Bakı, 20 aprel — Azadmedia.az
Aprelin 20-21 tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir.
Aprelin 20-də forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzində forumun açılış mərasimi keçirildi.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ölkəmizin tanınmış kino xadimləri və media mənsubları iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın 125 illik kino salnaməsini əks etdirən fotosərgiyə baxdılar.
Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamladı, diqqətə çatdırdı ki, zəngin ənənələrə sahib olan Azərbaycan kinosuna həsr edilən forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilir.
10 gün öncə bu məkanda milli teatrımızın 150 illik yubileyi münasibətilə forumun təşkil edildiyini bildirən nazir iki gün ərzində Azərbaycan və bir neçə xarici ölkədən teatr sahəsinin tanınmış nümayəndələri bir araya gələrək mövcud olan problemləri, müasir çağırışlar və inkişaf istiqamətlərini müzakirə etdilər: “Ümid edirik ki, kinoforum da maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir.
Qeyd edim ki, teatr və kino forumlarından əlavə, “Heydər Əliyev İli” çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçirəcəyik. Bu tədbirlərdə mütəxəssislərin irəli sürdüyü təkliflər təhlil olunaraq Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyətinin 2040-cı ilədək inkişafı ilə bağlı strategiyada nəzərə alınacaq”.
Nazir vurğuladı ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb, 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxıb. Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistemli şəkildə inkişaf etməsi üçün geniş zəmin yaradıb. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.
Ulu öndər Heydər Əliyevin kino sahəsinin inkişafına diqqət və qayğısından danışan Adil Kərimli dedi: “İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri var. “Kino bizim xalqımızın salnaməsidir”, – deyən Ulu öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərib. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılmasına başlanıldı. Həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edildi. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunurdu. Lakin Ulu öndər tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyuldu və Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə milli kino tarixinin başlanğıcı 1898-ci ilin 2 avqust tarixi qəbul olundu. 20 ildən çoxdur ki, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilir”.
Nazir qeyd etdi ki, bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən möhtərəm Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir.
Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Bundan əlavə, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsinə öz töhfəsini verəcək. Bu, eyni zamanda beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsi və eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinematoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək.
Nazir diqqətə çatdırdı ki, mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilib.
Vurğulandı ki, ölkəmizdə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə yaradılan Kino Agentliyi Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasının qoyulmasıdır. Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işlər tamamlanıb. Bu Agentlik vasitəsilə Azərbaycan kino sənayesinin bir çox beynəlxalq birgə layihələrdə, o cümlədən “Evroimaj” kimi nüfuzlu platformalarda müştərək film istehsalında iştirakına, milli kinematoqrafiyaya yeni təcrübələr qazandırmasına, eləcə də audiovizual sahənin iqtisadi fəallığının artırılmasına imkan yaradacaq: “Bu gün Azərbaycan kino sənətinin yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyduğunu deyə bilərik. Bu prosesin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kinomuza marağın yenidən artmasına və milli kinematoqrafiyanın daha da inkişafın təkan verəcəyinə əminik. Lakin onu da vurğulamaq lazımdır ki, bütün bu inkişaf yolu ilə yanaşı, Azərbaycan kino sənətinin bir sıra problemləri də mövcuddur. Forumun da əsas məqsədi kino salnaməmizin zəngin ənənələrini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etmək və rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanmasına nail olmaqdır.
Əminik ki, burada əyləşən audiovizual sahənin dəyərli nümayəndələri bu sahənin kadr hazırlığından başlayaraq bütün istiqamətlərinin araşdırılıb inkişaf etdirilməsində bizə dəstək olacaqlar”.
Nazir vurğuladı ki, kino sahəsində yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan təmayüllərə adekvat olan müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət var: “Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi uğurla qurmusunuz. Sadəcə olaraq, bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac var. Bu baxımdan, kinoforum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. Təbii ki, kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, bu cür dialoqların, bu cür müzakirələrin daha geniş formatda davam etdirilməsi, bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün bu iki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözləyirik”.
Nazir çıxışının sonunda kinoforumun işinə uğurlar arzuladı, bütün iştirakçılara və tədbirin təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.
***
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda çıxış etdi. 2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu deyən aktrisa forumun Ulu öndərin 100 illik yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirdi: “Ulu öndər Heydər Əliyevin kinonun inkişafında müstəsna xidmətləri var. Kino tariximizin uğurlu layihələri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Filmlərimizin SSRİ Dövlət mükafatına layiq görülməsində, həm Azərbaycan, həm də Moskvadakı fəaliyyəti zamanı sənət üçün xidmətləri əvəzedilməzdir. Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra milli kinomuzun həyatında ciddi dönüş yaranmağa başladı. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Bu diqqət və qayğıya görə kino ictimaiyyəti ölkəmizin rəhbərinə təşəkkür edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev kino sahəsində mütəxəssislərin yetişdirilməsi, rejissor və ssenarist nəslinin təhsilinə diqqətdən söz açdı. O, ümumbəşəri mövzularda da filmlərin çəkilməsinin vacibliyini diqqətə çatdırdı.
Xalq artisti, rejissor Oqtay Mirqasımov kino sahəsində universal və əbədi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd etdi. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uyğunsuzluğundan danışan rejissor milli dəyərlərə cavab verməyən filmlərin nümayişini ciddi narahatlıq doğurduğunu bildirdi.
Çıxışlarda sonra Azərbaycan kino tarixini əks etdirən videoçarx nümayiş olundu.
Daha sonra kinoforum panel sessiyalarla öz işini davam etdirdi.