Oktyabrın 29-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin oktyabrın 20-dən 22-dək Yunanıstanın paytaxtı Afina şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib. Bildirib ki, səfərdə məqsəd Parlament sədrlərinin Avropa konfransında iştirak etmək idi.
Milli Məclisin sədri qeyd edib ki, Parlament sədrlərinin ilk Avropa konfransı 1975-ci ildə baş tutub. O vaxtdan bəri bu tədbir ənənəvi olaraq 2 ildən bir ya Strasburqda, ya da Avropa ölkələrindən birinin paytaxtında keçirilir. Bu dəfəki konfransda Avropa Şurasının üzvü olan 47 ölkənin parlament sədrləri, habelə müşahidəçi dövlətlərin 400 nəfərədək təmsilçisi iştirak edirdilər.
2 gün davam edən toplantıda müxtəlif mövzular ətrafında səmərəli müzakirələr aparıldı. Mən də 2 mövzu üzrə çıxış etdim.
Oktyabrın 21-də konfransın açılış mərasimində "Demokratiya COVID-19 pandemiyasının səhiyyədə yaratdığı böhranla üz-üzə: təcrübə mübadiləsi, növbəti addımlar" mövzusunda aparılan müzakirələrdə iştirak etdim.
Çıxışımda mən bu qlobal bəlaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verdim. Pandemiyanın bir çox ölkələrdə ciddi çətinliklərə səbəb olacağı, inkişaf meyillərinə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlığımı ifadə etdim.
Həmçinin, ölkəmizin pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışdım. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təklifi ilə ötən ilin dekabrında Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirildiyini, bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsi üçün yenə də Qoşulmama Hərəkatı adından Azərbaycanın irəli sürdüyü qətnamə layihəsinin BMT-nin İnsan Hüquqları Şurasında bu ilin mart ayında yekdilliklə qəbul edildiyini də xatırlatdım.
Onu da bildirdim ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə çıxması məqsədi ilə qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, oktyabrın 22-də konfransda “Bütün Avropa vətəndaşlarının ümumi gələcəyi” mövzusunda keçirilən müzakirələrdə onun növbəti çıxışı olub. Çıxışında belə bir fikrini ifadə edib ki, müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkün olmadığını göstərir.
Çıxışında qeyd edib ki, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması üçün vahid yanaşma formalaşdırılması zəruridir.
Ermənistanla Azərbaycan arasında mövcud olmuş və artıq keçmişdə qalmış münaqişənin həlli ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsini ortaq həll yolunun tapılmaması ilə əlaqələndirib. Bildirib ki, uzun illər münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması idisə, digər səbəbi isə təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərinə məhəl qoymayan, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi də olub. Əgər münaqişənin həllində ikili standartlara yol verilməsəydi, Azərbaycan işğal edilmiş torpaqlarının azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, digər beynəlxalq təşkilatların sənədlərini öz gücü ilə icra etməyə məcbur olmazdı.
Sahibə Qafarova xatırladıb ki, ötən il sentyabrın 27-də Ermənistanın daha bir təxribatından sonra Azərbaycan BMT-nin Nizamnaməsi ilə nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı dayandırmaq və Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün əks-hücum əməliyyatlarına başladı. Xalqımızın 44 günlük Vətən müharibəsi nəticəsində biz beynəlxalq ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Bununla da Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yarandı.
Ermənistan yeni reallıqla barışaraq onu qəbul etməli, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış və bölgənin sülh və təhlükəsizlik məkanına çevrilməsinin parametrlərini özündə ehtiva edən üçtərəfli bəyanatları tam yerinə yetirməlidir.
Milli Məclisin sədri qeyd edib ki, konfransın davam etdiyi günlərdə bir sıra ikitərəfli görüşlər də keçirilib. Sahibə Qafarova Avstriya Parlamenti Milli Şurasının sədri cənab Volfqanq Sobotka, İsveçrə Federal Assambleyası Milli Şurasının sədri cənab Andreas Aebi, Monteneqro parlamentinin sədri cənab Aleksa Becic, Moldova Parlamentinin sədri cənab İqor Qrosu ilə aparılan danışıqların faydalı olduğunu deyib. Sədr səfər çərçivəsində ATƏT-in Parlament Assambleyasının sədri xanım Marqareta Sederfeltin istəyi ilə onunla da görüş keçirdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova bildirib ki, bütün bu görüşlərdə o, 44 günlük Vətən müharibəsində Azərbaycanın 30 ildən bəri Ermənistanın işğal altında saxladığı torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Qeyd edib ki, bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb.
Görüşlərdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan üçtərəfli Bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirir, lakin Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneçilik törədir. 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. Görüşlər zamanı Sahibə Qafarova xüsusi vurğulayıb ki, Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində bu günədək 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.
Nəzərə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və bəzi beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin hələ də işlədilməsi yolverilməzdir. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Həyata keçirilən quruculuq işləri bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə əlverişli şərait yaradacaqdır.
Milli Məclisin sədri səfərin uğurlu keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətimizin hər bir üzvünə minnətdarlığını bildirib.
Sonra plenar iclasın 12 məsələdən ibarət gündəliyi təsdiq olunub və cari məsələlərin müzakirəsinə başlanıb.
Cari məsələlərin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlardan Məlahət İbrahimqızı, Razi Nurullayev, Fazil Mustafa, Əli Məsimli, Elman Nəsirov, Elşən Musayev, Tural Gəncəliyev, Ramin Məmmədov, Müşfiq Cəfərov çıxış ediblər.
Deputatlar Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanın TBMM sədri Mustafa Şentopa təbrik məktubunu alqışlayaraq Türkiyə dövlətini və xalqını təbrik ediblər, Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliklərini ifadə ediblər. Deputatlar Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətinin Parlament sədrlərinin Avropa konfransında iştirakının əhəmiyyətindən danışıblar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu kimi səfərlərin önəmli rol oynadığını bildiriblər.
Çıxışlarında deputatlar gündəmdə olan və seçiciləri narahat edən bir sıra məsələləri diqqətə çatdırıblar. Millət vəkilləri "Freedom House"un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmənin, onunla eyni ampluada çıxış edən "The National İnterest" dərgisində ölkəmiz əleyhinə dərc olunan məqalənin böhtan xarakterli və qərəzli olduğunu qeyd ediblər.
Sonra Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb.
Birinci olaraq müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.
Bildirilib ki, sənədə əsasən, 2015-ci il mayın 25-də imzalanmış Sazişin qüvvədəolma müddəti tərəflərin Saziş üzrə öhdəliklərin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə bu ilin sonunadək uzadılacaq.
Sənədin müzakirəsində Qüdrət Həsənquliyevin və Səməd Seyidovun fikirləri dinlənilib. Qanun layihəsi səsvermədən sonra tək oxunuşla qəbul edilib.
Sonra müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Vatikan arasındakı münasibətlərə diqqət çəkib.
Qanun layihəsi ilə bağlı Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli söz alıb. Bildirib ki, dini sahədə dünya siyasətinə böyük təsiri olan bir dövlətlə - Vatikanla diplomatik münasibətlərin səfirlər müstəvisində qurulması birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə xidmət edir. Bu qanun layihəsini də deputatlar tək oxunuşla qəbul ediblər.
Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd haqqında Milli Məclis sədrinin birincici müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, irəli sürülən dəyişiklikdə 2021-ci il 15 oktyabr tarixli "Müstəqillik Günü haqqında" Qanuna uyğun olaraq Əmək Məcəlləsində də mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi nəzərdə tutulub.
Layihənin müzakirəsində söz alan deputatlar Fazil Mustafa, Əli Məsimli, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı məsələ barədə fikirlərini açıqlayıblar.
Layihə səsə qoyularaq qəbul edilib.
Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Komitə sədri bildirib ki, dəyişiklikdə “daxili emal” xüsusi gömrük proseduru altında malların idxalı zamanı sahibkarlardan tələb olunan maliyyə təminatının məcburi olmaması təklif edilib. Birinci və ikinci oxunuşlarda heç bir təklif olmadığı üçün mətn olduğu kimi saxlanılıb.
Sənədlə bağlı Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli və Tahir Kərimlinin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin 5-ci məsələsi olan “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verib. O, bildirib ki, layihə "Mühasibat uçotu haqqında" Qanuna uyğunlaşma xarakteri daşıyır, sənədin əvvəlki oxunuşlarında heç bir irad və təklif bildirilməyib. Layihə səsə qoyularaq təsdiq olunub.
Üçüncü oxunuşda olan digər qanun layihəsi “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə idi. Sənəd haqqında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qeyd edib ki, dəyişikliyə əsasən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edəcək. O, layihənin ikinci oxunuşunda deputatların səhiyyə sahəsi ilə bağlı qaldırdığı məsələlərə də aydınlıq gətirib.
Musa Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva layihə ilə bağlı müzakirələrdə çıxış edib suallarını səsləndiriblər, fikirlərini bildiriblər. Əhliman Əmiraslanov qaldırılan məsələlərlə aydınlıq gətirdikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsini (üçüncü oxunuş) də Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Sənədlə bağlı ikinci oxunuşdan sonra komitəyə heç bir təklifin daxil olmadığını deyən komitə sədri layihənin səsə qoyulmasını təklif edib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Parlamentin spikeri bildirib ki, bununla da üçüncü oxunuşda olan qanun layihələrinin qəbulu başa çatıb, növbəti 4 məsələ ikinci oxunuşda olan qanun layihələridir.
8-ci məsələ olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) təqdimatı üçün söz yenə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə verilib.
O, bildirib ki, dəyişiklik torpaq islahatı dövründə pay torpağı almış ailələrin torpaqla bağlı sənədlərinin qaydaya salınması zamanı tələb olunan rüsumun dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur. Komitə sədri qanun layihəsinin birinci oxunuşunda deputatlar tərəfindən qaldırılan məsələlərin qanunun predmetinə aid olmasa da, araşdırıldığını və lazımi məlumatların təqdim edildiyini qeyd edib.
Layihə ilə bağlı Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev çıxış edib, aqrar sahə ilə bağlı fikirlərini ifadə edib. Sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərovun təqdimatından sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) də səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İkinci oxunuşda müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri isə bir-biri ilə bağlı olduğu üçün bir yerdə təqdim olunub.
Layihələr barədə məlumat verən Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev hər iki sənədin birinci oxunuşda geniş müzakirələrində deputatların qaldırdığı məsələlərlə bağlı arayış verib, komitədə ikinci oxunuşda müzakirədə təklif olunan layihələrdəki mətnlərin eyni olması ilə bağlı redaktə xarakterli texniki düzəlişin mahiyyətcə heç nəyi dəyişdirmədiyini bildirib. Deputat Vüqar Bayramovun və Siyavuş Novruzovun çıxışları da dinlənildikdən sonra hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Gündəliyin sonuncu məsələsi olan “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra deputatlar tərəfindən səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.