 dəqiqə yol getdik. Hansısa dağın ətəyində maşın dayandı. Orada dağı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. O zaman komandirimiz polkovnik-leytanant Arsen Kazaryan idi. O bizi dağın başında bir nöqtədə yerləşdirdi. Dedi ki, lazım olanda gələcək. 10 gündən çox orda qaldıq”.
O, dekabrın 13-də dağdan düşərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulduqlarını, heç bir müqavimət göstərmədən təslim olduqlarını, silahlarını Azərbaycan əsgərlərinə təhvil verdiklərini deyib.
G. Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqda ifadəsində bildirib ki, olduqları ərazidə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə silahla müqavimət göstərməklə bağlı tapşırıq alıblar.
Asetryan Gevorq Norairoviç bu ifadəsini təsdiqləyib.
Prosesdə Minosyan Mkrtıç Simonoviç də sərbəst ifadə verərək bildirib ki, Gümrü şəhərində yaşayıb, noyabr ayında hərbi komissarlığa çağırılıb: “Hərbi Komissarlıqda silahlandırıldıq. Bir avtomat və 4 ədəd patron daraqla təmin edildik. Gecə Laçına gəldik. Gecəni avtobuslarda yatdıq. Səhəri rus əsgərlərinin yanından keçdik. Bizi yoxlamadan yolu açdılar”.
Məhkəmədə elan olunub ki, M. Minosyan istintaqa ifadəsində müşahidə apardıqları yerə Azərbaycan əsgərləri gələcəyi halda onlara silahlı müqavimət göstərmək barədə tapşırıq aldıqlarını deyib: “Arsen Kazaryan bizə demişdi ki, durduğum yer Ermənistanın ərazisidir. Bu səbəbdən həmin ərazilərə qarşı tərəfin hərbçiləri gələcəyi, təqdirdə silahla onlara atəş açmalıydıq”.
Təqsirləndirilən Matesyan Edqar Vaçaqanoviç isə məhkəmədə sərbəst ifadəsində deyib ki, buna qədər Qarabağda olmayıb, hərbi xidmətini İrəvanda keçib: “Hərbi komissarın müavini Arsen Kazaryan bizi avtobuslara mindirdi və Laçına gətirdi”.
O da digər təqsirləndirilən şəxslər kimi, dağda postda müşahidə apardıqlarını deyib: “Bizi orada qoyun kimi atıb getdilər. Bəzilərimiz Arsen Kazaryana etiraz etdik ki, burada bizə ehtiyac yoxdur. Kazaryan dedi ki, kim qaçsa, 8 ildən 12 ilə qədər azadlıqdan məhrum ediləcək. Biz orada qalmağa məcbur olduq. Dedikləri vaxtda bizi geri qaytarmadılar. Daha sonra aşağı düşəndə Azərbaycan xüsusi təyinatları ilə rastlaşdıq. Silahlarımızı təhvil verərək təslim olduq. Onların komandirləri bizi çox anlayışlı davrandı, bizə siqaret, su verdi. Nə ifadə vermişəmsə, odur.
Bizə tapşırılmışdı ki, Azərbaycan tərəfindən kimsə onlara yaxınlaşarsa, müqavimət göstərək, məlumat çatdıraq”.
Qasparyan Qor Vaqramini də ifadə verərək əvvəlcə Laçına, sonra Hadruta getdiklərini bildirib : "Bir neçə gündən sonra dağdan düşəndə Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq. Silahlarımızı verərək təslim olduq”.
O bildirib ki, Laçında sülhməramlıların yanından silahları ilə birlikdə keçiblər.
Digər təqsirləndirilən şəxslər də Azərbaycan Ordusunun hərbçiləri onların olduğu əraziyə yaxınlaşacağı təqdirdə, silahla müqavimət göstərmək əmri aldlıqlarını deyiblər.
Proses iyulun 2-də davam etdiriləcək.