Xəbər verdiyimiz kimi, respublikamızın ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa ədliyyə nazirlərinin konfransında iştirak edib, ölkəmizdə məhkəmə-hüquq sistemində tətbiq olunan innovasiyalar barədə çıxış edib, bu sahədə müsbət təcrübəmizlə bölüşüb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin Azadmedia.az-a verdiyi məlumata görə səfər çərçivəsində həmçinin, konfransda iştirak edən Macarıstan və Türkiyə ədliyyə nazirləri, Estoniyanın nümayəndə heyətinin rəhbəri ilə ikitərəfli görüşlər keçirilib.
Macarıstanın ədliyyə naziri Yudit Varqa ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, hüquqi əlaqələrimizin genişləndirilməsində imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Ədliyyə və məhkəmə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılaraq macarıstanlı nazir ölkəmizin nailiyyətlərinə maraq göstərib, bu sahədə müsbət təcrübəmizlə tanış olmaq barədə niyyətini bildirib.
Post-konflikt dövründə görülən işlərlə bağlı məlumat verən Azərbaycanın ədliyyə naziri Vətən müharibəsində Macarıstanın ədalətli münasibətini xüsusi qeyd edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə, eləcə də azad edilmiş ərazilərimizdə bərpa və mina təmizləmə işlərinə göstərdiyi dəstəyi təqdir edib.
Səfər zamanı Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ilə görüş olub.
Dost və qardaş ölkələrimiz arasında əlaqələrin müttəfiqlik münasibətlərinə uyğun inkişafının vurğulandığı görüşdə bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi rolu qeyd edilib.
Azərbaycanın ədliyyə naziri Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqının, qardaş ölkənin bütün yüksək rəsmi şəxslərinin, o cümlədən həmkarı Abdulhamit Gülün mənəvi dəstəyini vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya səfəri zamanı Azərbaycan-Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyətə malik olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. Xatırladıb ki, Şuşa Bəyannaməsi rəhbər tutularaq iki ölkənin Ədliyyə akademiyaları arasında imzalanmış Anlaşma Memorandumu ilk sənədlərdən olmaqla əlaqələrimizin dərinləşməsinə xidmət edir.
Vətən müharibəsində Böyük Qələbə münasibətilə bir daha təbrikini ifadə edən A.Gül türk dövlətlərinin ədliyyə və məhkəmə sahəsində nailiyyətlərinin dünyada yayılması və təbliğinin əhəmiyyətinə toxunaraq bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Ədliyyə nazirliklərinin əməkdaşlığı ilə bağlı niyyətini bildirib.
Macarıstana səfər çərçivəsində həmçinin, Azərbaycan və Estoniya Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ölkə Prezidentinin Sərəncamı ilə verilmiş səlahiyyətə əsasən sənədi ədliyyə naziri Fikrət Məmmədov, Estoniya nümayəndə heyətinin rəhbəri, Ədliyyə Nazirliyinin vitse-kansleri Vilyar Piip imzalayıb.
Memorandum məhkəmə və ədliyyə sahəsində əməkdaşlığı, təcrübə mübadiləsini, mediasiya institutunun, e-ədliyyənin və e-məhkəmənin təşviqini, ədliyyə işçilərinin və hakimlərin təlimini və digər sahələrdə birgə tədbirləri nəzərdə tutur.
Tərəflər imzalanan sənədin qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını bildiriblər.
Keçirilən görüşlərdə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işlərindən bəhs olunub, həmsöhbətlərin diqqəti xüsusilə yenidənqurma prosesinə ciddi mane törədən və mülki insanlar arasında qurbanlara səbəb olan Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin minalanması faktına cəlb edilib.
Tədbirlərdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.