AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin ən görkəmli təbliğatçısıdır

  • + A
  • - A
  • 3-03-2023, 17:03

    Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin ən görkəmli təbliğatçısıdır


    Hazırda ölkəmiz özünün ən şərəfli və çətin dövrünü yaşayır. Nəhayət 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Qarabağ və Şərqi Zəngəzuru azad olunaraq, ərazi bütövlüyümüz təmin edildi. Artıq bölgədə yeni reallıq yaranır. Digər tərəfdən isə dünyada yeni nizam yaranmaqdadır. Belə bir gərgin və məsuliyyətli zamanda superdövlətlər əhatəsində olan Azərbaycan müstəqil, suveren dövlət olaraq öz varlığını, gələcək taleyini möhkəmləndirmək formulasını araşdırır, axtarır. Ölkə başçısı İlham Əliyevin şəxsi nüfuzu, onun gələcəyə yönəlmiş hədəfləri düzgün qiymətləndirmə bacarığı, diplomatik məharəti, praqmatik qərarları dövlətimizin imkanlarını artırır. Əlbəttə ki, strateji təməl nə qədər sarsılmazdırsa, möhkəm dayaqlara malikdirsə, o dövlətin də belə bir mürəkkəb vəziyyətdə özünəməxsus yer alması da bir o qədər güclü olar. Bu mənada biz çox xoşbəxt xalqıq. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın ən çətin anlarında öz həyatı və ailəsinin həyatı bahasına olsa belə dövləti qoruyub saxlamışdır. Bu dahi siyasətçi XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndərin əsas məqsədi insanları müstəqillik ideyası ətrafında birləşdirmək idi : “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.” Böyük siyasətçi yaxşı anlayırdı ki, bunun üçün çox çalışmaq, mübarizə aparmaq lazımdır. Ancaq ən mühüm olan isə insanların təfəkküründə dövlətçilik ideyasını aşılamaq idi. O dəfələrlə çıxışlarında vurğulayırdı ki, “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” Hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışırdı. Bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdir.

    Ümummilli Liderin uzaq görən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real fundamentlər qoyulurdu. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə “sovet ideologiyası” nın əsas olduğu bir zamanda, Heydər Əliyev “milli ideologiyanın”, “azərbaycançılığın” formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. Azərbaycan dövlətçilik tarixini mükəmməl şəkildə bilən Ulu Öndər sovet dövründə , bunu açıq səsləndirməsə də, bütün fəaliyyəti ilə sanki bizim təfəkkürümüzə təsir edir, milli hisslərin oyanmasına çalışırdı.

    Xalq haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan xilas oldu. Ulu Öndər deyirdi ki, “ Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Həmin dövrü hamımız yaxşı xatırlayırıq, bir tərəfdən Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımız işğal etmişdi, ölkə idarəolunmaz bir vəziyyətə gəlmişdi, digər tərəfdən isə dövlətimizi sevməyən , onun müstəqil olmasını istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə edərək onu daxildən parçalamağa can atırdı. Bütün bu çətinlikləri görən Ulu Öndər müxtəlif təbəqələrlə görüşür, onlara məsələnin əsl mahiyyətini izah edirdi. O, 1993-cü ildə avqustun 13-də Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşü zamanı bu məsələyə toxunaraq qeyd edirdi ki: “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur.” Ulu Öndər çalışırdı ki, insanlar kimlərinsə təsiri altına düşməsin, onların əsl məqsədlərinin nədən ibarət olmasını anlasınlar. Böyük cəsarətlə 1993-cu ildə iyulun 6-da “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində də qətiyyətlə bildirmişdir ki, “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.”

    Bunun üçün Azərbaycanın güclü bir dövlət olması lazım idi. 1993-cü ildə oktyabrı 18-də Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa təbrik edərkən, bir daha çağırış edərək bildirdi ki, “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Strateji məqsədlərə çatmaq, müstəqilliyi qoruyub saxlamaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa bir zamanda, lakin çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı. İqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır.” Bu gün biz onun nə qədər haqlı olduğunu anlayırıq. Onun qoyduğu strateji xətti bu gün çox uğurla davam etdirən və getdikcə daha da gücləndirən Prezident İlham Əliyev dünyada baş verən proseslərin fonunda Azərbaycanı ən mühüm strateji tərəfdaşa çevirdi.

    Bütün görüşlərində ərazi bütövlüyümüzün bərpası məsələsinə toxunan Ulu Öndər bunu ən ümdə vəzifə olduğunu bildirirdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Prezident, Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına 44 gündə son qoydu. Gələcək nəsillər qarşısında üzümüz ağdır.

    Müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclis fəaliyyəti xaotik idi. Bura sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdir. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyi nəticəsində, qanunvericilik sahəsində də böyük islahatlar edildi. Onun sivil dövlət quruculuğu ideyalarını yaşadan Milli Məclis bu işdə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir. Xüsusi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu.

    Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardıca reallığa çevirirdi. Tarixi varislik prinsiplərini əsas götürməklə, bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyatda, diplomatiyada, insan hüquq və azadlıqlarının qorunmasında, dövlət atributlarının təbliğ olunmasında biz bu varisliyi görə bilərik. Tək bir faktı misal gətirməklə, fikrimi əsaslnadırmaq istərdim.17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir. Və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.” Biz hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir: “ Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir!”

    Hicran Hüseynova
    Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
    professor


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR