Milli Məclisin deputatı Ceyhun Məmmədovun “Dini abidələrimizə qarşı erməni vəhşiliyi” adlı məqaləsi İordaniyanın “Nayrouz.com”, İraqın “Agnaden.net”, Əlcəzairin “Alharir.info” saytlarında dərc olunub.
Azadmedia.az xəbər verir ki, Məqalədə işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayının 403 olması qeyd olunur. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınması qeyd olunub. Bu vəhşilik digər dinlərin abidələrinə qarşı da törədilib. Ermənilər işğal etdikləri ərazilərdə Rus Pravoslav kilsəsini, Alban abidələrini də vəhşicəsinə dağıdıblar.
Müəllif daha sonra qeyd edir ki, ermənilər eyni vəhşiliyi, indiki Ermənistan ərazisində də törədiblər. Buradakı yüzlərlə müsəlman abidələri, məscidləri vəhşicəsinə dağıdılaraq yerlə-yeksan edilib. Yerevanın mərkəzindəki Sərdar məscidi tamamilə dağıdılmışdır. Azərbaycan xalqına məxsus Ermənistan ərazisindəki yeganə salamat məscid olan Göy məscid Ermənistana gələnlərə qədim İran məscidi kimi təqdim edilir. Əslində səmavi dinlərə görə məscid, kilsə və sinaqoq Allahın evi sayılır. Onları dağıtmaq bütün dinlərə görə günahdır. Bu onu göstərir ki, ermənilər üçün müqəddəs heçnə yoxdur.
Daha sonra məqalədə Azərbaycan xalqına məxsus tarixi abidələri, ziyarətgah və məscidləri, məzarlıqları dağıtmağın Ermənistanın vandalizm siyasətinin tərkib hissəsi olduğu, vəhşilik, vandalizm və islamafobiyanın Ermənistanın həyata keçirdiyi siyasətdə əsas yerlərdən birini tutduğu qeyd olunur.
Məqalənin davamında müəllif bildirir ki, heç şübhəsiz Azərbaycan bütün bu dini abidələri, məscidləri qısa zamanda təmir və bərpa edəcək. Artıq Şuşadakı Gövhərağa məscidində təmir və bərpa işləri yekunlaşıb. Eyni zamanda, Şuşada müasir yeni məscidin inşasına başlanılıb. Bu gün Ermənstandan fərqli olaraq Azərbaycanda bütün ibadət ocaqları, o cümlədən Bakının mərkəzində erməni kilsəsi, içərisində olan 5 min ədəbiyyatla birgə dövlət tərəfindən qorunur. Həmçinin Azərbaycanda 5 pravoslav, 1 katolik kilsəsi, 7 sinaqoq sərbəst fəaliyyət göstərir. Onların da hər birini dövlət qoruyur və himayə edir. Bu bir daha Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərir. Azərbaycanın bu uğuru beynəlxalq qurumlar, dünyanın tanınmış nüfuzlu dini liderləri tərəfindən də hər zaman yüksək qiymətləndirilir.
Məqalədə həmçinin bildirilir ki, beynəlxalq qurumlar son 30 ildə ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə laqeyd və biganə münasibət bəsləyiblər. Məhz bu səbəbdən ermənilər uzun illər məscidlərimizin dağıdılmasına, tariximizin saxtalaşdırılmasına davam ediblər.
Məqalənin sonunda müəllif bildirir ki, bu gün Ermənistan müsəlman ölkələri ilə dostluq əlaqələri qurmağa çalışır. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə münasibət bildirərək qeyd edib ki, müsəlman məscidlərini dağıdan ölkədən müsəlmanların dostu olmaz. Azərbaycan müsəlman ölkələrindən Ermənistanla əlaqələrdə onların bu vəhşiliklərinin nəzərə alınmasını və pislənilməsini istəyir.