AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Ülvi Quliyev - “Fərqimiz bundadır...”

  • + A
  • - A
  • 16-04-2023, 20:34

    Deputat Ülvi Quliyev - “Fərqimiz bundadır...”


    Ülvi Quliyev,
    Milli Məclisin deputatı,
    Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti



    Bakı, 16 aprel — Azadmedia.az


    Bir neçə gün əvvəl Azərbaycan Ordusunun əsgərləri-Aqşin Bəbirov və Hüseyn Axundov vizual görüntünü əhəmiyyətli dərəcədə məhdudlaşdıran əlverişsiz hava şəraiti səbəbindən Ermənistan ərazisinə keçmiş və orada əsir alınmışlar. Hadisədən sonra sosial şəbəkələrin erməni seqmentində yayılan videogörüntülərdən məlum oldu ki, əsir götürülən Hüseyn Axundova qarşı amansız fiziki işgəncələr tətbiq edilib və o, sağlam insan təfəkkürünə sığmayan qəddar rəftarla üzləşib.

    Bu görüntülər sübut edir ki, Ermənistan Birinci Qarabağ müharibəsində azərbaycanlı hərbi və mülki əsirlərə qarşı törətdiyi zorakılığa görə cəzasız qaldığından, beynəlxalq səviyyədə sanksiyalarla üzləşmədiyindən bu gün də 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edir. Əslində, görünən odur ki, bəzi beynəlxalq təşkilatların susqunluğu və aşkar etinasız münasibəti, bir başqalarının isə “dişsiz” bəyanatları Ermənistanı yeni cinayətlərə həvəsləndirir. Elə ona görə də Ermənistan bəşəri dəyərlərə və beynəlxalq hüquqa dövlət səviyyəsində göstərdiyi hörmətsizliyi bu gün də davam etdirə bilir. Çünki belə davranış onun dövlət siyasətinin mahiyyətindən irəli gəlir. 27 il boyunca BMT Təhlükəsizlik Şurasının məcburi xarakterli məlum dörd qətnaməsinə məhəl qoymayan və buna görə beynəlxalq birliyin heç bir sanksiyası ilə üzləşməyən Ermənistanda baş verən bu zorakılıq aktı bir daha sübut edir ki, o, vaxtilə cəzasız qaldığına görə beynəlxalq qanunları tapdalamağa və mütərəqqi dünyaya meydan oxumağa cəsarət edə bilir. Əsgərimizə qarşı törədilən vəhşilik həm də bu cəzasızlığın, beynəlxalq hüquqa hörmətsizliyin rəsmi səviyyədə təşviq olunmasının nəticəsidir.

    Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət Bayrağımızın yandırılması isə bir daha təsdiq edir ki, əsir götürülən əsgərimizə qarşı törədilən vəhşilik, əsla, epizodik hal deyil, bu, sistemli dövlət siyasətinin və həmin siyasətin erməni cəmiyyətində təşviq etdiyi milli düşmənçiliyin nəticəsidir. Bu, həm də Njde kimi faşist ideologiyasının daşıyıcılarından birini məqsədli şəkildə milli qəhrəmanı səviyyəsində təbliğ edən Ermənistanın rəsmi siyasətinin iç üzünün göstəricisidir. Ermənilər haqda “məzlum”, “fağır” və “ən qədim millət” nağılını yayan, başqalarını da bu yalanlarına inandırmağa çalışan məlum ölkə və təşkilatlar, indi qoy cavab versinlər və dünyada hər kəs də bilsin ki, iddia etdikləri “mədəni və məzlum” cəmiyyətdə bu cür vəhşilik və vandallıq aktı necə törədilə bilir? Əsgərimizi tək görüb onu amansız işgəncələrə məruz qoyan və Bayrağımıza qarşı vandallıq aktı törədən, savaş meydanındakı ağır məğlubiyyətlərinin əvəzini bayraqdan alan bir cəmiyyət mədəni toplum və “məğlubedilməz xalq” adına iddia edə bilərmi?



    Bu mənzərəni daha acınacaqlı edən odur ki, Dövlət Bayrağımızı yandıran Ermənistan İctimai televiziyasının dizayn-stilist studiyasının rəhbəri Aram Nikolyan adlı bir gerizəkalıdır və o, bu cinayəti Nikol Paşinyanın gözü qarşısında törədir. Guya estetikaya və yaradıcı mühitə aidiyyatı olan birisi bu ağıldadırsa, onda onun bu mühitə aidiyyatı olmayan digər soydaşlarından hansı “ədəbi” gözləmək olar? Erməniləri “ən mədəni millət” kimi təqdim edən, Paşinyanın əyninə isə zorla “demokrat” libasını geyindirməyə çalışan dairələr, yaxşı olardı ki, cəmiyyətlərimiz və dövlət başçılarının davranışları arasındakı təzadlı fərqə diqqət yetirsinlər. Bir tərəfdə Ermənistan baş nazirinin gözü qarşısında Azərbaycan Bayrağını yandıran, buna görə cinayət məsuliyyətindən kənarda qoyulan bir erməni və erməni cəmiyyətində yaşanan eyforiya, digər tərəfdə isə Bakıda keçirilən Avropa Oyunları zamanı erməni əsilli idmançının əlini sıxıb onu mükafatlandıran Azərbaycan Prezidenti və Prezidentimizin bir işarəsi ilə alqış sədalarının ucaldığı idman salonu. Özü də bu unudulmaz səhnə Bakıda o vaxt baş verirdi ki, torpaqlarımız hələ də işğal altında idi, Ermənistan isə BMT qətnamələrinə məhəl qoymadan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirirdi.

    Azərbaycan cəmiyyəti həm də buna görə haqlı olaraq hesab edir ki, Ermənistanda əsgərimizə qarşı göstərilən qeyri-insani rəftarla və Dövlət Bayrağımızın rəsmi törəndə yandırılması ilə bağlı bəzi ölkə və beynəlxalq təşkilatların yalnız narahatlıq ifadə edən bəyanatları yetərli və adekvat deyil. Cəmiyyətimiz tam haqlı olaraq onu da sual edir ki, ukraynalı əsirlərə qarşı edilən vəhşiliyə görə sərt bəyanatlar verən və ciddi sanksiyalar tətbiq edən eyni ölkə və təşkilatlar azərbaycanlı əsirlərə gəldikdə, nədən yalnız narahatlıq ifadə etməklə kifayətlənirlər? Görəsən, əsirlərə yanaşmada fərqli münasibətin, bir halda sərt, digər halda isə mülayim olmağın səbəbi nədir? Nəyə görə Ermənistanın ağır atletika üzrə federasiyasının rəhbəri indidən əminliklə iddia edə bilir ki, baş verən hadisəyə görə onlara qarşı ciddi sanksiya tətbiq olunmayacaq? Nəyə görə insan haqlarından və dünyəvi dəyərlərdən ağızdolusu danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanın hökumət başçısının gözü qarşısında Azərbaycanın Dövlət Bayrağını yandıran birisinin cinayət məsuliyyətindən kənarda qoyulmasına münasibət bildirmir? Nəyə görə əsgərimizə qarşı edilən vəhşiliklə bağlı hay-haray salmırlar? Axı, onlar, hətta, erməni yalanları və ermənilərin maraqları tələb etdikdə, bunu çox böyük həvəslə edirlər!

    Ermənipərəst dairələrin və lobbi təşkilatlarının təsiri və təzyiqi altında belə ayrı-seçkiliyə yol verən, müxtəlif bəhanələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən məlum ölkə və təşkilatlar, nəhayət, fərqində olmalıdırlar ki, Ermənistan kimi digər ölkələrin də təcavüzə və işğalçılıq siyasətinə şirniklənməsinin, müxtəlif coğrafiyalarda separatçı meyillərin baş qaldırmasının səbəblərindən biri də onların eyni mahiyyətli hadisələrə fərqli yanaşması və ikili standartları ilə bağlıdır. Əgər zamanında Ermənistanın işğalçılıq siyasətinə qəti şəkildə dur deyilsə və ona qarşı sərt sanksiyalar tətbiq edilsəydi, separatçılıq bu qədər yayılmaz, təhlükəsiz dünya nizamı indiki qədər təhdid olunmazdı. Amma nəticə çıxarmaq hələ də gec deyil.

    Bütün bunlarla yanaşı, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayədarları, sonuncuların dirijor çubuğu ilə hərəkət edən məlum beynəlxalq təşkilatlar, eləcə də erməni cəmiyyəti bilməlidir ki, Azərbaycan xalqı tarixində yaşadığı faciələrdən, xüsusilə Birinci Qarabağ müharibəsindən sonra keçdiyi məşəqqətli və iztirablı yoldan nəticələrini çoxdan çıxarıb. Xalqımız artıq yaxşı bilir ki, demokratiya və insan haqları pərdəsi altında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən, həmin sənədlərdə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini zaman-zaman şübhə altına alan, erməni separatizminə açıq və ya gizli şəkildə dəstək verən dairələrin yeganə məqsədi, ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqdan və etimadsızlıq mühitini yaratmaqdan ibarətdir. Onların hədəfi nəyin bahasına olursa-olsun, Qarabağda yaratdığımız bugünkü reallığı yenidən dəyişməkdir. Lakin həmin dairələr nədənsə unudurlar ki, bütün demokratik proseslərin təməlində vətəndaş və hakimiyyət münasibətləri, vətəndaşın öz iqtidarına etimad məsələsi dayanır. Dünyanın nüfuzlu beyin mərkəzlərində çox yaxşı bilirlər ki, hakimiyyətə ictimai etimadın, Vətəndaş və Lider birliyinin mövcud olmadığı cəmiyyətlərdə tarixi Zəfərimiz kimi Qələbələr ərsəyə gəlmir və gələ də bilməz. Ermənistanı hələ də qalib kimi görmək istəyən dairələr əbəs yerə özlərini yormaq və erməniləri təxribatlara həvəsləndirmək əvəzinə, onlara izah etməlidirlər ki, nə qədər gec deyil, Azərbaycanın sülh təklifini düzgün dəyərləndirsinlər və bu fürsəti əldən verməsinlər. Ermənistan isə milli düşmənçiliyi, etnik nifrəti, qədim qəbilə təfəkkürünə xas olan barbarlığı təşviq etmək və yeni hamilər axtarışında vurnuxmaq əvəzinə, reallığı qəbul edib sülh və əmin-amanlıq şəraitində yaşamağı, nəhayət, öyrənməlidir. Bunu da bilməlidir ki, qalib Azərbaycan Xalqı, qəhrəman Azərbaycan Ordusu tarixi Zəfərdən sonra Müzəffər Liderinin ətrafında daha sıx birləşib və bu etimadı hansısa qərəzli qətnamələrlə, hərbi təxribat, yaxud terror cəhdləri ilə sınağa çəkmək mənasız vaxt itkisidir. Əksinə, Azərbaycan xalqı bu cür riyakarlığı, dünyanı başına alan ikili standartlar siyasətini gördükcə və yalnız narahatlıq ifadə edən natamam bəyanatları eşitdikcə, 30 il ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə qoyulan bərabərlik işarələrini yenidən xatırlamalı olur. Xalqımız elə buna görə də milli kimliyimizin və milli ləyaqətimizin möhtəşəm rəmzi olan tarixi Zəfərimizin dəyərini, bu Zəfərin altında dayanan Müzəffər imza sahibinin qədir-qiymətini çox yaxşı bilir. Bilir ki, bu Zəfərimizin əbədi olmasının yeganə yolu ermənipərəst dairələrin və bədxahlarımızın məkrli planlarına, imitasiya oyunlarına bir daha aldanmamaqdan keçir. Nə Azərbaycan xalqı, nə də böyük Türk Dünyası bu iyrənc oyunlara aldanmır və onların arxasında dayananları da yaxşı tanıyır. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan qardaş Türkiyə təmsilçiləri Cansu Bektaşın və Qamze Altunun öz qələbələrini Azərbaycana həsr etmələri həm Ermənistana, həm də həmin məkrli dairələrə ən tutarlı idmançı, qardaş cavabıdır. Türk dünyası, hətta, qaydasız və məkrli oyun müəlliflərinə də qaydalı və ədalətli cavab verməyi bütün zamanlarda olduğu kimi, indi də bacarır! Fərqimiz həm də bundadır...



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR