Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisin deputatıBu gün yeniləşən dünyazımda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə, insanlara daha çox sülh lazımdır. Beynəlxalq platformalarda müxtəlif mövzuların müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu gün bütün münaqişələrin həllini və dünyanın yeni arxitekturasını daha yaxşı, səmərəli təşkil etmək, eyni zamanda iqtisadi və hərbi güc sahibi dövlətlərin maraqlarını təmin etmək üçün yeganə mexanizm sülhün vasitəsi ilə sağlam dialoqun təşviqidir.
Beynəlxalq təşkilatların münaqişələrin həllini yalnız sülhdə, dialoqda gördüklərinə baxmayaraq, son dönəmlərə real təcrübədə iqtisadi dayanıqlılığı, geniş hərbi imkanları olan dövlətlər daha çox öz maraqlarına nail ola bilirlər. Həm yaxın şərqdə yerləşən münaqişə ocaqları, həm də artıq bir ildir ki davam edən Rusiya-Ukrayna müharibəsi aydın şəkildə dünya ictimaiyyətinə göstərir ki, bir sıra dövlətlər hərbi güc hesabına məqsədlərinə nail olmağı hədəfləyirlər.
Lakin, istər dünya siyasətçiləri, liderləri, istərsə də bu gün öz maraqlarını daha çox önə çıxaran siyasi hakimiyyətlər gözəl başa düşürlər ki, güc vasitəsilə hər hansı bir məsələni həll etmək mümkün deyil.
Bu gün dünyamız sürətlə dəyişir, inkişaf edir. Artıq dördüncü sənaye inqilabının gətirdiyi yeniliklərin, texnologiyaların əsridir. Bu dövrdə dövlətlər nə qədər çox güc tətbiq edirsə, silaha əl atırsa, o qədər də itki, dövlət üçün problemlərlə qarşılaşırlar. Beləliklə, lokal problemlər regionlaşır, regional problemlər isə qloballaşır.
1945-ci ildə yaranmasının əsas məqsədi dünyada sülhün qorunmasına xidmət göstərmək olan Birləşmiş Millətlər Təşkilatı mövcud münaqişələrin həllinə dialoq vasitəsilə təsir göstərə bilmədiyindən nüfuzunu ciddi şəkildə itirməkdədir. Bu baxımdan müxtəlif beyin mərkəzləri, dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər sülh naminə davamlı və qeyri-rəsmi dialoq yaratmaq üçün digər platformalara üz tuturlar. 1963-cü ildən keçirilən Münxen Təhlükəzilik Konfransı bu gün sülhə nail olunması istiqamətində öz əhəmiyyəti ilə seçilən platformalardandır.
Münxen Təhlükəsizlik Konfransı daha çox lokal problemlərin həllində beynəlxalq, yerli mütəxəssisləri, tədqiqatla məşğul olan insanları, dövlət və hökumət başçılarını, nüfuzlu şəxsləri, beyin mərkəzlərini bir araya toplayaraq münaqişədə subyekt olaraq iştirak edən tərəflər üçün daha aydın geosiyasi mənzərəni ortaya qoymağa xidmət edir.
Azərbaycan öz növbəsində 2008-ci ildən başlayaraq mütəmadi olaraq həm ölkə başçısı, həm də nazir səviyyəsində Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində iştirak edir. Keçdiyimiz günlərdə MTK-nın sayca 59-cu görüşünə dəvət olunmuş az sayda dövlət başçılarından biri də Prezident İlham Əliyev idi. Cənab Prezidentin artıq 6-cı dəfə bu Konfransda iştirak etməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Cənubi Qafqazda 2020-ci ildə Azərbaycanın yaratdığı reallıqların bir daha bütün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.
Eyni zamanda MTK çərçivəsində 17-18 fevral tarixlərində Prezident İlham Əliyevin Avropa İttifaqı Prezidenti Şarl Mişel, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmidlə ikitrəfli görüşləri ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və sosial-iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi.
Cənab Prezidentin Konfransın əsas proqramı çərçivəsində həmçinin keçirilən “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada, daha sonra “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi artıq Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələlərin mötəbər platformalarda beyin mərkəzlərinin, dünya ictimaiyyətinin maraq dairəsində olduğunun əyani sübutdur.
Plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin eyni zamanda bir platformada görüşmələri doğrudan da tarixi bir hadisə idi. Cənab Prezident Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan məharətlə istifadə edərək sülh gündəliyini prioritet olaraq ortaya qoydu, Ermənistan baş nazirinin qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalarını bir daha məhv etdi.
Fəxarətlə deyə bilərik ki, 2020-ci ildə keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin görüşü 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərlə nəticələndi. İnanırıq ki, MTK çərçivəsində keçirilən bu ilki görüş bir daha Azərbaycanın növbəti qələbəsi ilə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, Böyük Sülh Sazişinin imzalanması ilə nəticələnəcək.