2020-ci ilin 44 günlük müharibəsinin sonunda imzalanmış 10 Noyabr bəyanatından sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətlərində nə qədər səmimi olduğunu göstərməsi, 30 il ərzində səsləndirilən bəyanat və çağırışlarda nəyi hədəflədiyini sübut etməsi baxımından unikal imkan idi.
Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələriydi. Təəssüf ki, Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkdilər.
Bütün bunların nəticəsidirki Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olundu. Aksiya iştirakçılarının haqlı tələbi Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməsidir.
Bu baxımdan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Rusiya sülhməramlıları nə 10 Noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır.
Xatırladaq ki, Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılmış, lakin danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib və sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Riyad Rüstəmli
ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru