Nübar Bayramova,
ADPU-nun Quba filialınının dekan müavini,
Psixoloq
Artıq son zamanlarda intihar mövzusu gündəmdə olan mövzulardan biri sayılır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ancaq ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Dünya üzrə statistikaya nəzər salsaq görərik ki, intihar halları daha çox yeniyetmələr arasında olur.
Elə bu səbəbdən də yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparılacağını bilməlidirlər.
Bilirik ki, yeniyetmə yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir. Bu dövr bir il tez və ya gec başlaya və qurtara bilər. Yeniyetməlik dövrünü “keçid”, “təhlükəli”,“dönüş” və s. dövrü adlandırırlar. Məhz, həmin dövrdə oğlan və qızların fiziki və psixi inkişafında müxtəlif keyfiyyət dəyişiklikləri baş verir. Artıq bu dövrdə yeniyetmələr özlərini böyük bir şəxsiyyət kimi hiss etməyə başlayır, qərar və seçimlərinin sərbəst olduğunu hiss etməyə və nümayiş etdirməyə çalışırlar. Bu dövrdə artıq həyatın mənası, ölümlə bağlı müxtəlif suallar onları düşündürməyə başlayır. Bütün bu halları nəzərə alaraq, problemin həlli yolunu axtarmaqda Azadmedia.az olaraq ilk növbədə PSİXOLOQLARA üz tutduq. Əziz oxuyucularımız, diqqətiniz bizdə olsun..
Bir sıra səbəblər kimi, müxtəlif intihar hadisələrinin MEDİADA çox paylaşılması da intihara sürükləyən və buna meylləri artıran səbəblərdəndir!
Elə cəmiyyətimizdəki bəzi bu tərz məqamları da nəzərə alaraq, Gənclərə mənəvi-psixoloji cəhətdən zəif anlarında anlayışlı davranmaq, bu uğursuzluğun heç də həyatın mənası olmadığını anlatmaq, sevgi və qayğı ilə əhatə etmək həm valideyn, həm də müəllimlərin həm vicdanları və həm də cəmiyyət qarşısında olan borclarıdır!
Deməli bir insan özünü cəmiyyətdən kənarlaşdırmağa başladığı anda artıq həyacan təbili çalınmalı onu düşdüyü quyunun içindən çıxarmaq üçün dəstək göstərilməlidir!
Bu fikirləri Azadmedia.az-a açıqlamasında Psixoloq Nübar Bayramova bildirib.
Çıxış yolu yoxsa soyuq qətl?!
Zamanın heç zaman qocalmayan əbədi xəstəliyi - İntihar. İnsan özünü dərk etdiyi gündən ya bu xəstəliklə savaşır, ya da əksinə onu çıxış yolu kimi görür. Ancaq çox təssüflər olsun ki, son zamanlarda kiminsə intihara təşəbbüs etməsi artıq insanları təəcübləndirmir, sıradan bir hadisə kimi baxılır, bu isə son nəticədə belə halların sayını artması ilə nəticələnir. İnsanlar arasında intihar edənlərə müxtəlif səpkili münasibətlər mövcuddur. Kimi onları “ruhi xəstə”, kimi “zəif insan”, kimi “allahın qarşısında günah edən bir bəndə” və s. adlandırır. Lakin zaman keçdikcə, yaranan ən qorxulu məqam isə ümumilikdə cəmiyyətdə buna laqeyd münasibətin formalaşmasıdır. İnsanlar hər hansı bir intihar hadisəsi ilə qarşılaşdıqdan sonra onun necə böyük bir bəla olduğunu dərk edir və müzakirələrə başlayır. Lakin bu problemin ən qorxulu və incə məqamı ondadır ki, onunla nə zaman və yaxud harda üzləşələ biləcəyimizi bilə bilmirik. Heç bir ailə, heç bir insan ondan sığortalanmayıb. Hər hansısa ailədən eşitdiyimiz bu əhvalat hər birimizin ailəsində baş verə bilər.
Bəs görünməz bu təhlükədən necə qorunmaq olar? Bəlkə cəmiyyət insanları intihara aparan yolları, təşviq edən səbəbləri daha çox araşdırmalıdır, nəinki intihar hadisələrini gündəmdə saxlayıb onları insanın gözündə adiləşdirməklə sayını artırmamalı.
Bəs intihar nədir? - İnsanın qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Onun nə yaşı, nə peşəsi, nə sosial statusu, nə də ki, bəlli zamanı vardır. Ən qorxulusu isə heç kim ondan sığortalanmamışdır. Lakin qurbanları nə qədər fərqli insanlar olsa belə onların həyatlarını araşdıranda oxşar məqamları tapa bilirik. Yəqin məhz, bu məqamlar insanları intihara sürükləyən pillələrdir.
Heç bir insan problemlərdən sığortalanmayıb. Əksinə problemlər bizim həyatımızı rəngləndirir, inkişafa doğru hərəkətləndirir. İnsan problemlərdən qorxmamalı, əksinə onları idarə etməyi bacarmalıdır. Lakin, təəsüflər olsun ki, hamı bunu bacarmır, problemlərinin qarşısında əzilir, diz çökür, çarəsizləşir, ümidsizləşir. İnsan kiçilir, problemləri isə əksinə böyüyür. Ən təhlükəli məqam isə insanın öz gözündə və düşüncəsində özünün kiçilməsi, dəyərini itirməsidir. Bax bu zaman onu ətrafı, ailəsi, əzizləri ilə əlaqəsi itir. Özünə qapanır, özünə nifrət edir və cəzalandırmağı qərarlaşdırır. Sanki özü özünün düşməninə çevrilir. Bu hiss zaman keçdikcə qüvvətlənir və öz kulminasiya nöqtəsinə çatdıqda insana öz həyatına son qoya biləcək qədər güc verir.
Deməli bir insan özünü cəmiyyətdən kənarlaşdırmağa başladığı anda artıq həyacan təbili çalınmalı onu düşdüyü quyunun içindən çıxarmaq üçün dəstək göstərilməlidir.
Bəs hansı insanların bu duruma düşmə ehtimalı daha çoxdur?! - Alimlərin araşdırmalarına görə, uşaqlıqda ailə sevgisindən qıtlıq çəkən, uşaqkən təzyiq görən, öz güvəni zəif olan, anasız, yaxud atasız böyüyən şəxslərin gələcəkdə problemlərin qarşısında əzilmə ehtimalı daha çoxdur. Ona görə də, uşaqlarımızı böyüdərkən bu ehtimalı unutmamalı, özgüvənlərini, özünə inamlarını zədələyəcək izlər qoymamalıyıq. Çünki gələcəkdə bu izlər intihar adlanan qorxunc bir bəlanın qaynağına çevrilə bilər.
İnsanları intihara sürükləyən səbəblər çoxdur, lakin onları qruplaşdırmağa çalışaq:
1. Sevgi qıtlığı - insanın ailəsində, dostlarının arasında, hətta iş yerində belə təklənməsi, ətrafındakıları tərəfindən uzaqlaşdırılması, bəzən də sevdiyi bir insan tərəfindən tərk edilməsi, xəyanətə uğradılması insanın özünü yalnızlığa təhkim etməsinə səbəb olur;
2. İnsanın yaxınlarının, yaxud özünün belə öz üzərinə daşıya biləcəyindən qat-qat artıq məsuliyyət yükləməsi onun gücünün vaxtsız tükənməsinə və öz güvəninin yoxa çıxmasına səbəb ola bilər;
3. Xüsusən gənclərin ailəsinin onların arzu və istəklərinin üzərinə sədd çəkməsi onları ümidsizləşdirə, həyatlarını mənasızlaşdıra bilər;
4. Ailədə sevginin qeyri-düzgün paylanması, yaxud uşaqlara verilən sevgi və imkanların ədalətsiz olması onlarda yalnızlıq duyğusu yaradır, özünü dəyərsiz hiss etməsinə səbəb olur;
5. Yarımçıq ailədə böyümək, yaxud, öz ailəsinin dağılması, sevdiyi insan tərəfindən tərk edilməsi, tanıdığı, yaxud tanımadığı insanlar tərəfindən cinsi zorakılığa məruz qalmaq son nəticədə insanda bütün bunların əvəzini öz canıyla çıxmaq istəyi yaradır.
6. Müxtəlif intihar hadisələrinin mediada çox paylaşılması da buna meylləri artıran səbəblərdəndir.
Bu addımı atmış insanların arxasından deyilən bəzi kəlamlar (şükr canı qurtardı, rahatlaşdı və.s) belə bu mərhələdə olan insanları intihara daha da yaxınlaşdırır, intiharı geganə çıxış yolu kimi qəbul etmələrinə əminliklərini daha da artırır.
İlk növbədə, bir fikri hər zaman ətrafımızda möhkəmləndirməyə çalışmalıyıq. İntihar çıxış yolu deyildir. Bunu etməyə hər kəs borcludur. Nəzərə alsaq ki üç ilə yaxın pandemiya dövrünü yaşamış insanlarda post pandemiya stressinin də olması zaman keçdikcə buna meyyli insanların çoxalmasına səbəb olur. Xüsusən də gənclər, tələbələr arasında arasında tez-tez təkrarlanan intihar halları bu işdə müəllimlərin də üzərinə böyük məsuliyyət qoyur. Tələbələrin imtahan sessiyalarında uğursuz nəticə göstərməsi, ailəsi tərəfindən psixoloji təzyiqlərə məruz qalması gəncləri bu addıma asanlıqla sürükləyir.
Gənclərə bu anlarda anlayışlı davranmaq, bu uğursuzluğun heç də həyatın anlamı olmadığını anlatmaq, sevgi və qayğı ilə əhatə etmək həm valideyn, həm də müəllimlərin həm vicdanları və həm də cəmiyyət qarşısında olan borcudur.
Ali məktəblərdə bu sahədə fəaliyyət göstərəcək psixoloji xidmətin olması, xüsusən imtahan sessiyası dönəmində onları cəsarətləndirməli, uğura inandırmalı, tək olmadıqlarını, onların hər birinin əvəzsiz olduqlarını, həyatlarındakı problemləri idarə etməyin heç də çətin omadığını dərk etdirməlidirlər.
Hər bir gəncin intiharı, yarımçıq qalmış arzu, cəmiyyətimizin yarımçıq qalmış gələcəyidir. Onları qorumaq isə bizim sağlam gələcəyimiz qarşısında olan müqəddəs vəzifəmizdir!
İntihardan uzaq durun. Yaşamaq o qədər gözəldir ki, onu yarımçıq qoymağa bizim ixtiyarımız yoxdur. Əksinə, bu dünyada onu gözəlləşdirmək üçün hər şey vardır. Sadəcə onları vaxtında, yerində və lazım gəldiyində görmək lazımdır. Sadəcə buna inanın, özünüzə inanın, inanın ki, həyatda ən qiymətli varlıq insanın öz həyatıdır. Ozünüzü sevin ki, yaşamağı da sevəsiniz!!!
Nübar Bayramova,
ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekan müavini, baş müəllim, psixoloq, inklüziv təhsil üzrə ekspert, dissertantReportajı hazırladı: Ülkər PİRİYEVA