Xalqımız 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəni hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Torpaqlarımız bir-birinin ardınca işğal olunurdu.
Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider,böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada bildi.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər.Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Xalqımız ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz varsad O, Heydər Əliyevdir çağırış edirdilər. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi.Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Azərbaycan Ali sovetinin sədri Heydər Əliyev 1993-cü il iyunun18-də respublika televiziyası ilə xalqa müraciətində demişdir: “Ancaq bu hadisələr baş verən kimi bir çox təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı şəxslər, siyasi xadimlər, ziyalılar bu hadisələrə qiymət vermiş, bu barədə öz münasibətlərini bildirmişlər. Mən də bu məsələyə dair öz münasibətimi bildirmişəm. Bir daha qeyd edirəm ki, bütün bu qanlı hadisələri, qardaş qırğınını törədənlər, onu təşkil edənlər, bu cinayətdə iştirak edənlərin hamısı, - hansı tərəfdən olursa-olsun, - mütləq qanun qarşısında məsuliyyətə cəlb olunmalıdırlar. Bu gün böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iyunun 4-dən keçən müddətdən bəri bu gərginlik nəinki aradan götürülməyib, hətta günü-gündən artıbdır.
İyun ayının 9-da bu hadisələrin araşdırılmasında, xüsusən əmələ gəlmiş gərginliyin, mürəkkəb vəziyyətin aradan qaldırılmasında, məsələlərin həll olunmasında iştirak etmək üçün mən Naxçıvandan Bakıya dəvət olunmuşam. Həmin gün Bakıya gəlmişəm və ondan bəri bu işlərdə çox fəal iştirak edirəm. Bir vətəndaş, azərbaycanlı kimi şəxsən mənim əsas məqsədim yaranmış bu gərgin vəziyyəti tezliklə aradan qaldırmaqdan, bu məsələnin sakit, sərbəst, təmkinli bir şəraitdə araşdırılmasını təmin etməkdən və günahkarları meydana çıxarmaqdan ibarətdir.”
Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevrilir və çevriləcəkdir.
Tağıyeva Əntiqə, Masallı rayonu, Hişkədərə kənd sakini