AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tahir Mirkişili: Azərbaycan və Türkiyə üçün milli müstəqillik ən önəmli dəyərlərdən biridir

  • + A
  • - A
  • 6-04-2023, 09:32

    Tahir Mirkişili: Azərbaycan və Türkiyə üçün milli müstəqillik ən önəmli dəyərlərdən biridir


    İqtisadiyyatın inkişafında sənayenin rolu xüsusi əhəmiyyətə malikdir. Çünki məhz sənayenin inkişafı məhsul istehsalında rəqabət üstünlüyünü təmin edən əsas amillərdən biri sayılır. Son zamanlar sənayenin inkişafı həm də texnologiyaların aktiv tətbiqi ilə uzlaşmaqdadır. Həm istehsal prosesi, həm də istehsal olunan məhsulun istifadəsi zamanı informasiya texnologiyalarından geniş istifadə günümüzün əsas tələbidir.

    Sənaye istehsalının inkişafını göstərən əsas məhsullardan biri məhz avtomobil istehsalıdır. Dünyanın bir çox ölkələri bu sahədə ciddi rəqabət aparır. İstehlakçı zövqünü oxşamaq tələbi ilə üzləşən istehsalçıların daim yenilikləri tətbiq etmək və texnologiyaları izləmək məcburiyyətində olmaları bu prosesi kifayət qədər mürəkkəbləşdirir. Bütün bu şərtlər daxilində qardaş Türkiyənin milli “Togg” elektromobilini istehsal etməsi bu sahədə mühüm yenilikdir və Türkiyə sənayesinin inkişafına mühüm dəstək olacaq.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

    O bildirib ki, ilkin hesablamalara görə, bu layihənin yaratdığı ekosistem 15 il ərzində Türkiyə Ümumi Milli Məhsula 50 milyard avro, cari hesab kəsirinə 7 milyard avro töhfə verəcək, birbaşa və ya dolayı yolla təxminən 20 min adamın işlə təmin olunmasına şərait yaradacaq: “Ümumiyyətlə, son illər Türkiyə mühəndislərinin həyata keçirdikləri texnoloji layihələr – pilotsuz uçan aparatlar, təyyarələr, helikopterlər, Altay tankı, rabitə vasitələri, avtomobil kimi layihələr sürətlə inkişaf edən dünya iqtisadiyyatında və texnologiyalarında Türkiyənin və onun dostlarının özünəməxsus yer tutmasına səbəb olmaqdadır. Azərbaycan Türkiyə ilə qardaş ölkədir, biz bir millət, iki dövlətik. Getdikcə daha çox inteqrasiya olunan iqtisadiyyatlarımız uğurlarımızın da birgə olmasını şərtləndirir”.

    Tahir Mirkişili qeyd edib ki, dövlətimizin başçısı daim yenilikləri dəstəkləyən və ona açıq olan iqtisadi siyasət yürüdür. Ölkəmizdə də avtomobil yığımı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, müdafiə sənayesi sahəsində xeyli uğurlar əldə edilib. Hər iki ölkənin texnologiyalar sahəsində aktiv əməkdaşlığının artıq şahidi olmaqdayıq. Elmi tədqiqat, birgə investisiya istiqamətində birgə düşüncələr həm Azərbaycanın, həm də Türkiyənin, bütövlükdə isə Türk dünyasının inkişafı üçün çox mühüm gələcək vəd edir.

    “Azərbaycan və Türkiyə üçün milli müstəqillik ən önəmli dəyərlərdən biridir. Milli müstəqilliyi təmin edən ən vacib vasitələrdən biri isə texnoloji müstəqillikdir. Bu baxımdan Azərbaycan və Türkiyə prezidentlərinin hər iki ölkədə milli texnoloji həmlələri dəstəkləmələri bu sahələrin inkişafı üçün açar rolunu oynayır. Əminəm ki, bu istiqamətdə yeni layihələr həyata keçdikcə, iqtisadi sahədə də hər iki ölkənin əldə edəcəyi faydalar artacaq, ümumi iqtisadiyyatın daha sürətli inkişafı reallaşacaq”,- deyə deputat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR