“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”.
Bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.
O, Hacı Şahinin son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığı tibbi məlumatları bölüşüb: “Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016-cı ildən) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində də bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sindrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb”.
R. Mahmudovun sözlərinə görə, bu hadisə müalicə olunmayan ürək xəstəliyi səbəbindən baş verib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, geniş miqyaslı İnfarktla ölümə səbəb olmuşdur. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, gəlirəm deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş vermişdir.
Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir suistimal və s. var isə hadisəyə aydınlıq gətirəcək”.
Qeyd edək ki, tanınmış ilahiyyatçı ötən gün 48 yaşında vəfat edib. TƏBİB Hacı Şahinin ürəktutmadan öldüyünü açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.