AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına göstərilən dövlət qayğısı həm də onlara bütün Azərbaycan cəmiyyətinin ehtiramının ifadəsidir

  • + A
  • - A
  • 16-09-2021, 09:03


    Əliabbas Salahzadə,
    Millət Vəkili

    27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.

    Həmin gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.

    Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi.
    Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı.
    Noyabrın 8-də Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. 2 gün sonra - 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi. 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyuldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.
    Azərbaycan xalqı qələbədə payı olan, döyüşdə iştirak edən hər bir əsgərin əziyyətini yüksək qiymətləndirir, şəhidlərimizi ehtiramla, minnətdarlıqla anır, qazandığımız qələbəyə görə bir ömür onlara borlclu olduğumuzu anlayır. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş 3 hərbçiyə "Azərbaycanın Milli Qəhrəmanı”, 83 hərbçiyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, xeyli sayda hərbi qulluqçular, bir çoxu da ölümündən sonra “Zəfər”, “Qarabağ”, "Azərbaycan Bayrağı”, "Rəşadət” və "Vətənə xidmətə görə” ordenləri ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrimizin xeyli hərbi qulluqçusu "Vətən uğrunda” medalı ilə təltif olunub.
    Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq. Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadətə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.
    İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri, valideynləri, yaxınları, həmçinin hər iki müharibədə əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Ulu öndər Heydər Əliyevin dövlət başçısı olduğu zamanlar həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas siyasəti xəttini təşkil edirdi. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemləri aradan qaldırılırdı. Bu ənənə Ümummilli Liderin müzəffər davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Tarixi Qələbəmizin təmin olunduğu Vətən müharibəsi başa çatandan dərhal sonra ölkə Prezidentimiz şəhid ailələri, qazilər, müharibə iştirakçıları, həmçinin müharibədən ziyan çəkmiş insanlarımız barədə göstərişlər verdi, onlar tamamilə dövlətin qayğısı altına alındı.
    Bu gün şəhidlərimiz, qazilərimiz, ümumiyyətlə, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuz sahibidirlər, xalqımız şəhidlərimizi böyük ehtiramla anır, xatirələrini əziz tutur, qazilərimizə hörmətlə yanaşır. Bu həm də bizim vətəndaşlıq borcumuzdur. Onlar Vətənimizin birliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda şirin canlarını belə əsirgəmədilər. Bütün dünya Ali Baş Komandan başda olmaqla Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarından bəhs etdi. Vətən müharibəsində strateji və taktiki hərbi əməliyyatlarımız dünya hərb tarixində yeni bir səhifə açdı. Müharibədə iştirak etmiş hər bir şəxs qələbəmizin bir parçasıdır.
    Şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi bu cür sosial layihələrin icrasına diqqət yetirilmir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tapşırıqlarına əsasən bu kateqoriyadan olan insanların sosial qayğıları daim diqqət mərkəzində saxlanılır, onların aradan qaldırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlilləri üçün yaşayış komplekslərinin, şəhərciklərin inşa edilməsi, reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
    Dövlətimizin diqqət və qayğısı bununla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir.
    Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncamla bu istiqamətdə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.
    Vətən müharibəsindən bizi ayıran hər gün işğaldan azad olunan ərazilərin bərpasından, xalqımıza və dövlətimizə vurduğu yaraların tezliklə sağalacağından, verilən sözlərin qısa zaman kəsiyində reallaşacağından xəbər verir. Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına göstərilən dövlət qayğısı da xalqımız tərəfindən birmənalı şəkildə bəyənilir və ölkə rəhbərinə təşəkkürlər edilir. Bu qəbildən olan insanlara göstərilən qayğı həm də bütün Azərbaycan cəmiyyətinin ehtiramının ifadəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR