Lalə Azərtaş qalmaqallı çıxışına “sarkazm” dedi - Video
Bir neçə gündür ki, “Xəzər” TV-nin tanınmış siması Lalə Azərtaşın Azərbaycanda təbii qazın qiymətlərinin qalxması ilə bağlı şərhi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Azadmedia.az” xəbər verir ki, o, çıxışında bildirib ki, bu qaz bir az cibimizi yandıracaq:
“Günahkar bəllidir. Bu, koronavirusdur. Son bir ildə bütün dünya bazarlarında ərzaq məhsulları davamlı şəkildə artdı. İndi soruşuram: qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin”.
Onun bu şərhi qısa zamanda sosial şəbəkələrdə yayılıb və müxtəlif rəylərlə müşayiət olunub.
L.Azərtaş müzakirələr fonunda bu gün instaqram hesabında açıqlama yayımlayıb.
O, çıxışının təhrif olunduğunu bildirib:
“Sosial şəbəkələri mənim adımla bağlı təhrif olunmuş çıxışım zəbt edib. Böyük təəccüb və təəssüf içindəyəm. Təəccüblənirəm ki, nəyə görə - “qara piar”ı başa düşdüm, işiniz bundan qidalanmaq, qazanmaqdır – bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni – mürəbbə məsələsini fərqli başlıq altında insanlara yedirtməyə çalışdınız?
Ağzınız şirin oldu? Çətin!
Təəssüf edirəm ki, insanlarımız axıra qədər qulaq asmadan, oradakı səs tonunu tutmadan, eyhamı, sarkazmı, son cümlələrdəki qiymət artımına qəti qarşı olduğumu tutmadan nə əcəb əllərinə telefonlarını alıb, yazmağa başladılar?!
Amma həm də fərqli bir rahatlıq var içimdə - sevinc hissi var. bu gün qazi qardaşlarım, şəhid ailələri fərqli formalarda dəstək nümayiş etdirdilər.
Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq.
Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə demişəm, niyə demişəm”.