AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan müharibə meydanında göstərdiyi üstün performansı indi də dinc quruculuq cəbhəsində sərgiləyir

  • + A
  • - A
  • 8-07-2021, 13:09


    Əliabbas Salahzadə,
    Millət Vəkili


    Qalibiyyətlə nəticələnən müharibədən sonrakı düzəndə işğaldan azad olunmuş Qarabağda həyata keçirilməsinə start verilmiş quruculuq işləri belə deməyə əsas verir ki, Azərbaycan hərb tarixində, müharibə meydanında göstərdiyi üstün performansı indi də Qarabağın dirçəldilməsi naminə zəhmət cəbhəsində sərgiləyir və bu müstəvidə də başqalarına örnək sayıla bilər.

    Azad edilən ərazilərimizin bərpası ilə bağlı bu gün həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə aid dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Prezident tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər bir daha təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursunu özünün əsas missiyasına çevirmişdir.
    Məlum olduğu kimi, Prezident İlham Əliyev müharibədən sonra işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərlər edir. Bu səfərlər çərçivəsində yeni inkişaf istiqamətləri, yeni vəzifələr qarşıya qoyulur. Həmçinin səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cəlbedici bir məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir.

    Bölgənin inkişafının sürətləndirilməsi ilə bağlı bu il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzalanmış Prezident fərmanında da qeyd edilir ki, Azərbaycan xalqı Qarabağdakı ərazilərini böyük Zəfərlə 30 illik işğaldan azad edərək, öz tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. Təxminən bir qərinəlik dövr ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın yenidən dirçəldilməsi ölkənin siyasi-iqtisadi qüdrətinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

    Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, qarşıya qoyulan hədəfə nail olunmaqda dövlət qurumlarının və digər təşkilatların çoxşaxəli fəaliyyətinin sistemləşdirilməsi, eyni zamanda, idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2021-ci il tarixli fərmanı da ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin və siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir.

    Bu baxımdan, noyabrın 10-dan etibarən həmin bölgələrdə Azərbaycan dövləti adından suveren hakimiyyətin bütün funksiyalarını həyata keçirən orqan və strukturların yaradılması prosesinin sürətlənməsi, Qarabağın bərpası ilə bağlı 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 2,2 milyard manat məqsədli vəsaitin ayrılması, Şuşaya bu il istifadəyə verilməsi nəzərdə tutulan müasir standartlara uyğun yeni yolun çəkilişi, Füzuli rayonu ərazisində yeni beynəlxalq aeroportun tikintisi ilə bağlı qərar erməni vəhşilliyinə məruz qalmış və sözün həqiqi mənasında xarabazara çevrilmiş yurdumuzun yenidən çiçəklənməsi, orada normal həyata qayıdışı şərtləndirən əsas prinsiplərdən biri kimi qəbul olunmalıdır. Regionun təbii turizm potensialının yüksək olması da gələcəkdə bu bölgənin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın, Yaxın və Orta Şərqin istirahət-sağlamlıq məkanına çevriləcəyindən xəbər verir.

    Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bununla bağlı bir sıra əhəmiyyətli məqamlar qeyd olunub. Belə ki, sözügedən strategiyada işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasının, orada bütün region üçün əhəmiyyətli yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanılması nəzərdə tutulur. Bu isə heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsi, ölkədə sosial rifahın yüksəldilməsi üçün böyük perspektivlər vəd edir. Milli Prioritetlərdə işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, onların normal həyat üçün gərəkli olan infrastruktur və imkanların yaradılması əsas götürülür.

    İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında, mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında, zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən, qeyd olunan istiqamətlər üzrə işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan müvafiq strukturlara - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 manat, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 5 200 000 manat, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 5 400 000 manat, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 milyon manat vəsait ayrılıb.

    Həqiqətən də Qarabağdakı tarixi zəfər Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar açıb. Ölkə əhalisi hazırda böyük ruh yüksəkliyi yaşayır. İnsanların sabaha inamı, qurub-yaratmaq həvəsi yüksəlib. İndi Qarabağ torpağı düşmənin xaincəsinə basdırdığı minalardan təmizlənir, burada yeni işıq, təbii qaz xətləri bərpa edilir, rahat yollar salınır, hər yerdə lazımi infrastruktur qurulur. Bu geniş miqyaslı işlər başa çatdırılandan sonra Qarabağın həqiqi sahibləri öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıdacaqlar. Qarabağın dirçəldilməsi və inkişaf etdirilməsi ümumxalq işidir. Bu iş təkcə dövlətin, onun müvafiq qurumlarının üzərinə düşməməlidir. Özəl qurumlar, sahibkarlar, xaricdə yaşayan soydaşlarımız, ölkəmizin başqa bölgələrində məskunlaşan əhali, Azərbaycanın bütün vətənpərvər insanları bu xeyirxah missiyaya öz töhfələrini verməyə borcludurlar. Çünki Qarabağın yenidən qurulması igid əsgərlərimizin Qarabağda ağır döyüşlərdə qazandıqları şanlı qələbə qədər vacibdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR