“Ukrayna ilə energetika sahəsində yeni planlarımız var” - İlham Əliyev
“Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq”.
Bunu yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir: “Şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.
Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.
Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.
Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.
Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun”.