AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Fərrux Əliyev: ”Özünəqəsd hallarının əsas səbəbləri arasında, sosial medianın və kütləvi informasiya vasitələrinin bəzən apardığı zərərli təbliğat dayanır” - REPORTAJ

  • + A
  • - A
  • 16-06-2022, 16:42

    Psixoloq Fərrux Əliyev: ”Özünəqəsd hallarının əsas səbəbləri arasında, sosial medianın və kütləvi informasiya vasitələrinin bəzən apardığı zərərli təbliğat dayanır” - REPORTAJ
    Fərrux  Əliyev
     “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının psixoloqu



    İntihar və psixi pozğunluqlar arasında əlaqə kifayət qədər yaxşı müəyyən edilib.
    Lakin bir çox intihar halları böhranlı anlarda - insan həyatın gərginliyi, mənəvi zədələr, maddi problemlər, şəxsi münasibətlərin qırılması və ya xroniki ağrı və xəstəliklərə dözə bilməyəndə baş verir.
    Bu gün cəmiyyətimizdə gəncləşən intihar halları hər birimizi məyus edir.
    Məhz bu səbəbdən də bütün bəşəriyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün Azadmedia.az olaraq Psixoloqlara üz tutduq. Əziz oxuyucularımız diqqətiniz bizdə olsun!


    Özünəqəsd hallarının əsas səbəbləri arasında qloballaşan dünyamızda informasiya bolluğunun olması, ağır iş rejimi ilə yüklənmə, sosial medianın və kütləvi informasiya vasitələrinin bəzən apardığı zərərli təbliğat dayanır.
    Bu fikirləri Azadmedia.az-a açıqlamasında Psixoloq Fərrux Əliyev bildirib.



    İNTİHAR VƏ ONUN SƏBƏBLƏRİ

     
    Ölkəmizdə vaxtaşırı intihar hadisələri ilə qarşılaşırıq. Bəzən bu tip hadisələr tez-tez təkrarlanır. Getdikcə özünəqəsd hallarının daha da aşağı yaş qruplarında özünü göstərdiyini müşahidə edirik. Bu problem təbii haldır ki, biz psixoloqları daha çox narahat edir. Qarşımıza bu sualları qoyub cavab tapmağa çalışırıq. “Görəsən bu mənfi halın getdikcə artmasının səbəbi nədir?”, “Nədən qaynaqlanır?”, “Necə qarşısını almaq olar?”.


    Hələ 2005 – 2006-cı illərdə, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər il dünyada 500 min özünəqsəd halları və 7 milyona yaxın da özünüqəsdə cəhdetmə halları qeyd olunmuşdur. İntihar edənlərin 50 faizi müxtəlif psixotik xəstəliklərdən (Şizofreniya, qısa psixiatrik pozuntu, şizoaffektiv pozuntu və s) əziyyət çəkənlərdir. Amma yerdə qalan 50 faizi isə normal insanlardır. İntiharın səbəblərinə diqqət yetirək.

    Özünəqsəd – psixoloji hadisədir. İnsan bilərəkdən, şüurlu olaraq iradi-emosional vəziyyətinə görə özünü həyatdan məhrum etmək istəyir.

    Özünəqəsdin psixologiyası, hər şeydən öncə ümidsizliyin psixologiyasıdır.


    Ümidsizlik şüurun qorxulu surətdə daralmasıdır. Ümid olduqda, insan ən təhlükəli sınaq və əziyyətlərə qatlaşır. Ümidin itirilməsi halında insan məhz özünəqəsdə meyllənir. Ümidsizlik insana özünü başqa bir vəziyyətdə təsəvvür etməyə imkan vermir. Düçar olduğu daimi əzab-əziyyətlərdən qurtarmaq  yolunu insan özünə qəsd etmədə görür. Özünə qəsd edən öz “Mən”inin qara bir nöqtəsinə bağlanır və eyni zamanda o öz iradəsi ilə hərəkət edə bilmir. İnsan özünü həyatdan ona görə məhrum etmək istəyir ki, o özündən uzaqlaşa bilmir, özünə qapılır. Özündən uzaqlaşmağı isə o yalnız özünə qəsd etməkdə görür.

    Özünə  qəsdetmənin müxtəlif tipləri vardır. İnsanlar özlərini təmiz sevgiyə görə, güclü ehtirasdan və ya uğursuz ailə həyatına görə, yaşamağın ləzzəti itdiyinə görə, iradəsizlikdən, gücsüzlükdən biabırçılıqdan və namusunu itirməməkdən ötrü, var-dövlətini itirdiyinə görə, satqınlıqdan qaçmaq üçün, sağalmaz xəstəliyə tutulmaq və əzab-əziyyət çəkmək qorxusundan öldürürlər.

    Özünəqəsd bəzən estetik motivlərə: cavan ölmək, gözəl ölmək arzusuna, özünə xüsusi simpatiya qazanmaq istəyinə görə də ola bilir.


    Özünə qəsd etmənin motivləri müxtəlif olsa da, o həmişə ümidsizliyin yaşanması və ümidin itirilməsi deməkdir.


    Bəzən belə bir fikir yaranır ki, özünəqəsd həyata  və onun nemətlərinə nifrətin nəticəsidir. Lakin, həqiqətdə belə deyildir. Özünə qəsdetmə həyata və onun nemətlərinə xüsusi məhəbbətdir. İntihar edən şəxs, həyatın nemətlərinin ona verilməsinə inanmır. O, bədbəxt, mənasız həyata, ona nəsib olmayan həyatın nemətlərinə nifrət edir. Daha mənalı və xoşbəxt həyat istəyir. Lakin imkanları onu ümidsiz edir.

    Yeniyetmə və gənclərdə baş verən intiharın də özünəməxsus səbəbləri var. Bu yaş dövrünə davamlı olmayan emosionallıq və çılğınlıq xasdır. Bu tip çılğınlıq və təlqinə meyllilik suisidal davranışlar yaradır. Bu, başqasının dərdinə şərik olmaqda, ədəbiyyatda və kinoda rastlaşdıqları ilə özünü eyniləşdirməkdə, obraza tez uyğunlaşmaqda, mövcud olmayan situasiyalara görə həqiqi emosional sarsıntı keçirməkdə özünü göstərə bilir.

    Özünəqəsd hallarının daha bir səbəbi isə, qloballaşan dünyamızda informasiya bolluğunun olması, ağır iş rejimi ilə yüklənmə, sosial medianın və kütləvi informasiya vasitələrinin bəzən apardığı zərərli təbliğatdır.

    İnsan psixikasının dərinliklərinə nəzər salaq: Gördüyümüz, eşitdiyimiz hər bir informasiya ya dərk olunaraq şüura və ya dərk olunmayaraq altşüura keçir. Bir çox hallarda emosional vəziyyətimizi şüurumuz deyil, altşüurumuz idarə edir və səbəbləri bizə məlum olmur. Bir sıra insanların həyatında baş verən qəmli hadisələr, cürbəcür serialların təbliğ etdiyi pessimist əhval-ruhiyyə, gündəmi zəbt edən şou proqramlar, insanların emosiyalarını sıradan çıxarır. Artıq insan öz halını dərk etməkdə belə çətinlik çəkir. Çünki, psixikası hazır olan təlqinlərdən çox yüklənir və analiz etməyi bacarmır. Bir növ “manqurt”laşır. Mənfi avtomatik fikirlər ona güc gələrkən, onları müsbətə çevirməyi bacarmır. Bu zaman ağır depressiv hallarla qarşılaşır. Ağır depressiv hallar müalicə və korreksiya olunmadıqda intihara yol açır. Uşaq yaşlarından bu tip təbliğatla və təlqinlə yüklənənlər, bir dönəm sonra daha təhlükəli vəziyyətlə üz-üzə qalır. Kənardan hansısa bir hadisə, onun ruhiyyəsində özünə yer etmiş mənfi əhvalı oyadır.

    Cəmiyyətdə artan templə gedən intihar prossesinin qarşısını almaq üçün mütləq psixoloji və psixoterapevtik xidmətin əlçatan oması vacibdir.


    Bu tip insanlarda ilk öncə öz halına qarşı neqativ münasibət formalaşdırılmalıdır. Bu prosesi bacarmaq üçün mütəxəssis psixoloqların köməyinə ehtiyac duyulur. Başqa bir vasitə, insanları sosial media və kütləvi informasiya vasitələrinin zərərlərindən qorumaq üçün təbliğatın aparılmasıdır. İnsanlar bu vasitələrdən düzgün istifadə etməyə vərdiş etdikdən sonra, özünəqəsd hallarının faizi nəzərəçarpacaq dərəcədə azalacaq.
     

    Reportajı hazırladı: Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR