“Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib. Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur. Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.
AzadMedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.
XİN rəhbərinin sözlərinə görə, Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur:
“Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.
Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə C. Bayramov qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.