“Bu 1 il ərzində, müharibə dövründə olduğu kimi Azərbaycan dövlətinin gücü və qüdrəti özünü bütün sahələrdə təsdiq etdi.”
Bunu Azadmedia.az-a açıqlamasında, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı deyib.
- 2020-ci il, Sentyabrın 27-də başlayan Zəfər tariximizin yazılmağa başladığı tarixi günün 1ili tamam oldu. Azərbaycan Parlamentinin Millət vəkili olaraq bir il ərzində baş verənlərə münasibətinizi və Azərbaycan xalqının tarixi qələbəsinin 1 ili münasibətilə nələri qeyd edərdiniz?Millət vəkilinin sözlərinə görə, Biz tarixi qələbənin başlanğıcının ərəfəsindəyik. Bəli, 27sentyabr, 2020-ci ildən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman silahlı qüvvələrimiz Ermənistanın geniş miqyaslı hücumlarına dağıdıcı cavablar verərək, onun mövqelərini alt-üst edərək, düşmənə ağır zərbələr vuraraq əks-hücum əməliyyatına başladı - "Deyərdim ki, bu Azərbaycan dövlətçilik tarixində ən uğurlu və qürur doğuran hadisə kimi millətimizin və dövlətimizin tarixinə qızıl hərflərlə həkk olundu. Artıq Zəfər tariximizdən bir il ötür. Biz, əlbəttə bu bir il ərzində silahlı qüvvələrimizin igidliyi və qəhrəmanlığı, aparılan döyüş əməliyyatlarının yüksək vətənpərvərliyə söykənən peşəkarlığının şahidi olduq. Həmçinin Ali Baş Komandanımızın yüksək sərkərdəlik məharətinin, diplomatiya və informasiya cəbhəsində çox peşəkar və yüksək səviyyəli fəaliyyətinin dəfələrlə şahidi olduq və bu bütün bunlar bizə çox böyük şərəf gətirdi. Bunu yerli və beynəlxalq media arenasında, sosial media aləmində bütün dünya gördü.
Beəliklə, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ali Baş Komandanın rəhbərliyində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, dəmir yumruq əməliyyatı adı altında böyük zəfərə imza atdı.
Şəhidlərimizin qəhrəmanlığından bəhs edən xatirələrdən də belə bir nəticəyə gəlirik ki, Azərbaycan xalqı qəhrəman xalqdır, torpağına, vətəninə çox bağlı xalqdır, öz dövlətinin, dövlətçiliyinin keşiyində duran, ona bütün ruhu ilə bağlı olan xalqdır. Doğrudan da, qürurverivi bir mənzərədir. Ölkə rəhbəri, Ermənistanın imzalamış olduğu kapitulyasiya aktından dərhal sonra işğaldan azad olunmuş rayonlarımızı, yaşayış məskənlərimizi yenidən qurmaq, ora həyatı qaytarmaq, uzun illər boyu bu yurdumuza həsrəti öz içində yaşadan doğma el-obalarına qayıtmağı gecə-gündüz arzulayan soydaşlarımızın rahat və təhlükəsiz həyatının qurulması üçün ciddi addımlar atmağa başladı."
F.Ağamalı qeyd edib ki, İlk növbədə, yeni infrastruktur yaradılması üçün vacib addımlar atıldı. Avtomobil yollarının çəkilişinə başlanıldı. Elektrik enerjisinin bərpası həyata keçirildi. Mədəniyyət beşiyimiz olan Şuşada illər boyu yaşanan su problemi həll olundu. Ağıllı kənd, ağıllı şəhər layihələri ilə Qarabağa yenidən həyat vermənin ilk təməlləri qoyuldu -"Böyük tarixi əhəmiyyət kəsb edən Fizuli hava limanı istifadəyə verildi, Zəngilanda və Laçında yeni hava limanlarının təməlləri atıldı. Dəmir yolunun çəkilişi yönündə olduqca əhəmiyyətli addımlar atılmaya başlanıldı. Bu gün artıq vandalların, vəhşilərin yerlə-yeksan etdiyi yurdumuza həyat qayıtmağa başlayıb. Orada ciddi mahiyyət daşıyan bərpa və quruculuq işləri böyük sürətlə davam edir. Əlbəttə, mən tam əminəm ki, yaxın bir-iki il ərzində bizim dəyərli soydaşlarımız öz evlərinə qayıtmaq imkanı qazanacaqdır və buna qətiyyən şübhə yoxdur.
Bu bir il ərzində, müharibə dövründə olduğu kimi Azərbaycan dövlətinin gücü və qüdrəti özünü bütün sahələrdə təsdiq etdi. Ölkə Prezidentinin qətiyyəti və polad iradəsi, diplomatik məharəti, yüksək liderlik keyfiyyətləri bütün parametrlərdə bir daha özünü ifadə etməyə başladı. Artıq xüsusi olaraq, Qarabağa təşkil olunan səfər və bu səfərlərdə diplomatların olması, eyni zamanda, xarici və ölkə mediasının təmsilçilərinin ardı arası kəsilməyən səfərləri, QHT-lərin ziyarəti, ölkəmizə gələn ayrı-ayrı yüksək səviyyəli siyasətçilərin, dövlət adamlarının gəlişi və işğaldan azad olunmuş ərazilərimizə olan səfərləri böyük əhəmiyyət kəsb edir. Onlar gördüklərini əlbəttə, bizimlə bərabər, həm də özləri ilə, xaricə məlumat olaraq götürür, mətbuata açıqlama verirlər.
Bu baxımdan xüsusi olaraq mən, həm də qeyd edərdim ki, hər birimizin böyük məhəbbətlə sevdiyimiz Rza Diqqəti bəyin əmək və xidmətlərini də unutmamalıyıq.
Şuşada festivalların keçirilməsi – “Xarı Bülbül”, “Vaqif Poeziya Günləri”, “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı” həm Şuşanın dəyərini artırmaqla bərabər, onun həqiqətən, mədəniyyət beşiyi olduğunu bir daha təsbit edir. Bununla yanaşı, bu cür tədbirlər, ermənilərə ciddi psixoloji zərbələr endirir."
- Türkiyə-Azərbaycan iqtisadi əlaqələrində yeni yol xəritəsi artıq aydındır.
Hətda bu yaxınlarda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı - "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoydu. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açıldı. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq,” - dedi.
- Qeyd edim ki, xüsusilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının daha da gücləndiyi hər istiqamətdə hiss olunur. Bu qardaşlıq bağlarının daha da möhkəmləndiyi hər iki ölkənin insanları tərəfindən də göz qabağındadır. Həm iqtisadi, həm ticari, həm də hərbi baxımdan baş verən bu hadisələr haqqında fikirlərinizi Azərbaycanın nöqteyi-nəzərindən öyrənə bilərikmi? Xüsusilə bu mövzuda iki ölkənin son zamanlar siyasi mövqelərini qiymətləndirmənizi istərdik.Millət vəkili bildirib ki, Əlbəttə, bu prosesdə istər müharibə dövründə, istərsə də ondan sonra qardaş Türkiyə bütün mənalarda bizlərlə bərabərdir -
"Türkiyə prezidenti çox hörmətli və böyük dəyər verdiyimiz, sevdiyimiz Rəcəb Tayyip Erdoğanın bütün komandası ilə Azərbaycanın yanında olması, Azərbaycanın qələbə çalmasında özünün müstəsna əhəmiyyətini və dəyərini göstərdi. İndi yenə də, Türkiyə qardaşımız olaraq bizimlə bərabərdir. Müharibədən sonra cənab Erdoğanın həyat yoldaşı Əminə Erdoğan xanımla və ölkə prezidenti cənab Əliyevin I vitse-prezident, ölkənin I xanımı Mehriban xanım Əliyeva ilə barabər avtomobil vasitəsilə bütün işğaldan azad olunmuş ərazilərimizdən keçərək Şuşaya getmələri çox vacib idi.
Prezident Erdoğan bütün olanları gözləri ilə gördü. Erməni vəhşiliyinin şahidi oldu. Bununla da demiş olduğu sözlərin əminliyinə bir daha xüsusi bir impuls gəldi. Ondan sonra artıq, baxın, cənab Erdoğanın bütün çıxışlarında daha kəskin ritorika, qətiyyətli fikir özünü ifadə etməkdədir. Onun BMT-nin kürsüsündəki çıxışı xüsusilə diqqəti cəlb etdi. O Azərbaycanın haqq işini BMT-nin 76-cı toplantısında etdiyi çıxışla dünya ölkələrinə mesaj verdi, ondan sonra da Azərbaycanla bərabər olacağını önə çəkərək yaranmış olan yeni reallığa region dövlətlərinin uyğun davranışlarının vacibliyini dilə gətirdi. Bu reallıq, Azərbaycan ordusunun - şəhidlərinin, qazilərinin qələbəsi hesabına yaranan reallıqdır. Bu reallığı nəzərə alaraq Azərbaycanın irəli sürmüş olduğu regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunmasına yönəlmiş addımların atılmasını və Ermənistana ünvanlanan sülh sazişinin bağlanmasına onun müsbət cavab verməsinin zəruriliyi bir daha qeyd olundu.
“Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, Türkdilli dövlətlərin vahid ittifaqda birləşməsinə əhəmiyyətli dərəcədə töhvələr verir.”
Ümumiyyətlə, qardaş Türkiyə ilə bizim münasibətlərimiz bütün sahələrdə özünün yüksək inkişaf mərhələsini yaşamaqdadır. Biz, qardaş ölkəmiz Türkiyə ilə iqtisadi, mədəni, sosial, siyasi və hərbi əməkdaşlığımızı inkişaf etdirməkdəyik.
Ulu Öndərimizin söyləmiş olduğu “Bir millət, iki dövlət” aforizmi bütün parametrlərdə öz tədiqini tapıbdır. Bu qardaşlıq münasibətləri bundan sonra da yeni-yeni zirvələr fəth edəcəkdir və bu münasibətlərlə, həm də digər Türkdilli dövlətlərin vahid bir məkanda bir ittifaqda birləşməsinə əhəmiyyətli dərəcədə töhvələr verməklə onun təməlini qoymaqdayıq."
Reportajı hazırladı - Ülkər Piriyeva