Bakı Şəhəri İcra Hakimiyyəti və Sübhnur Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətiylə “Gələcəyin ulduzları” adlı tədbir və sərgi təşkil edilib. Tədbirdə millət vəkilləri Razi Nurullayev, Aydın Mirzəzadə, ziyalılar Salman Əliyev, İradə Əlili və digərlər ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan mərkəzin direktoru Gülnarə Hüseynova gələn qonaqları salamlayaraq bu ilki balaca məzunları, eləcə də bütün uşaqları bayram münasibətiylə təbrik edib.
Daha sonra uşaqlar tərəfindən hazırlanan airobika gimnastikası izlənilib, gənc xanəndələrin möhtəşəm muğam ifaları dinlənilib.
Tədbirdə çıxış edən Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Razi Nurullayev və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə tədris mərkəzinin məzunlarını təbrik edərək onlara sertifkatlarını təqdib ediblər.
Deputat Razi Nurullayev çıxışında bildirib ki, ölkəmizin gələcəyi bu günkü uşaqlarımızın təhsilindən asılıdır. Deputat vurğulayıb ki, güclü dövlət, güclü cəmiyyət istəyiriksə uşaqlarımıza gözəl, qayğısız həyat bəxş etməliyik, yaxşı təhsil verməliyik və bunun üçün də vətəndaşın sosial rəfahını yaxşılaşdırmalıyıq.
Deputat Aydın Mirzəzadə də çıxışında uşaqları təbrik edərək, onların Azərbaycanın gələcəyi olduğunu bildirib. O, təhsilin önəminə diqqət çəkərək uşaqlara gələcək həyatlarında uğur diləyib.
Tədbir 3 saylı orta məktəbin şagirdlərinin hazırladıqları rəqs nömrəsiylə sonlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.