AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlər Kompleksi xalqın mübarizə tarixini özündə əks etdirir

  • + A
  • - A
  • 8-11-2021, 18:08

    Şəhidlər Kompleksi xalqın mübarizə tarixini özündə əks etdirir

    Masallıdayam. Rayonun ən müqəddəs ziyarətgahına çevriləcək Şəhidlər Kompleksinin açılışına gəlmişəm. Kompleks o qədər möhtəşəm salınıb ki, ərazini gəzdikcə bir daha belə qəhramanları olan ölkənin vətəndaşı olduğun üçün fəxr edirsən, qürur duyursan. Son bir ildə bir sıra rayonlarda Şəhidlər Xiyabanlarında həyata keçirilən yenidənqurma işləri, şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar, şəhid ailələrinə olan qayğıkeş münasibət xalqın, dövlətin öz şəhidinə verdiyi qiymətin təzahürüdür. Masallı rayonundakı Şəhidlər Kompleksi də sadaladığım diqqət və ehtiramı özündə ehtiva edir. Bu kompleksi fərqləndirən, ona təkrarsızlıq qazandıran bir sıra amillər var ki, bu amillərin hər biri özlüyündə milli tariximizin, qəhrəmanlıq salnaməmizin carçısıdır. Şəhidlər Kompleksi

    Masallıdakı Qəhrəmanlar Parkında yerləşir. Bu möhtəşəm Kompleksi müqəddəs edən 247 Masallı şəhidinin xatirəsi, abidəsi, büstüdür. Kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin fotoları, onlarla bağlı informasiyalar öz əksini tapıb. Kompleksi ziyarət edən qonaqlar Masallı rayonunun şəhidləri ilə bağlı bütün zəruri məlumatları əldə edə, bu rayondan olan soydaşlarımızın erməni işğalına qarşı mübarizədəki fədakarlığına şahid ola bilərlər.

    Ayrıseçkilik etmədən həm Birinci Qarabağ Müharibəsinin, həm də İkinci Qarabağ Müharibəsinin bütün şəhidləri haqqında məlumatlar cəmlənib, vahid platforma əsnasında ictimaiyyətin diqqətinə çatdırılır. 247 şəhidin daşdan boylanan şəkillərinə baxdıqca dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizənin nə qədər müqəddəs olduğunu daha dərindən anlayırsan.

    Qeyd edim ki, kompleksdə Masallı rayonundan olan bütün şəhidlərin – 247 şəhidin hamısının xatirəsi əbədiləşdirilib. Şəhidlərin 242-si haqqında məlumat fotolar və qısa informasiyalar halındadır. Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 5 nəfər şəhidimiz haqqında bilgilər isə büstlər və onların üzərindəki məlumatlar şəklində əks olunub. Onlardan 3-ü Birinci Qarabağ Müharibəsinin Milli Qəhrəmanı, 2-i isə 44 günlük İkinci Qarabağ savaşının Vətən Müharibəsi Qəhrəmanıdır.

    Kompleksdə Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi ilə yanaşı, həm də müstəqilik tariximizin ayrı-ayrı dönəmlərinə məxsus mübarizə tariximiz əks olunub. Buna nümunə olaraq Şəhidlər Kompleksində 1990-cı ilin 20 Yanvar tarixinə aid abidəni göstərmək olar. Bu abidə Azərbaycan xalqının bu günə - öz müstəqilliyinə və ərazi bütövlüyünə hansı mübarizələrdən, sınaq və imtahanlardan keçib gəldiyini göstərir.

    Masallıdakı Şəhdilər Kompleksində erməni faşizminin Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərini əks etdirən guşə də mövcuddur. Guşədə 1992-ci ilin 26 fevral Xocalı soyqırımı ilə bağlı abidə yer alır. Xocalı soyqırımı ilə bağlı inşa edilən abidə sadəcə gənclərin deyil, gələcəkdə bu rayona səfər edən xarici turistləri, əcnəbi vətəndaşları Xocalı soyqırımı, erməni cinayətləri haqqında məlumatlandırmaq baxımından da böyük önəm kəsb edir.

    Şəhidlər Kompleksində Vətən müharibəsi ilə bağlı abidələrdən biri də 3.6 metr hündürlüyündəki möhtəşəm “Dəmir yumruq” abidəsidir. Bu abidə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi “Dəmir yumruq əməliyyatı”na hörmət və ehtiram əlaməti olaraq ucaldılıb.

    “Dəmir yumruq” abidəsi ölkə başçısının tarixi xəbərdarlığının heykəlləşən təsdiqidir. Əminliklə demək olar ki, bu abidə, ümumilikdə bu kompleks hər zaman xalqımızın ən müqəddəs and yerlərindən biri kimi ziyarət ediləcək, gələcək nəsillər ən böyük həqiqətləri bu məkanı ziyarət etməklə əldə edəcəklər. Masallıdakı Şəhidlər Kompleksi bu gündən – Zəfər Gününün birinci ildönümündən etibarən istifadəyə verilsə də, artıq çoxdan mediada bu komplekslə bağlı bir sıra məlumatlar yer almaqdadır.

    Milli tariximizə, vətənimiz və dövlətimizə böyük töhfə olan bu kompleks millət vəkili Məşhur Məmmədovun maddi-mənəvi dəstəyi nəticəsində ərsəyə gəlib. Hər zaman təqdirəlayiq əməllərin müəllifi olan, gördüyü əməllərdən bəhs etməyi sevməyən millət vəkili, Masallıdakı Şəhdilər Kompleksi kimi möhtəşəm layihəyə imza atmaqla əməli ilə demək istəyir ki, hər kəsin bu xalq, bu dövlət üçün edə biləcəyi xidməti var. Önəmli olan heç bir qarşılıq və təmənna gözləmədən xalqa, tariximizin yaşamasına əlindən gələni edə bilməkdir.
    Masallıdan Kompleksin əzəmətindən ruh alaraq, qəhramanların daşdan boylanan qürurlu şəkillərindən, xalqımızın böyüklüyünü, əzmkarlığını Parkın hər hörülən daşında hiss edərək xoş təəssüratlarla ayrılıram. Gələn dəfə şəhid ailələrinin xoş günlərinə qatılmaq üçün gəlmək ümidi ilə...

    Xəlil Xəlilov,
    Bakı-Masallı

































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR