Şəhid Famil Əlizadənin adına bulağın açılışı olub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 19 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Famil Əlizadənin adına bulağın açılışı olub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, dəmir yumruqlu oğullarımızın qəhrəmanlığı sayəsində 30 ildir ki, düşmən tapdağında olan torpaqlarımız işğaldan təmizləndi: “Hər bir şəhid adı bizim üçün əzizdir, müqəddəsdir. Famil təkcə Habilin deyil, hər birimizin sevimlisi, fəxridir. Bu ailənin acısı hamımızın acısıdır. Təsəlli tapırıq ki, Famil kimi igidlərimiz torpaq uğrunda canlarını fəda etdilər, doğma yurda layiqli övlad olmağı bacardılar...”
Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin direktoru Rahib Babayev, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çıxışlarında qeyd ediblər ki, xalqımız heç vaxt Famil kimi igid qəhrəmanlarını unutmayacaq.
Şəhidin atası Habil Rəhimov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.
Sonra xatirə-komleksinin açılışı olub, bulaq üzərinə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Məlumat üçün bildirək ki, Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.
Famil Əlizadə Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri F.Əlizadə Füzuli rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Subay idi. 2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra «Vətən uğrunda», ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva