“İran, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi rol oynamaq istəyirsə, xarici siyasətində ölkələr arası milli maraqlara hörmətlə yanaşmalıdır” - bu sözləri, Azadmedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva qeyd edib. Politoloqun sözlərinə görə, Son günlərdə, Azərbaycan və İran münasibətlərində gərginliyə səbəb olan təhlükəsizlik məsələlərinin gündəmdə qaldığı tez-tez qeyd olunur -
"Görünür ki, İran Azərbaycanla Türkiyənin hərbi fəallaşmasını yüksək narahatlıqla izləyir. Eyni zamanda bu gün, İranın göstərdiyi etiraz dolu reaksiyalar Azərbaycan dövlətinin qələbəsi ilə nəticələnən II Qarabağ müharibəsindən sonrakı vəziyyətə olan reaksiya sayıla bilər. Hətda bunu da qeyd etmək yerinə düşərdi ki, Vətən müharibəsi dönəmində, Tehran müharibənin gedişatına təsir etmək üçün kifayət qədər gücü olmadı və hal-hazırda Türkiyə ilə Rusiya sülhməramlılarının Cənubi Qafqazda mövcudluğu İranın bölgədəki güc faktorunda bir növ zəiflədiyini göstərir.
Bir tərəfdən, İranın coğrafi vəziyyəti onun hər zaman yüksək gəlir mənbəyi olub, bunu da nəzərə alarsaq görünən odur ki, II Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından aktuallığı da azala bilər. Bundan əlavə, İran-ABŞ, İran-İsrail münasibətlərinin də kifayət qədər stabil olmadığı hamıya məlumdur, elə bu səbəbdən də irəli gələrək demək olar ki, bu gün "İranın yeni administrasiyası" Azərbaycanın İsrail və ABŞ-la olan əməkdaşlığı da daxil bir sıra amillərdə qısqanclıq nümayiş etdirir. Digər tərəfdən Atəşkəs razılaşması imzalama prosesi və nəticəsi İranı sistemdən tamamilə kənarda qoydu.
Heş şübhəsiz ki, müharibə dövründə Azərbaycanın təsirli və müasir silahlardan istifadə etməsi, döyüş texnikası və taktikasında əldə etdiyi uğurları regional aktyorların və dünyanın diqqətini cəlb etdi. Xüsusilə silahlı və silahsız pilotsuz hərbi təyyarələrdən müvəffəqiyyətli istifadəsi, ehtimal ki, İran tərəfindən də diqqətlə izlənildi. İranın izlədiyi qeyri-müəyyən münasibət, gömrük qapısında baş verən hadisələr, fotoları və videoları sosial mediada yayılan rus mənşəli hərbi materialların daşınması Azərbaycanda və eyni zamanda İranda yaşayan soydaşlarımızda böyük qəzəb və narahatlıq yaratdı. Müharibə boyu davam edən bu mövqenin üstünə, Cavad Zərifin Türkiyə Prezidenti Ərdoğanın Bakıda oxuduğu şeirə sataşması, əslində İran üçün daha mənfi nəticələr doğurdu və ölkənin daxili problemlərini daha da çətinləşdirdi."
Politoloq Piriyeva bildirib ki, 2020-ci il II Qarabağ müharibəsi dönəmi və sonrası İranın mövqeyinə diqqət edək.. - "Əslində, İran Ermənistan-Azərbaycan münaqişəsində bitərəf olduğunu rəsmən bəyan etməyə davam etdi. Ancaq bu bitərəflik bəyannaməsi, dünyadakı bütün şiələrin qoruyucusu olduğunu iddia edən rəsmi dövlət ideologiyası ilə ziddiyyət təşkil edirdi.
Bir tərəfdən İran, bir növ Azərbaycanın münaqişə ilə məşğul olmasını və bununla da ölkənin İrandakı azərbaycanlılar üçün cəlbedici olmamasını istəyən bir profil ortaya qoymuşdu. Digər tərəfdən isə, bu münaqişə səbəbiylə kütləvi qaçqın axını və müxtəlif qeyri-sabitlikdən də narahat idi. Onu da unutmaq olmaz ki, Qarabağ münaqişəsi zamanı Tehran, İrandakı azərbaycanlılar tərəfindən təzyiqlərə məruz qaldığında və ya İranın dövlət maraqlarını birbaşa təhdid etdiyi vaxtlarda anti-erməni ritorikasından da istifadə etmişdi.
Beləliklə, 2020-ci ilin sonunda baş verən II Qarabağ müharibəsi ilə Azərbaycan 30 ildir Ermənistan tərəfindən işğal edilmiş olan torpaqlarını bu işğaldan azad etməkdə əhəmiyyətli bir qələbə əldə etdi. Atəşkəsə səbəb olan 2020 -ci ilin noyabrında imzalanan müqavilə Rusiyanın vasitəçiliyi ilə imzalanmış, Türkiyə isə sülh missiyasına nəzarət etmək üçün Qarabağa əsgər göndərmək imkanı əldə etmişdi.
Siyasi arenada Cənubi Qafqazın ən əhəmiyyətli regional aktyorlarından biri kimi qəbul edilən İran, bu müharibə zamanı izlədiyi siyasəti balans anlayışı ilə izah etməyə çalışsa da, Azərbaycan ictimaiyyətinin sərt reaksiyası ilə həmçinin öz içində olan azərbaycanlıların reaksiyası ilə üzləşdi və nəticəyə təsir edən aktyor olma ehtimalını itirdi. İranın müharibə başlayana qədər rəsmi ritorikası və yanaşması müharibənin başlaması ilə böyük bir sınaqdan keçdi və İran hakimiyyətinin dilemmaları, tərəddüdlü və şübhəli addımları Tehranın Azərbaycana münasibətindəki qüsurları üzə çıxardı. Bununla belə, müəyyən edilir ki, Azərbaycan və Türkiyə İranı müharibədən və mümkün sülhdən sonra maraqlı tərəf kimi görmək istəyirdilər.
Həmin dövrdə Azərbaycan ordusunun 30 ildir Ermənistanın işğalı altında olan Qarabağ torpaqlarını azad etmək üçün apardığı hərbi əməliyyatla bağlı İrandan ziddiyyətli açıqlamalar diqqət çəkirdi. İran rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu və Bakıya qaytarılmalı olduğunu söyləsələr də, həm də Ermənistana silah verdikləri iddialarını da inkar edirdilər. Digər tərəfdən də, bir sıra şəhərlərdə nümayiş edən insanların Azərbaycana haqq işində dəstək verməsinin qarşısını İran polisi sərt şəkildə müdaxilə edərək alırdı. Hətda, Ərdəbil şəhərində polisin rezin güllələrdən istifadə etdiyi belə mətbuatın gözündən yayınmamışdı.
Eyni zamanda, Azərbaycan işğal etdiyi torpaqları azad etmədən əməliyyatı dayandırmayacağı açıqlamasını versə də, Tehran rəhbərliyi ən qısa zamanda atəşkəsə çağırmağa davam edirdi. Bundan başqa, İran lideri Əli Xamneyinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti hətta Ermənistanın təxribatı səbəbindən başlayan müharibədə Türkiyəni günahlandıran açıqlamalar verməyə qədər belə irəli gedirdi.
Belə ki, II Qarabağ müharibəsi vaxtı, Xamneyinin müşaviri Vilayəti aşağıdakı qalmaqallı ifadələrdən istifadə edərək - "Bu müharibə iki ölkə xalqının maraqlarına və bölgənin təhlükəsizliyinə ziddir. Xaricdə bəziləri müharibəni qızışdırır. Sionist rejim olan İsrail və Türkiyə kimi. Türkiyə niyə müharibədə israr edir? Türkiyədəki dostlarımıza yanğına benzin tökmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə kömək etməyi məsləhət görürük. Türkiyə savaşan tərəfləri və ya müharibə tərəflərindən birini təşviq etmək əvəzinə, barışı təşviq etməlidir," – demişdi.
Elə Vətən müharibəsi dönəmində, sosial mediada Ermənistana silah daşıdığı iddia edilən yük maşınlarının görüntüləri ortaya çıxdı. İran sərhəddindən Ermənistana hərbi maşın və silah aparan yük maşınlarının sosial mediada əks olunması Tehran rəhbərliyini çətin vəziyyətdə qoyduğu dönəmlərdə oldu. Ancaq İranın Şərqi Azərbaycan Vilayəti valisinin müavini Əliyar Rastqu, o vaxt mətbuata verdiyi açıqlamada, Ermənistanın Rusiyadan aldığı Kamaz yük maşınlarının İran sərhəddindən Ermənistana keçdiyini təsdiqləsə də, yük maşınlarının hərbi texnika daşımadığını iddia etmişdi.
Verdiyi açıqlamaların bir başqasında da, İranın fərqli mövqe izlədiyi açıq aşkar ortadaydı. Məsələn, Xamneyinin nümayəndələri olan cümə imamlarından dördü birgə bəyanat yayaraq "Dağlıq Qarabağın işğal altında olduğunu və Azərbaycana qaytarılmalı olduğunu" bildirmişdilər. Buna açıqlama gətirən İran Hökumətinin sözçüsü Rebii, dörd Cümə imamının ifadələrinin yalnız ruhanilərin fikirlərini ifadə etdiyini və bu mövzuda ölkənin rəsmi mövqeyinin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalarla təyin olunduğunu söyləmişdi.
Hələ bununlada qalmamış, İranda sosial mediada da Türkiyə və Azərbaycan qardaşlığı əleyhinə qaralama kompaniyaları davam edirdi. Məsələn - "Türkiyə Suriyadakı bəzi silahlı qrupları Azərbaycana köçürdü" kimi əsassız yazıların da yer aldığını hətda gördük.
O dövrdə İran Prezidenti Ruhani, toplantı sonrası mətbuata verdiyi açıqlamada, "Terrorçuların bir bəhanə ilə sərhədlərimizə keçməsini qəbul edə bilmərik, bu barədə qonşularımızı xəbərdar etdik,” kimi ifadələr də işlətmişdi.
Xüsusilə bu günlərdə - Öz torpaqlarını Güclü liderinin siyasi iradəsinin rəhbərliyində müzəffər ordusu ilə işğal altından azad edən Azərbaycan ilə İran arasındakı münasibətlər necə - qaneedicidirmi - son günlərdə nə baş verir?
Ötən günlərdə İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa yollanması ilə bağlı gərginlik fonunda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə üç gün içində iki dəfə görüşdü. Bu barədə İran səfirinin Twitter hesabında görüşün təfərrüatlarına varılmasa da, Azərbaycan tərəfi "Ermənistandan qanunsuz yollarla" Azərbaycan ərazisinə keçən nəqliyyat vasitələrinin saxlanıldığını bildirdi.
Bildiyimiz kimi, sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoydu və ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlanıldı.
Ancaq məlumdur ki, İran maşınlarının Qarabağa yollanması yeni bir məsələ deyil və bu barədə Azərbaycan hakimiyyəti yüksək səviyyədə buna öz sərt reaksiyasını həm II Qarabağ müharibəsi dönəmində və həm də indi göstərib.
Elə ötən ayın əvvəlində də, Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirinə müvafiq etiraz notasını vermişdi. Hətda, Azərbaycan XİN-in notasında "İranın yeni administrasiyası" ifadəsini vurğulamışdı. Əslində, açıq aydın görünür ki, Azərbaycan tərəfi məhz bu ifadəni istifadə etməklə xatırladırdı ki, yeni seçilmiş İran Prezidentinin administrasiyası Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirsələr də, xüsusilə son zamanlarda, İranın dostluq və qonşuluq əlaqələrimizin inkişafına yararlı olmayan hərəkətləri davam edir. Azərbaycan tərəfi olaraq rəsmi şəkildə etiraz etmiş olsaq da, etirazımıza heç bir şəkildə əməl olunmadı, elə bundan ötrü də, Azərbaycan tərəfi təkcə etiraz bildirməklə məhdudlaşmadı.
Məlumdur ki, iyun ayında Azərbaycanda keçirilən Türkiyə-Azərbaycan hərbi təlimlərinin ardınca İranda Hərbi Dəniz Qüvvələri, Ordu aviasiyası, Hava Hücumundan Müdafiə Qüvvələri, eləcə də Hərbi Hava Qüvvələrinin iştirakı ilə 1400 nəfərdən ibarət hərbi təlim keçirildi.
Bütün bunlardan sonra təəssüf ki, ötən həftə İran Azərbaycan və Türkiyənin Xəzərdəki təlim-məşqlərinə etirazını bildirdi. Ancaq Azərbaycanın güya İrana qarşı hədə olduğu da boş bir məsələdir. Çünki Azərbaycan heç vaxt qonşularla mübahisəli məqamları konflikt dərəcəsinə çatdırmaq istəməyib və istəmir.
Görünür, İranı siyasi qısqanclıq hissi bürüyüb, ancaq İran da nəzərə almalıdır ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi rol oynamaq istəyirsə, bundan minvalla, yürütdüyü xarici siyasəti ölkələr arası milli maraqlara hörmətlə yanaşı, qonşuları ilə gərginliyi azaltmaqdan yana olmalıdır."