Masallıda “Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib - Fotolar
“Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 17 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar “Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib.
Belə ki, tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev açıq elan edib və Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Seyfəddin Əliyev çıxış edərək bu əlamətdar gün münasibəti ilə tədbir iştirtakçılarını təbrik edib və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edən Seyfəddin Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Tədbirdə Masallı rayon İcra hakimiyyəti Başçısının I müavini Məmmədhüseyn Hüseynov çıxış edərək vurğulayıb ki, “Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbənin, Zəfər gününün 1 illiyinə təsadüf edir. 29 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyasının zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır.”
Tədbirdə Rayon Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev çıxış edərək bildirib ki, “29 illiyini qeyd etdiyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.”
Tədbirdə həmçinin partiya fəallarından Cəmaləddin Ağayev, Rafiq bağırov, Dilbər İbayeva və başqaları çıxış edərək bildiriblər ki, “Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 29 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.”
Sonda bir qrup gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Ülkər Piriyeva