Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Dövlət başçısı cənab İlham Əliyevin Brüssel səfəri Avropa İttifaqının və NATO-nun Azərbaycana dəstəyini aydın şəkildə göstərdi. Prezidentin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlər, Şarl Mişelin üçtərəfli görüşün nəticəsi ilə bağlı bəyanatında əksini tapan müddəalar ümumilikdə ölkəmizin mövqeyini əks etdirir.
İlham Əliyevin Şərq Tərəfdaşlığının Sammitində çıxışını, həmçinin İspaniyanın “El Pais" qəzetinə müsahibəsini yada salsaq görərik ki, Brüssel səfəri həm mahiyyət, həm keçirilən görüşlərin tərkibi baxımından diqqətçəkən və əhəmiyyətlidir. Soçi görüşü, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı, dekabrın 15-də isə Şərq Tərəfdaşlığının VI Sammiti Azərbaycanın yeni reallıqlar fonunda beynəlxalq imicinə, yerinə və roluna, güclənən mövqeyinə işıq saldı. Ölkə Prezidenti Sammitdə bir daha bildirdi ki, Ermənistanla ölkəmiz arasında konstruktiv mühit hökm sürür. Regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsi vacibdir. Biz gələcəyə baxmalıyıq. Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirdi. Son beynəlxalq görüşlərdə ölkımizə münasibət cənab İlham Əliyevin peşəkar diplomat olmasını bir daha sübut etdi. Azərbaycan münaqişənin həllini tapmadığı dövrlərdə məsələnin həlli üçün bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə edirdi, təəssüflər olsun həmin dövrdə bəzi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini özündə əks etdirən qərar və qətnamələr qəbul etsələr də kağızdan əmələ keçmə zamanı gözləmə mövqeyində dayanmağa üstünlük verirdilər. Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüquqdan məsələyə ədalətli yanaşma istəyirdi. Azərbaycan belə bir gərgin geosiyasi vəziyyətdə 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibə aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz oğullarımızın canından keçməsi hesabına olsa da, cəsarət göstərdik, düşməni qovaraq yeni reallıq yaratdıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.
Etiraf edək ki, dünya güclərinin və nüfuzlu beynəlxalq təşkilatların bugünkü fəallıqları 30 ilə yaxın işğal dövründə nümayiş olunsaydı, Ermənistana beynəlxalq təzyiq güclənsəydi, 44 günlük İkinci Qarabağ savaşı yaşanmazdı. Əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən, ərazi iddialarından çəkinməlidir. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, uzunmüddətli sülhdə maraqlı olan ölkələrin səyləri müsbət nəticə verə bilər.
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi, Makronun rəsmi səhifəsində bu görüşü paylaşaraq Azərbaycan dilində status yazması bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.