Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin cəza müddəti artırılıb.
Onun barəsində Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədr əvəzi Ramiz Göyüşov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə.Əliyevə 6 ay həbs cəzası verilib.
Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və o, ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, VİP sədri 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-nin helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayəti əsasında 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hərbçilər VİP sədrinin onların barəsində böhtan xarakterli çıxışlar etdiyini iddia edirdi. R.Göyüşov isə VİP sədrinin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini bildirir.
Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə Ramiz Göyüşovun intim videosu yayılmış, bundan sonra o, YAP-dan kənarlaşdırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.