Azərbaycanın bir sıra dövlət strukturlarının rəhbərlərindən ibarət nümayəndə heyəti informasiya sahəsində əməkdaşlığı müzakirə etmək üçün Özbəkistanda səfərdədir.
Azərbaycan Audiovizual Şurasının sədri İsmət Səttarovun başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi Daşkənddə Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin baş direktoru Əsədjon Xocayev ilə görüşüb.
Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi məsələləri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, media sahəsində əlaqələrin inkişafı üçün konkret layihələrin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Özbəkistan tərəfi Azərbaycanın media və informasiya sahəsində və saxta xəbərlərlə mübarizə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib. Danışıqlar zamanı iki ölkənin aparıcı xəbər agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumatların dünyaya çatdırılmasının vacibliyi, bu istiqamətdə mətbuatın böyük rolu qeyd olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzində olub. Mərkəzin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən Mərkəzdə Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi, Azərbaycan Tarixi və Dövlətçilik Muzeyi və Xalça Muzeyi təmsil olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.